“Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda tədbir keçirilib - ÖZƏL
9 Fevral 2023 11:32 SosialYardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gavran kənd tam orta məktəbində "Sağlam həyat naminə narkomaniyaya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, zərərli vərdişlər barədə şagirdləri maarifləndirmək məqsədilə keçirilən tədbirdə çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən "ağ ölüm" ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən danışıb və təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb. Daha sonra çıxış edənlər narkomaniya və erkən nikahların fəsadları haqqında ətraflı məlumat verib, sağlam həyat tərzinin üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonda şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb və mövzularla əlaqəli videoçarx nümayiş olunub.

