Dünyanın ən bahalı ölümü... Əfsanə Kamal yazır
10 Fevral 2023 09:55 SosialƏfsanə Kamal
...6 fevral sabahı heç nədən xəbərsiz işə yollanıram. Telefona baxmağa vaxtım olmayıb.
Taksiyə bir dayı əyləşdi. Sürücüyə irad bildirdi ki, "musiqinin səsini azalt, bizə yaraşmır. Türkiyədə zəlzələ olub". Elə həmin an düşüb qaçmaq istədim. Hara qaçacağımı bilmədən... Unutmuşam ki, hara qaçsam da, ağlım mənimlə gələcək. İşə gələn kimi kompüteri açıb, son 1 əsrdə olan ən böyük dağıntını görəcəkdim...
Gördüm. Kaş, görməsəydim. "Pişiyimi məndən öncə çıxarın" deyən azyaşlını, dağılan binanın altından gələn səsləri, 6 nəfərlik ailədən sadəcə 1 körpənin sağ çıxdığını, evi baha qiymətə verən ev sahibi ilə kirayəçinin eyni atəşin kənarında isindiyini, dağıntı altında ayağı sınıq halda uşaq dünyaya gətirən hamilə qadını, körpəsini çıxarsınlar deyə qolunun kəsilməsinə razı olan atanı gördüm, eşitdim, hiss etdim.
Anladım ki, hər şey çox mənasızdı. İnsan həyatından başqa. Bəs, insan həyatını bu qədər ucuzlaşdıran tikinti şirkətlərinə, buna icazə verənlərə nə deyək?
Bu qədər insanın ahı, naləsi, acısı, ürək yanğısı, hayqırtısı yanınıza qalmaz. Milyonlarla türk lirəsi qarşılığında məzar alıblar özlərinə, övladlarına...
Hər zamanki kimi yenə heç kim bunun üçün xəbərdarlıq edən ziyalıları görmədi, eşitmədi.
İnsanlar alimə, ziyalıya yox, falçıya inanacaq qədər çarəsizdir. Çünki, fəlakətdən sonra məlum oldu ki, zəlzələ proqnozunu daha çox verən onlar imiş.
Başımızı itirmişik. Dağıntı bütün əhvalımıza, gələcək planlarımıza kölgə salıb. Hər axşam qorxa-qorxa yuxuya gedən 80 milyonluq xalqın qonşusu necə rahat yatsın?
Elə ilk gündən yardım üçün səfərbər olmuşuq. Türkiyə qiyaməti yaşayıbsa, şahidi biz olmuşuq. Fəlakətdən artıq 3 gün keçib. Hələ də xilasedicilərin olmadığı yerlər var. İnsanlar sağ çıxsa da, aclıqdan, soyuqdan həyatlarını itirirlər.
Bu, faciədir.
Problemlər nə qədər çoxdur, görürsünüz. Hansı birini yazacağımı bilmirəm. Ancaq, izləyir və dua edirəm. Musiqi dinləmirəm, yardım çantasına dikdaban ayaqqabı qoymuram, tik-tokda canlı açıb, yardım bəhanəsilə hədiyyə dilənmirəm, sadəcə dua edirəm. Çünki, Türkiyədə zəlzələ olub, bizə yaraşmır.