"Partlayışların çoxunda günahkar vətəndaşlar olur" - ÖZƏL
26 Yanvar 2023 16:46 Sosial"Dəm qazından zəhərlənmələrin bir neçə səbəbi var. Bunlardan biri odu ki, standartlara uyğun olmayan cihazlardan istifadə edilir. Hava çıxışları vaxtında təmizlənmir. Hamam otağında "ptimunutka" deyilən qızdırıcı cihaz işlədilir. Qapıdan hava çıxışı olmur. Bu normalara vətəndaş özü məsuliyyətsiz yanaşır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.
"Dəm qazından qorunmaq üçün qaz dedektoru var. Qaz sızması nəticəsində xəbərdarlıq siqnalı işə düşür. Ölkəmizdəki mənzillərin maksimum 5%-də bu cihazdan var. Başqa bir problem isə keçən ilə qədər qaz istismarı işçilərinə mənzillərə girmək üçün qoylan qadağa idi. Artıq Nazirlər Kabinetinin qərarı ilə mənzillərdə bu yoxlanışlar aparılacaq. Vətəndaşların bir çoxu özbaşına mətbəxin, qaz cihazının yerini dəyişir. Son bir neçə ayda baş verən partlayışlardan biri də bu səbəbdən olub.
Məncə, qaz dedektorları mənzillərdə, ofislərdə məcburi qoyulmalıdır. Olmasa, cərimə tətbiq edilsin. İdarənin işçiləri 3-6 aydan bir baxış keçirsin. Bu baxımdan maddi olaraq çətinlik yaşayan vətəndaşlara yardım göstərilsin. Bu tədbirlər görülməlidir ki, qəza halları azalsın. Səbəblərə baxdıqda isə görürük ki, vətəndaş məsuliyyətsizliyi var. İşi mütəxəssislərə tapşırmaq lazımdır, adi ustalara yox".