Azərbaycan tolerantlıq ənənələri ilə zəngin olan ölkədir

İstiqamət:  dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Bəşər sivlizasiyasının inkişafı üçün dinlər və mədəniyətlər arasında dialoqun yaranması və inkişaf etdirilməsi vacib şərtlərdən hesab olunur. Müxtəlif dini baxışların və mədəniyyətlərin bir araya gəlməsi, üstəlik bu baxış və mədəniyyətlərin milli köklərə bağlı olması xalqlar və millətlər arasında dialoqun formalaşmasını daha da möhkəmləndirir. Xüsusən, tolerantlıq ənənələri möhkəm olan ölkələrdə dini və milli dəyərlərin yaxınlaşması daha müsbət səmərə verir. Etiraf edilməlidir ki, Azərbaycan dini və milli tolerantlıq baxımından nümunə göstərilə biləcək ölkələr sırasındadır. Azərbaycanda bu ənənə tarixən mövcud olub və müstəqilliyin bərpasından sonra da respubilkamızda yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərilib. Hazırda özlərini demokratik, sivil cəmiyyətlərin formalaşdığı hesab edən ölkələrdə belə dini və milli ayrıseçkilik elementləri müşahidə olunmaqdadır. İnsanlara münasibətdə dini, milli və irqi fərqliliyə görə münasibət göstərən ölkələrin sayı kifayət qədərdir. Bu gün dünyada baş verən hadisələr dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Təkcə onu xatırlatmaq kifayətdir ki, Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Azərbaycanda isə tamamilə fərqli mənzərə müşahidə olunmaqdadır. İllər, əsrlərlədir ki, ölkəmizdə müxtəlif dinlərə, mədəniyyətlərə mənsub insanlar bir coğrafiyada yaşayır, dostluq və mehribançılıq şəraitində ömr sürürlər. Təkcə bu fakt nəinki region ölkələr, eləcə də dünya dövlətlərinə bariz nümunədir. Azərbaycanda nəinki müxtəlif din və mədəniyyət daşıyıcılarına hörmətlə yanaşılır, hətta ayrı-ayrı xalqların dini və mədəni ənənələrinin qorunub saxlanmasında dövlət yardımı edilir. Qonşu Ermənistanda dini, milli və etnik təmizləmə prosesi həyata keçirildiyi halda, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır, dövlət onların dini ayinlərinin layiqincə icrası üçün şərait yaradır. Ölkədə mövcud olan kilsə, sinaqoqlar dövlət hesabına təmir edilərək dindarların ixtiyarına verilir. Bu kimi faktlar deməyə əsas verir ki, Azərbaycan tolerantlıq ənənələri zəngin olan ölkə olaraq bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar: "Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər"

O da faktdır ki, Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni  münasibət bəslənib. Azərbaycan dövləti milli məsələlərlə bağlı ardıcıl və düzgün  siyasət yeridib, nəticədə milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Məlumat üçün qeyd edək ki, Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Bir çoxları üçün inanılmaz görünsə də  dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, azsaylı xalqlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Məhz onlara verilmiş hüquq və dövlət təminatından yararlanaraq milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaradıblar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlar da öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Həmin cəmiyyətlər azsaylı xalqların mədəniyyət nümunələrinin qorunub saxlanmasında mühüm rol oynayırlar. Azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbildən olan bir çox xalq kollektivləri, nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Bu kimi hallar bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, ölkədə yaşayan hər bir xalqın nümayəndəsi özünü Azərbaycan vətəndaşı hesab edir və bu Vətən uğrunda canından keçməyə hazırdır. Əbəs yerə deyil ki, özünü azad və firavan hiss edən qeyri-azərbaycanlılar da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri erməni qəsibkarlarına qarşı mübarizədə Azərbaycanı doğma Vətəni saydıqlarına görə ölkəmizin müdafiəsinə qalxıblar. Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşən, şəhid, müharibə veteranı və əlili olan qeyri-azərbaycanlıların sayı kifayət qədərdir. Sadalanan faktlar deməyə əsas verir ki, hazırda Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə milli azlıqların etnik-mədəni dəyərləri daim qorunur, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31