Türkiyədə zəlzələdən zərərçəkmiş vətəndaşlarımız Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar
8 Fevral 2023 21:30 SosialTürkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan vətəndaşlarımızı Türkiyə-Gürcüstan "Sarp" sərhəd-keçid məntəqəsində qarşılayıblar.
Vətəndaşlarımıza yolboyu yemək və digər xidmətlər göstərilib. Fevralın 8-də axşam saatlarında Azərbaycan vətəndaşları səfirlik əməkdaşlarının müşayiəti ilə "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən Vətənə yola salınıblar.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.