Qarabağ, Qərbi Azərbaycan İcması var, niyə də Güney Azərbaycan İcması olmasın? - ÖZƏL
30 Yanvar 2023 15:25 Sosial"Cənab Prezident İlham Əliyevin verdiyi qərarlar, tarixi mesajlar biz Cənubi Azərbaycanlıların da qəlbində ciddi şəkildə məskən salmışdır".
Olaylar.az xəbər verir ki, bunu bu gün "Güney Azərbaycan İcması"-nın yaradılması haqqında keçirilən iclasda Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz bildirib.
"Biz hər zaman dövlətçiliyimizin yanında olan insanlar olmuşuq. Bu gün də dövlətimizin yanındayıq. Xüsusilə də, cənab prezidentin 24 dekabr Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında dediyi sözlər bir daha bizi əmin etdi ki, biz mütləq şəkildə bu məsələlərdə aktiv şəkildə iştirak etməli, öz rolumuzu oynamalıyıq. Bilənlər bilir ki, Qarabağ, Qərbi Azərbaycan İcması var, niyə də Güney Azərbaycan İcması olmasın? Çünki dünyaya elə ən çox səpələnənlər cənubi azərbaycanlılardır. Say etibarilə də, başına gələnlər etibarilə də cənubi azərbaycanlılar bunu haqq edir. Ən azından bizim haqqımızdır ki, bir-birimizin ətrafına toplanaq, bir-birimizin sözünü eşidək və mahiyyət etibarilə dövlətimizin bizim üçün təyin etdiyi müqəddəs hədəflərə doğru birlikdə hərəkət edək. Bəsdir pərakəndəlik!
Mən hesab edirəm ki, bu gün hamının vətəndaş borcudur ki, ümumi məsələlərlə bağlı mütləq şəkildə öz mövqeyini ortaya qoysun.
Qeyd edim ki, bizim birlikdə toplanmağımız qətiyyən sadəcə siyasi xarakter daşımır. Bizim siyasi qərarlarımızı Ali Baş Komandan verir. Bizim borcumuz dünyada yaşayan cənubi azərbaycanlıların ədəbi, mədəni birliyindən ibarətdir".