Motivasiya mənbəyin - Sənsən!
28 Yanvar 2023 19:41 SosialKama Ahmad
Qadın Kouçu və Motivasiya Spikeri
Uzun zamandır eyni yerdə sayırsan? Motivasiyan azalıb. Səbəblərini, nədə səhv etdiyini anlaya bilmirsən. O zaman aşağıda sadaladığım bəndlərdən biri və ya bir neçəsi sənə aid ola bilər. Vaz keçmə, oxu, bəlkə həyatının dəyişimi burdan başlayacaq...
1. Sən risk etmirsən.
Risk almadan həyatda nəyin sənin üçün olub-olmadığını anlaya, istədiyini edə, istədiyin yerdə ola bilməzsən. Sınamadan nəticə ala bilmərsən. Addımlamaq, təcrübədən keçmək mütləqdir.
2. Sən kömək istəmirsən.
Çox güman ki, hər şeyi özün etməyə çalışırsan: bu siyahı xırda ev işlərindən tutmuş, özünlə bağlı ehtiyac duyduğun professional xidmətlərə qədər uzana bilər.
3. Sən prioritetlərini doğru təyin etməmisən.
Zaman, pul, enerji resurslarının prioritet sıralamasında hələ də səhvlər edirsən. Unutma, pul və enerji bərpa olunan, zamansa bərpa olunmayan 1 nömrəli resursdur.
4. Sən inkişafdan qalmısan.
İnkişafın 3-5 ayda 1 kitabdan o yana çıxmır. Özünü tanıma, şəxsi inkişafla bağlı ən son hansı peşəkar təlimə, kursa və ya seminara qoşulmusan? Ən son özün barədə tək düşünməyə, yazılı təhlil aparmağa nə vaxt zaman ayırmısan? Yazılı hədəflərini ən son nə zaman nəzərdən keçirmisən?
5. Sənin həyatdan və ya insanlardan küskünlüyün var.
Keçmişdə baş verənləri özünə və başqalarına bağışlaya bilməmək sənin keçmişdə ilişib qalmağına səbəb olur. Sənə irəliləməyə mane olur.
6. Sən komfort zonasından çıxmaq istəmirsən. Rahatlığına çox düşkünsən və arzuların sözdən başqa bir şey deyil. Sən hərəkətə keçmirsən.
Bir qədər yuxarıda qeyd etdiyimiz kimi, hər hansı bir işi, layihəni təcrübədən keçirmədən nəticə almaq mümkünsüzdür. Bu baxımdan birinci şərt hərəkətə keçməyə özündə güc tapmaqdır. Yuxarıdakı son iki bənd, daxili küskünlük və komfort zonası qırmızı məxmərlə döşənmiş rahat tabuta bənzəsə də, əslində səni geriyə çəkən səbəblərdir. Unutma ki, qırmızı məxmərlə döşənmiş rahat tabutun xaricində böyüməni, inkişafını təmin edən həyat səni gözləyir.