Sual verməyin fəlsəfəsi haqqında... Əfsanə Kamal yazır

Yazının başlığını oxuyanda bir çoxuna heç nə aydın olmayacaq. Çünki, bilmirlər həyatda hər şeyin fəlsəfəsi var. Yediyimiz yeməyin belə. Mən isə fəlsəfəni keçdim, bizim vətəndaşların bir-birinə verdikləri suallarda mədəniyyət, insanlıq axtarmağa başlamışam. İstənilən halda bir neçə saat söhbət etdiyiniz biri sizə şəxsi həyatınızla bağlı suallar ünvanlaya bilər. Bizim xislətimiz belədir. Bununla hər birimiz rastlaşmışıq. İnsanların əlində olan, olmayan səbəblərdən yaranan problemləri dilimizlə yaxşıca deşib keçə bilirik. Ancaq, hər şeyin sonunda "sənə nə?" deyə bilsək, qarşımızdakı adamları da "mənə nə?" deyərək, özünə sual verməyə məcbur edə bilərik. İndi biz bu cür toplumdan çıxan jurnalisti, vəkili, polisi, həkimi, müəllimi qınayaqmı?

İşinin peşəkarı olmaq başqa aləmdir. Ancaq, görürəm bir çoxları iş görərkən toplumun bizə qazandırdığı "hədsizlik" prinsipini yox, vicdanını bir kənara atıb işləyir. 

Jurnalistlərin əlinə mikrofon aldıqdan sonra sərgilədikləri "peşəkarlıq" da elə buna nümunədir. Bir dünyaya baxın...

Dünyanın heç bir yerində insanlar öz əməkdar artistini bu cür yola salmır. Xalq tərəfindən sevilib, sayılan hər kəs son mənzilə təmkinli, gözəl şəkildə yola salınır. Bizdə isə istənilən halda əlində mikrofonla qazılan məzarın yanında "stand up" edən lazımsız jurnalistlər olur. Dediyi sözlər isə, adamın gözünün yaşını qurudur. Çünki, niyə orada olduğunu, mərhumu bilmir, tanımır. Gənclər arasında həqiqətən, məzar başında "stand up" edəcək qədər peşəkar jurnalist olduğunu düşünən varmı? 

O halda nəyə görə edirsiniz? Bunların hamısı qeyri-peşəkarlıqdır. Onsuz da sadəcə videokadrlarla insanların acısını ötürmək mümkündür. Sadəcə çəkiliş bəs edir, bizi televiziya başında ağlatmağa. Nəyə lazımdır boş məlumatlar? 

Yaxınını yenicə torpağa verən insanlara fond  haqqında sual veriləndə, həmin sualın qarşısında sakit dayana bilmək də iradə məsələsidir. Heç hənanın yeridir? 

Heçmi yaxınınız ölməyib? İnsanların həmin an hansı psixologiyada olduğunu heçmi düşünmürsünüz? 

Nənəmin bir sözü var idi, "vay, o günə ki, jurnalist savadsız olsun". İndi o günlərə gəlib çıxmışıq. Amma xətrinizə dəyməsin bir söz deyəcəm. Acısı təzə olan insanlara belə sualı vermək, qeyri-peşəkarlıqdan daha çox, insafsızlıq əlamətidir.  Yenə də öz "işinizdir"...

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31