Kişilər elə düşünür ki, pulu qadına verir - ÖZƏL

Alimentdən yayınanlarla bağlı cəza mexanizmi sərtləşdirilməlidir

"Qiymətlərin kəskin bahalaşması fonunda əsas aliment problemləri də bir tərəfdən insanların, tənha uşaqlı anaların işini zülmə salır. Heç kim boşanmanın tərəfdarı deyil, amma bu baş verdikdən sonra artıq digər məsələlərin həllinə fokuslanmaq lazımdır. Məhkəmə qərar verir, aliment kəsilir, amma çox hallarda bu pul ödənmir. Kişilər elə düşünür ki, pulu qadına verir... Birinci ona başa salmaq lazımdır ki, bu pul onun öz uşaqları üçündür..." "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının Qadınlar Şurasının sədri Almaz Məmmədova deyib. Bildirib ki, bu məsələdə əsas problem məhkəmə qərarlarının icra olunmasındadır. Ədliyyə Nazirliyinin icraçıları aliment məsələsində məhkəmə qərarlarının icrasına çox məsuliyyətsiz yanaşırlar. Demək olar ki, hər gün bu cür şikayətlərlə qarşılaşırıq: "İkinci əsas problem isə İcra Hakimiyyətlərindəki qəyyumluq şöbələri ilə bağlıdır. Boşanan ailələrdə uşaqların necə yaşadığını, hansı çətinliklərlə üzləşdiklərini, ac-susuz qaldıqlarını araşdırmaq qəyyumluq şöbələrinin heç yadlarına belə düşmür. İndiyə qədər xırda istisnalar olmaqla, kiminsə gedib hansısa ailədə uşaqların hansı vəziyyətdə olduğunu yoxladığını görməmişik. İstisna isə odur ki, hansısa hadisə baş verəndən sonra gedib kameraya bir-iki poz verib görüntü yaradırlar. Yaxşı olardı ki, aliment məsələsi ilə ağlı qanun dəyişikliyinə gedilsin. Ən azında alimentdən yayınanlarla bağlı cəza mexanizmi sərtləşdirilsin. Bəlkə bu, problemi müəyyən qədər həll edə bilər. Amma ən yaxşı üsul dövlət Aliment Fondu yaratsın, bir növ boşanan ata və ana arasında vasitəçi rolunu oynasın. Alimenti Fond ödəsin, sonra özü atadan (anadan) həmin vəsaiti alsın. Bu, problemin həllinə hələlik yeganə çarə kimi görünür. İkinci məsələdə isə İcra Hakimiyyətlərinə xüsusi tapşırılar verilməlidir ki, aylıq hesabatlar hazırlayıb ictimaiyyətə açıqlasın. Məsələn, bir ayda neçə problemli ailəyə gediblər, hansı problemlərlə qarşılaşıblar, qarşılaşdıqları problemin həlli üçün hansı işlər görüblər... Belə olmasa, bu cür problemlər həll olunmayacaq, vəziyyət isə getdikcə daha da ağırlaşacaq. Nəzarət çox vacib məsələdir..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31