"Media subyekti reyestrə daxil ola bilmirsə, qanunu qaralamaq doğru deyil"- ÖZƏL
3 Fevral 2023 14:15 Sosial""Media haqqında qanun" 1 ildən çoxdur ki, tətbiq olunmağa başlayıb. Başladığı andan etibarən media aləmində indi və gələcəkdə yaradacağı imkanlar baxımından yüksək qiymətləndirilir. Ortada yaxşı nəticələr var. Təəssüf ki, bəzi şəxslərin media reyestri ilə bağlı mənfi fikirlərinə rast gəlirik. Əgər hansısa media subyekti və ya nümayəndəsi reyestrə daxil ola bilmirsə, bütövlükdə "Media haqqında qanun"unu qaralamaq doğru deyil. Reyestrdə qeydiyyatdan keçə bilmək üçün müəyyən meyarlar var. Hər hansı fəaliyyət növü əvvəlcədən müəyyən edilən kriteriyalara söykənir. Həmin kriteriyalar heç də bütün hallarda hər kəsin mənafeyinə cavab vermir. Əgər media subyekti və ya jurnalist hər hansı meyarla razı deyilsə, həmin şərtin dəyişdirilməsi üçün fikir bildirməlidir. Bu, zaman konstruktiv nəticə əldə edə bilərik".
Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib:
"Yəqin ki, yaxın gələcəkdə qanunun 2-3 illik fəaliyyətindən sonra ortaya çıxan nəticələr zamanı hansısa dəyişiklik üzərində düşünmək olar. Bütün hallarda "Media haqqında qanunu", reyestr fəaliyyətini qaralamaq qəti şəkildə yolverilməzdir. Bəzi hallarda media subyektləri, jurnalistlər özlərinin şəxsi maraqları ilə ziddiyətə girdiyi üçün qanunu qaralayır. Görünür ki, müəyyən qaranlıq dairələr, hətta, xaricdən idarə olunan şəxslərin təsiri altında edənlər də var. Hansı ki, reyestrə qarşı çıxışlar məqsədli şəkildə kənardan olan qüvvələrlə idarə olunur. Belə kampaniyalarda iştirak edənlərin fəaliyyətinə heç cür haqq qazandırmaq olmaz. Qanuna və reyesterə qarşı münasibət, tənqid belə sağlam olmalıdır".