İnsan haqlarının qorunması dövlətin ən çox diqqət ayırdığı istiqamətlərdən və əsas prinsiplərdəndir

İSTİQAMƏT: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var.

Hüququ olmaq, qanadlı quş olub mavi səmanın zənginliklərində pərvazlanıb uçmaq kimidir. İnsan kimi var olmaq özü bir xoşbəxtlikdir. Tanrı insanı Yer üzünün əşrəfi yaradıb və ona duymaq, hiss etmək, sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət, dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Bərabərlik demokratiyanın ən vacib prinsipidir

Hüquqşünas Əli İbrahimovun sözlərinə görə, insan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar: "Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları, ümumiyyətlə, ayrılmaz, təməl hüquqlar kimi "bir insana, sadəcə, insan olduğuna görə sahib olduğu" və "bütün insanlara xas olan" əsas hüquqlar kimi başa düşülür. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: "Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir". 

Əli İbrahimov bildirib ki, ölkəmizdə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır: "Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-dən Avropa Şurasının üzvüdür. Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak edir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ edir. Konstitusiyanın qəbulu dövlət müstəqilliyinin ən mühüm hadisələrindən biridir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirib. Xalqımız bu il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 27 illiyini qeyd edəcək. Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Əsas Qanunun qəbul edilməsi, eyni zamanda, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bu mərhələ isə ilk növbədə, dövlət siyasətinin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının dayanması ilə səciyyələnir. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. Məhz bu məqsədlə 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul olunub".

Hüquqşünas hesab edir ki, dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda multikulturalizm, insan haqlarının qorunması dövlətin ən çox diqqət ayırdığı istiqamətlərdən və əsas prinsiplərdəndir: "Çətin sınaqlardan çıxan Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31