Fəxri ad vermədilər, beyninə qan sızdı, təcili yardım gələnə qədər dünyasını dəyişdi – Kinomuzun “Bradyaqa”sı
3 Fevral 2023 16:26 SosialKulis.az aktyor Gümrah Rəhimov haqqında maraqlı faktları təqdim edir.
Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olub. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə gedir, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçir, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir.
***
Uşaqlıqdan yaxşı səsi olan Gümrah, elə uşaq yaşlarından hind və türk mahnılarını oxumağı çox sevir. Buna görə də böyük qardaşlarının məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxil olur.

Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şöbəsinə işə götürülür. İşlədiyi az müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynayır.
***
Gümrah Rəhimov "Qaçaq Nəbi" filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. O, "Bəyin oğurlanması" filmindəki "Brodyaqa" obrazı ilə tamaşaçılar tərəfindən çox sevilib.
***
Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar ilə fərqlənib. O, "Bəyin oğurlanması" , "Dədə Qorqud" , "Qaçaq Nəbi" , "Qərib Cinlər diyarında" , "Tütək səsi" , "Babək" , "Nəsimi" filmlərində oynayıb.

Rejissor və aktyor Əbdül Mahmudov Gümrah Rəhimovla bağlı xatirələrində deyir: Rejissoru olduğum bütün filmlərdə Gümrah rol alıb. Kinostudiyada ona Gümrah deyən az adam tapılardı. Hamı ona "ölüm" deyərdi, çünki qəribə bir şirinliyi vardı. Bir dəfə Kəlbəcərdə çəkilişdə idik. Elə oldu ki, Gümrah Gürcüstana - doğulduğu bölgəyə getməli oldu. Biz də ona tapşırdıq ki, qayıdanda əliboş gəlmə, bizə siqaret gətir. Onda Gümrah çəkiliş vaxtı məşhur aktyor Şahmar Ələkbərovla bir otaqda qalırdı. Gürcüstandan qayıdanda Şahmara, mənə, bir də Rasim Balayevə bir blok siqaret hədiyyə elədi. Bizə düşən payı çəkdik qurtardıq, gördük ki, Gümrah hər gün bir dənə siqaret çəkir. Nəysə, Rasimlə Şahmar bir gün bunu izləyib, siqaretin yerini tapdılar. Heç Gümraha demədən, hər gün bir qutu siqaret götürüb çəkirlərmiş. Gümrah da siqaretin əskildiyini görüb heç kimə bildirə bilmirmiş. Çünki hamıya demişdi ki, gətirdiyi bütün siqaretləri paylayıb. Bir gün istirahət vaxtı Şahmarla Rasim siqaret çəkəndə Gümrah dözməyib dedi ki, "ayə ölüm, mən siqareti gizlətmişəm ki, arada özüm çəkim. Utandığımdan söz də deyə bilmirəm, siz axı bütün bloku çəkib qurtardınız".

Bir-birindən maraqlı rollar yaratsa da, Gümrah fəxri ad almayıb. Deyirmiş ki, "heç kimin qapısını döyüb ağız aça bilmərəm ki, mənə ad versin. Çünki birdən müraciət edərəm, mənə ad verməzlər, bu da məni çox utandırar".
Gümrah Rəhimovun ortancıl övladı Günay Rəhimova müsahibələrinin birində deyir: "Bir dəfə həyətdə uşaqlarla oturmuşdum. Atam da bizi müşahidə edirmiş, görüb ki, yanımdakı uşağın ayaqqabısına maraqla baxıram. Axşam evdə olanda məndən soruşdu ki, "yaman maraqla baxırdın qızın ayaqqabılarına, nə olub belə?". Dedim ki, "heç, çox xoşum gəldi, ona görə baxırdım". Əslində evdə ayaqqabım çox idi, amma uşaqları bilirsiniz də, təzə nəsə olanda ondan istəyirlər. Hə, elə bircə kəlmə onu soruşdu. Səhəri gün gördüm ki, mənə həmin ayaqqabıdan alıb gətirib".
***
Gəncliyində çox yaraşıqlı olan Gümrahın evlənmək yaşı çatanda, ona qız bəyəndirmək müşkülə çevrilir. Ailəsi ona çox qız göstərib ki, bəlkə birini bəyənib evlənə. Ancaq o, evlənəcəyi qadını özü seçmək istəyir. Sonradan o, qonşuluqda qalan Nuriyyə adlı xanımla bir-birlərini sevib ailə qururlar.

İki qızdan sonra oğlu Kərim dünyaya gələndə çox sevinir. Necə deyərlər, 40 gün, 40 gecə toy-bayram edir. Qızı Günayın aktrisalıq qabiliyyəti olsa da, ona kinolara çəkilməyə icazə vermir.
Təzyiqi yüksək olduğuna görə həmişə üstündə dəmir əşya gəzdirib. Bir gün halı lap pisləşir, xanımı da evdə olmur. Övladları təcili yardıma zəng vursalar da, artıq gec olur. Aktyorun damarı partlayır beyninə qan sızır. O hadisədən sonra onu müayinə və müalicəsi üçün bir çox həkimlərin yanına aparırlar. Dostlarının hamısı səfərbər olur ki, o, ayağa qalxsın. Lakin xeyri olmur.
***
Gümrah Rəhimov dünyasını dəyişəndə, xanımı yas yerində olur. Yoldaşı evdən çıxmazdan əvvəl Gümrah ona deyir ki, bəlkə getməyəsən, "nəsə bir təhərəm, danışanda əziyyət çəkirəm". Xanımı isə zarafata salıb deyir, heç nə olmaz sənə. Həmin söhbətin üstündən bir saat keçmir ki, o, mətbəxə su içməyə gedəndə, yıxılır və 1994-cü il martın 24-də dünyasını dəyişir. Fəxri Xiyabanda dəfn olunur.