Əmanətlərdən vergi tutulması kredit faizlərinin artımına səbəb olacaq?
10 Fevral 2023 09:38 SosialVergi Məcəlləsində edilən dəyişikliklər cari ildə bir sıra yeniliklərin tətbiqinə səbəb olacaq. Belə dəyişikliklərdən biri də fiziki şəxslərin əmanətlərindən vergi tutlması ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. 1 fevral 2023-c ildə həmin müddət başa çatır. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə güzəşt müddətinin uzadılması isə nəzərdə tutulmayıb. Maraqlıdır, sözügedən dəyişiklik banklara və fiziki şəxslərə hansı təsirini göstərə bilər?
Millət vəkili Vüqar Bayramov bildirib ki, əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı: "Doğrudur, bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı ildə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 faizdən çox artıb. Bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır". V. Bayramovun fikrincə, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna təsir göstərə bilər: "Bu, milli valyutada yığımlara marağı azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 faiz idisə, indi bu rəqəm 61 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı, vergi güzəştləri də manatla yığımlara marağı artırmışdı".
Onu da qeyd edək ki, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar yaranıb. Millət vəkili bildirib ki, dəyişikliklərdə ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur: "Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 8 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər. Bir daha qeyd etmək istərdim, sizin kartınınz sizə faiz gəliri gətirmirsə heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz".
Bəs, əmanətlərdən vergi tutulacağı halda kredit faizləri artacaqmı? Millət vəkilinin bildirdiyinə görə, Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalmas baş verməsin: "Bu isə əslində o deməkdir ki, Azərbaycanda kredit faziləri yenidən arta bilər. Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir. Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda kreditlər bahalaşacaq. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faizdir. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir".
Alim