Nizami Cəfərov: "Yunus Oğuz Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib"- ÖZƏL

Akademik Nizami Cəfərov  Olaylar.az-a  deyib ki, Yunus Oğuz əsərləri, romanlarında Ali Baş Komandanın çox dəyərli bir obrazını yaradır. Onun hərbi sahədə gördüyü işlər, Ali Baş Komandan kimi Qarabağın azadlıq mübarizəsinə başladığı əksini tapır.  Nizami Cəfərov deyib ki, yazıçı öz əsərində Qarabağın azadlığının Valdayda, "Qarabağ Azərbaycandır, nida"  ilə başladığını oxucuların diqqətinə çatdırıb: "Hələ Tovuz döyüşlərindən bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində çıxış edərkən belə bir cümlə işlətdi. "Qarabağ Ermənistandır, nöqtə". Prezident İlham Əliyev isə onun cavabını çox gecikdirmədi. Soçidə, Valday konfransında, daha çox dünya siyasətçilərinin toplaşdığı bir məclisdə demişdi. "Qarabağ Azərbaycandır, nida". Tezliklə bu şüar xalqın dilində əzbər oldu, hər yerdə "Qarabağ Azərbaycandır!" deyilməyə başlanıldı". Nizami Cəfərov deyib ki, yazıçı Qarabağın azadlığı mesajının məhz Valdayda, Ali Baş Komandan tərəfindən verildiyini oxucuların diqqətinə çatdıraraq daha sonra mübarizənin diplomatik mütəvidən hərbi müstəviyə keçdiyini mərhələli şəkildə əsərdə ifadə edib: "Şuşanın, ümumən Qarabağın düşmən işğalından xilası barədəki komandanı Azərbaycan Prezidenti, əslində Valdayda-bütün dünyanın gözləri qarşısında hər bir azərbaycanlının ruhunu silkələyən, canına-qanına işləyən "Qarabağ Azərbaycandır, nida" sözlərilə vermişdi. Silahları hərəkətə gətirən sonrakı əmr isə yalnız ordu üçün idi. O ordu üçün ki, Azərbaycan xalqının və Ali Baş Komandanın iradəsini bilavasitə həyata keçirirdi. Qarabağ uğrunda aparılan Vətən müharibəsində xalqla hakimiyyət arasındakı anlaşmadan doğan mənəvi-ruhi rezonans, hər bir vətəndaşın daxilindən gələn qeyri-adi vətənpərvərlik romanda təqaüdünü orduya köçürən şəkili Hikmət babanın, üç oğlunu birdən müharibəyə göndərən Gülbaba kişinin, şəhid ərinin cənazəsini qəbir evinə öz çiynində aparan xanımın bədii təxəyyüldən yox, həyatdan gələn obrazlarında əks olunmuşdur". 

Nizami Cəfərov onu da deyib ki, əsərdə fəlsəfi baxışlar, ədəbi düşüncələr də yer alır. Akademik onu da deyib ki, yazıçı "Cığır" romanında Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib və bu cığırın sonradan Zəfər yoluna çevrildiyini oxucuların diqqətinə çatdırıb: "Ermənilər işğal etdikləri Şuşanın təbiətinə, ruhuna bələd olmadıqları üçün cığırdan da xəbərləri olmur. Şuşaya hücuma hazırlaşan Azərbaycan xüsusi təyinatlılarına bu barədə Nəsrəddin kişi, (Pənahəli xan dövründəki Nəsrəddin kişinin törəmələrindən) məlumat verir və əsgərlər Şuşaya məhz həmin cığırla qalxırlar". Nizami Cəfərov deyib ki, romanın sonluğu, Şuşanın işğaldan azad edilməsi səhnələri xüsusi sənətkarlıq, hətta demək olar ki, eşqlə, vəcdlə işlənilib. Yazıçının təsvir-təfərrüatdan daha çox detallara üstünlük verməsi də buradan irəli gəlir. Roman Ali Baş Komandanın 2020-ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə bitir. "Əziz Şuşa, Sən Azadsan!", "Əziz Şuşa, Biz Qayıtdıq!". O sözlərlə ki, Şuşaya qalxan yalnız azərbaycanlılara məlum cığırı bütün dünyada məşhur, geniş Zəfər Yoluna çevirdi".

Yunus Oğuz yaradıcılığı, onun yazdığı tarixi romanlar, əsərlərin təkcə Azərbaycanda deyil, eyni zamanda ölkədən xaricdə də geniş yayıldığını, ayrı-ayrı dillərə tərcümə edildiyini diqqətə çatdıran Nizami Cəfərov deyib ki, qardaş Türkiyədə də Yunus Oğuz yaradıcılığı diqqət və maraqla izlənilir. O bildirib ki, indiyə qədər Yunus Oğuzun bir çox romanları, əsərləri Hüseyn Adıgözəl tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılaraq qardaş ölkədə çap edilib. Nizami Cəfərov müəllifin "Cığır" romanının da  türkiyəli dostlarımız tərəfindən Türkiyə türkcəsinə də uyğunlaşdırılaraq çap olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nizami Cəfərov Yunus Oğuz yaradıcılığına olan həm daxili, həm də xarici marağı onunla əlaqələndirib ki, o həm keyfiyyətli, həm də məhsuldar işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31