Media Reyestrinin yaradılması sistemsizliyə son qoydu - ÖZƏL
3 Fevral 2023 12:22 Sosial"Media haqqında" qəbul edilən son qanun Azərbaycanın informasiya məkanının gələcək inkişafında xüsusi önəm kəsb edir". Bunu "Olaylar"a Həftə içi və hafta.az saytının redaktoru Azad Əliyev deyib. Bildirib ki, bu qanunun qəbulu ilə media sahəsində mövcud olan pərakəndəlik, boşluqlar aradan qaldırıldı. Həm ənənəvi, həm də yeni medianın fəaliyyət sərhədləri, hüquqları müəyyənləşdirildi. Kütləvi İnformasiya Vasitələrinin cəmiyyətdə nüfuzunun artmasına səbəb oldu: "Qanunun tələblərinə uyğun olaraq Media Reyestrinin yaradılması, jurnalistlər üçün əlavə imkanlar və güzəştlərin müəyyənləşdirilməsi, dövlət dəstəyinin davamlı mahiyyət alması, həm çap, həm də informasiya saytlarını əhatə etməsi bu sahədə uzun illər mövcud olan sistemsizliyə son qoydu. Təbii ki, media daim inkişaf edən, yeni elementləri özündə ehtiva edən bir sahə olduğu üçün "Media haqqında" qanun da daim təkmilləşdirilməli, KİV-in inkişafına daha geniş imkanlar yaratması üçün təkmilləşdirilməlidir. Lakin indiki mərhələdə mövcud qanunu qənaətbəxş saymaq olar".