Narkomaniya cəmiyyət üçün böyük bəladır

 

Müasir dövrümüzdə gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır. İnsanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Mütəxəssislər haqlı olaraq onu xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil kimi dəyərləndirirlər. Birləşmiş Millət Təşkilatının 1961-ci il "Narkotik vasitələr haqqında" Vahid Konvensiyası, 1971-ci il "Psixotrop maddələr haqqında" və 1988-ci il "Narkotik  vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir.

Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edib bu bəlanın kökünün kəsilməsi istiqamətində gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur. Gənclərə diqqət və qayğı ilə yanaşmış, "Gələcəyimiz bir çox cəhətdən indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır" söyləmiş müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev gənclərin bu sosial bəladan qorunması üçün daim ciddi səylər göstərmişdir. İlk olaraq bu problemlə mübarizə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti - Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında  öz əksini tapmaqla, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin icrası nəticəsində ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmişdir.  Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" uğurla icra olunmaqdadır.

Onu da qeyd edək ki, narkomaniya və narkobiznes dünyada münaqişə  ocaqlarının,  nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və  mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində  mühüm amillərdən biridir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilməsinə, işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin yeni silahların alınması, terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi təhlükənin miqyasını daha da artırmışdır. Lakin, Prezident İlham Əliyevin düşünülmüş və uğurlu xarici siyasəti nəticəsində İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. İranla dövlət sərhədinin on illərdir düşmən nəzarətində olan 132 kilometrlik hissəsi tamamən sərhədçilərimizin nəzarətinə keçdi və bu müzəffər Azərbaycan Ordusunun əldə etdiyi daha bir strateji qələbədir.

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri və prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsinə dair təsdiq edilmiş 10 fevral 2022-ci il tarixli Tədbirlər planına əsasən yetkinlik yaşına çatmayan şəxslər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin, vətəndaşların narkomanlığa qarşı birgə mübarizəsinin gücləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, təhsil müəssisələrində səlahiyyətli şəxslər və prokurorluq orqanlarının əməkdaşlarının birgə iştirakı ilə mütəmadi olaraq izahat-təbliğat işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Yevlax rayon prokurorluğu tərəfindən yetkinlik yaşına çatmayan şəxslər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin, vətəndaşların narkomanlığa qarşı birgə mübarizəsinin gücləndirilməsi məqsədilə Yevlax RPŞ-nin, Yevlax şəhər İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə 2022-ci il ərzində Yevlax şəhəri üzrə 10-dan çox orta məktəbdə müəllim, şagird və valideyinlər qarşısında yetkinlik yaşına çatmayan şəxslər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin, vətəndaşların narkomanlığa qarşı birgə mübarizəsinin gücləndirilməsi məqsədilə izahat-təbliğat xarakterli çıxışlar edilmişdir.

2022-ci il ərzində də Yevlax rayon polis şöbəsinin Yevlax rayon prokurorluğu ilə birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi daim diqqətdə saxlanılmaqla daha da gücləndirilmiş, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı birgə uğurlu əməliyyat tədbirləri  həyata keçirilmiş və keçirilmiş tədbirlər nəticəsində  800 qram heroin,  19,3 kq marixuana, 250 qram tiryək, 400 qram psixotrop maddə olan metamfetamin, 1 qram metadon, 544 ədəd kultivasiya edilmiş çətənə kolu dövriyyədən çıxarılmışdır. 2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 166 fakt aşkar edilmişdir ki, onlardan da 76 fakt narkotik vasitələri əldə edib saxlama 73 fakt isə narkotik vasitələrin satışı, həmçinin 17 fakt isə tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz olaraq kultivasiya etmə olmuşdur.

Unutmaq lazım deyil ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsinin bəşəriyyətin gələcəyinə böyük təhlükə yaratdığını və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış etdiyini nəzərə alaraq, hər birinizi gələcəyimizi qorumağa, bu bəla ilə fəal mübarizə aparmağa çağırıram.

Yevlax rayon prokurorunun müavini

kiçik ədliyyə müşaviri                                                                               Emil Qurbanov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31