23 qadın sahibkar “Biznesdə qadınların gücü” layihəsinə qatılacaq
31 Yanvar 2023 12:54 Sosial2022-ci ildə start verilmiş "Biznesdə qadınların gücü" layihəsində iştirak edəcək qadın sahibkarların seçimi başa çatıb. "Olaylar" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Rabitəbank" ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 134 müraciət daxil olub. Layihənin Münsiflər Heyəti tərəfindən Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən 23 qadın sahibkar seçilib. Onlar kənd təsərrüfatı, emal, qida, yüngül, yaradıcı və digər sahələrdə fəaliyyət göstərirlər.
Qeyd edək ki, "Biznesdə qadınların gücü" layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, "netvörkinq" tədbirləri təşkil ediləcək. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).