Restoranların bayram fırıldağı- Qiymətlər kəllə-çarxa çıxıb- ARAŞDIRMA
23 Dekabr 2022 10:06 SosialRestoranlar haqqında şikayətlər digər xidmət sahələrində olduğundan daha çoxdur. Şikayətlər daha çox menyu, servis haqqı kimi xidmətlər üzərindən olur. Vətəndaş üçün təqdim edilən menyu ilə sonda gətirilən hesab arasında fərq ortaya çıxması problemə səbəb olur. Bəzi hallarda vətəndaş bu hala etirazını bildirir, bəzən isə yox.
Bayram günlərinin yaxınlaşması ilə əlaqədar menyuda "müvəqqəti" dəyişiklik ənənəsi görülməyə başlayıb. Bayram günləri rəsmi olaraq 3-5 gün nəzərdə tutulsa da, bayramdan ən azı 4 gün əvvəl menyuda qiymətlər kəlləçarxa qaldırılır. Vətəndaşlar alternativ variant tapmadığı üçün bahalı yerlərə üz tutmaq məcburiyyətində qalır.
Bütün bu hallar qanunidirmi?
Cəmiyyətdə bu hallara qarşı hansı fikir formalaşıb?
Problemin sosial tərəfləri ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə həmsöhbət olduq:

"Bu hal bizdə ənənəvi problemə çevrilib. Dəfələrlə deyilməsinə baxmayaraq, öz həllini tapmır. Bütün dünya ölkələrində bayram və ondan öncəki günlərdə cəlbedici, güzəştli endirimlər, kompaniyalar olur. Vətəndaşlar da bundan bəhrələnir. Bizdə isə tam əksidir. Bayram ərəfəsində həm məhsulların həm də, xidmətlərin qiyməti bahalaşır. Bu hal sağlam rəqabətin olmamasından irəli gəlir. Eyni zamanda toplumumuzda ictimai boykotun olmamasının təzahürüdür. Vətəndaşlar bu cür "təhqir" olunduqları yerə üz tutmasalar,boykot etsələr, ortaya nəticə çıxarmaq olar. Ancaq, əksinə vətəndaşlarımızın aldadılmaqdan xoşu gəlir. Bu gün aldadıldığı yerə sabah yenidən üz tutan adamlar var. Belə bir yanaşma sui-istifadə edənlər üçün münbit şərait yaradır. Kütlə psixologiyasından istifadə etmək qaçınılmaz olur.
Sağlam rəqabət mühiti olsaydı, sui-istifadə edən şəxsi yox, digərini seçərdi vətəndaşlar. Bir çox sahədə monopoliya var. Yaxşı yerlərdə olan restoranları "kimlərsə" tutub, ona görə rəqabət yoxdur. İstədikləri qiyməti tətbiq edirlər. Alternativ çox olsa, rəqabət yaranar. Bu hal sadəcə restoranlar üçün yox, otellər, turizm mərkəzlərinə də aiddir. Məsələn, taksi xidmətlərində alternativ çox olduğuna görə, sərfəli xidmət də var.
Problemin yaranmasının iki səbəbi konkretdir. İnsanlar bu kimi hallarla qarşılaşdıqda mediada, sosial şəbəkədə işıqlandırılmalıdır. Vətəndaşları "soymağa" çalışan yerləri hamı tanımalıdır. Bunlar effektiv metoddur. Dünyanın bütün sivil ölkələrində bu metoddan istifadə edilir. İnsanların şüurlu olması, fırıldağa yol vermir. Amerikada ən yaxşı marketinq siyasəti səmimi olmaq, etibar qazanmaq sayılır. Etibar etməkdən daha dəyərli heç nə yoxdur. Müştəri sahibkarın hər zaman səmimi olduğuna inanmalıdır. Ölkəmizdə yolkənarı kafelər kimi "qırdı-qaçdı" prinsipi ilə hərəkət edirlər. Günlük olaraq müştəridən nə qopara biləcəklərinə baxırlar. Sabahı düşünmürlər. Əslində dərs ala biləcəkləri mühit yaransa, bunu etməzlər. Nə qədər ki, alternativlər, ictimai qınaq yoxdur, vəziyyət davam edəcək. Vətəndaşlar Antiinhisar Departamentinə şikayət ünvanlamalıdır. Şikayətlər çox azdır. Var olan şikayətlərə də ciddi tədbir görülmür. Bütün sahələrdə bu biabırçılıqlar var. Ölkədə iaşə obyeklərinə, mağazalara nəzarət edən sistem olmalıdır"
Problemin hüquqi tərəfləri ilə bağlı qaranlıq qalan məqamlara vəkil Turan Abdullazadə aydınlıq gətirdi:
.jpg)
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Bayram günlərində menyulardakı qiymətlərin həddindən artıq süni olaraq qaldırılması və ya menyunun təqdim olunmaması qanunvericiliyə ziddir.
Hər bir vətəndaşın hüququ var ki, getdiyi ictimai-iaişə obyektində, kafedə, restoranda menyu ilə tanış olsun. Menyunun təqdim olunmaması tam qanunsuzdur. Menyudakı qiymətlərin əvvəlki qiymətlərdən kəskin fərqləndiyini müəyyən edən vətəndaş həmin restoranın, kafenin xidmətlərindən yararlanmadan oranı tərk edə bilər, bununla bağlı aidiyyəti qurumlara şikayət edə bilər.
Bundan əlavə menyuda qeyd olunmayan və öz əksini tapmayan əlavə xidmət (servis) haqqının tələb olunması da qanunvericiliklə qadağandır. Dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstəriləndə, onsuz da, istehlakçı mütləq artıq pul verir. Ancaq zorla ondan menyuda öz əksini tapmayan əlavə "servis haqqı"-nın tələb olunması qəti qadağandır. Adətən bahalı restoranlarda əlavə servis haqqı tələb olunması hallarına rast gəlinir. Buna görə də həmin restoranlara gedərkən və sifariş verməmişdən öncə menyuya diqqətlə nəzər yetirmək lazımdır. Menyuda əlavə faiz və ya əlavə ödəniş kimi servis haqqı qeyd edilibsə, siz bununla razılaşmayaraq oranı tərk edə bilərsiniz. Lakin menyuda hər hansı faizin tutulması və ya əlavə ödənişin olması ilə bağlı qeyd olmadan sonradan yazılı təqdim olunan "hesab" da bu məbləğin göstərilərək tələb edilməsi qanunsuzdur və məsuliyyətə səbəb olur.
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır.
Menyuda qeyd edilmədən hər hansı faizin tutulması, əlavə ödənişin, yaxud musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır və göstərilən xidmətlər və ya işlər üçün menyuların olmaması və ya onların düzgün tərtib edilməməsi inzibati məsuliyyət yaradır.
Qeyd hallarla əlaqədar istehlakçı hüququnuz pozularsa, yazılı şəkildə və ya 599-76-00 nömrəli telefon vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz. Müraciətlər qanunvericiliyin təlblərinə uyğun araşdırılıb nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.
Məlumat üçün bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdır. Yalnız fərdi müraciətlər əsasında araşdırma aparılır".
Əfsanə Kamal