Şəhidlər ölməz, vətən bölünməz! Sən mənim köksümdə çarpan ürəksən, ey Vətən! - FOTO
28 Oktyabr 2022 16:06 Sosial44 günlük müharibə zamanı belə bir ifadə tez-tez işlədilirdi:"Biz bir ölüb min dirilən millətik." Bunu, xüsusilə, hərb meydanında qəhrəmancasına şəhid olan igidlərimizin ölməzliyini göstərmək üçün dilə gətirirdik. Müharibə bitdi dedik, lakin mənfur düşmənin dinc durmayacağını, bağlanmış müqavilələrə əməl etməyəcəyini də bilirdik və ona görə də azad edilmiş sərhədlərimizdə güclü müdafiə tədbirləri görülmüşdü. Çünki, düşmənlə hələ görüləcək işlərimiz vardır. Çünki düşmən "bəlkə də qaytardılar" xülyasından əl çəkməmişdi. Onun beynəlxalq havadarları hər zamankı kimi fəal təxribat işləri aparır, qalmaqallar törədir, beynəlxalq qurumlara təzyiq göstərmək kimi min cür oyunlara girərək qələbəmizə qara yaxmağa çalışırlar. İgid oğullarımız cəbhə boyu elə müdafiə səddi qurmuşdular ki, onu aşmaq artıq ermənistan ordusunun boyuna görə deyildi. Buna baxmayaraq tez-tez mövqelərimiz atəşə tutulurdu. Bu atəş mövqeləri lazımınca susdurulsa da düşmən öz xislətindən əlk çəkmirdi. Və nəhayətində 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə ordumuz düşmənin növbəti təxribatının qarşısını bütün sərhəd boyu bir-neçə saatlıq döyüşlə ciddi şəkildə aldı. Bax, elə bu döyüşdə gördük ki, əsgər və zabitlərimizin vətən sevgisi, düşmənə nifrəti, döyüş əzmi nəinki azalıb, əksinə, onlar daha böyük qələbəyə hazırdırlar. Onlar yeni doğulan qəhrəmanlardırlar. Onların köksündə çarpan ürək indi daha şövqlə "Ey Vətən!"-deyir. Bu oğullardan biri də 2001-ci ildə rayonumuzun Qımır kəndində doğulan, 44 günlük müharibənin odundan keçən, sonra "Komando" tipli hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olan Məhərrəmov Turan Tərlan oğlu idi. Turan bu döyüşlərin əbədi qəhrəmanlıq səlnaməsinə öz şərəfli adını şəhid kimi yazdı. O da öz sələflərinin, şəhid qardaşlarının yolunu getdi, vətən uğrunda canından keçdi. Lakin bizlər bir xalq olaraq onlardan vaz keçmədik. Şəhidlərimizi baş tacımız, şəhid məzarlarını and yerimiz etdik. Vətən sevdalı oğullarımızın keçdikləri qəhrəmanlıq yolunu Vətən dərsində yeni nəsilə öyrədirik.
3 bacının bir qardaşı
Bu ailədə 4 övlad böyüyürdü. Çox xoşbəxt idilər. Üç qızdan sonra doğulan Turan ailəyə başqa bir nəşə qatmışdı. Turan evin tək oğlu kimi heç zaman ərköyünlük etməz, ata-anasına xəcalət verməzdi. Onu hər kəs sevirdi. Bu sevgini Turan özü qazanmışdı. Anası Ənisət xanım oğullu günlərini elə həsrətlə xatırlayır ki, insanın qəlbi göynəyir. "Turan yaşca kiçik olsa da elə bil ki, onun içində bir böyüklük var idi. O həm bacılarının, həm də bizim məsləhətçimiz idi. Bacılarını çox sevərdi. Ümumiyyətlə onun içində qəribə bir coşqulu sevgi var idi. Ətrafındakı hər kəsə qarşı bu hissi büruzə verə bilirdi. Ona görə də, onu hamı çox istəyirdi,"- deyən ananın içindəki sonsuz boşluğu görməmək, duymamaq mümkün deyildi. Ana bu gün fəryad qoparır, nalə çəkir, bir oğlunun yoxluğu ilə barışmaq istəmir, lakin onun bir təsəllisi var ki, oğlu şərəfi, namusu ilə bu dünyadan köçüb. Özündən sonra onu yaşadacaq elə bir iz qoyub ki, bu hər adama nəsib olmur. Bu gün atanın da, bacının da, onu sevən hər kəsin bir möcüzəyə ehtiyacı var. "Kaş bütün bunlar yuxu olaydı". Lakin əbədiyyət heç vaxtı yuxu olmur. Turan artıq bu əbədiyətə qovuşub.
44 günlük savaşa gedən yol
Turan 2019-cu ildə məktəbi bitirən kimi əsgəri xidmətə gedir. Əsgər paltarı geyinmək ən böyük arzusu idi və oradakı nizam-intizam onu hələ uşaqlıqdan özünə cəlb edirdi. Çünki, Turanın böyüdüyü kəndin gənclərinin böyük bir hissəsi hərbçi idi. Qımır kəndi respublikada ən çox hərbçi yetişdirən az-az kəndlərdəndir. Gənclər böyük həvəslə hərb işini seçir və orada çalışırlar. Cəmi 1800 nəfər əhalisi olan bu kənddən 200-ə yaxın gənc hərbidə çalışır. Onlar məzuniyyətə gələndə kənd uşaqları başlarına toplaşır, onların hərbidən etdikləri söhbətləri maraqla dinləyərdilər. Turanda da hərbi işə maraq məhz o görüşlər zamanı yaranmışdı. Əsgəri xidmətini şərəflə yerinə yetirən Turan komandanlıq tərəfindən dəfələrlə "Təşəkkürnamə" alır. Onun xidmət etdiyi vaxtda torpaqlarımız işğal altında idi və düşmən ciddi olaraq yeni döyüşlərə hazırlaşırdı. Müharibənin qaçılmaz olduğu hiss edildiyi üçün hərbi hissələrdə ciddi hazırlıq gedirdi. Əsgəri hissələrdən ən bacarıqlı, fiziki cəhətdən güclü, hərbi işi mükəmməl mənimsəyən əsgərlər 052-yə, YAŞMA-ya xidmətə seçilir və onlar ciddi təlimlərə cəlb edilirdilər. Turan da o seçilmiş oğullardan biri idi. Bu gənclər həm də yüksək mənəvi keyfiyyətlərə malik idilər. Turan artıq bir kəşfiyyatçı kimi döyüşə hazır idi. Ordumuza əmr verilmişdi, ilk təxribata artıq cavab bütün cəbhə boyu veriləcək və bununla da Azərbaycan ordusu işğalçıya qarşı müharibəyə baçlayacaq. Turan ilk döyüşlərə Murovda başlayır, onların hərbi hissəsi döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Füzuli istiqamətindəki döyüşlərə qatılırlar.
O, İsmayıl Səmədovun əsgəri idi
"Turan İsmayıl Səmədovun əsgəri idi",-deyən atası Tərlan göz yaşlarını saxlaya bilmir. "Mənə ağlaya-ağlaya zəng vurdu ki, ata, komandirim şəhid oldu, onun yasına gedərsən. Mən Lahıc kəndindən olan, sonradan "Vətən müharibəsi qəhrəmanı" fəxri adına layiq görülən igid İsmayılın yasına getdim. Atasının boynunu qucaqlayıb ağladım. Sən demə gün gələcəkmiş İsmayılın atası Məhəmməd kişi mənim boynuma sarılıb mənə təsəlli verəcəkmiş". Dərdli atanın oğlu haqqında xatirələrini dinləmək, ona təsəlli vermək çox çətindir. Lakin ata öz qürurunu saxlayır, oğlu haqqında hər kiçik təfərrüatı belə danışmaq, hər kəsə bildirmək istəyir. Komandirinin ölümü Turanı çox sarsıtmışdı. Həmkarımın İsmayıl haqqında yazdığı yazıdan bilirdim ki, İsmayıl öz əsgərləri üçün necə qayğıkeş olub, onları düşmən gülləsindən necə müdafiə edərmiş. Məhz ona görə də Turan və onun dostları komandirinin cənazəsi qarşısında and içirlər. And içirlər ki, bu qəhrəman, bütün hərəkətləri ilə əsgərlərinə nümunə olan, onları hər daim müdafiə edən komandirinin qisasını alacaqlar. Aldılar da. Onlar müharibənin sonuna kimi vuruşdular, Şuşaya kimi getdilər, qalib ordunun qalib döyüşçüləri kimi geri döndülər. Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirdilər. Turanın döyüş yolu Xocavənddən, Füzulidən, Cəbrayıldan, Şuşadan keçir. Elə aldığı medallar da bu döyüşlərdə göstərdiyi çücaət və qəhrəmanlığa görə ona verilmişdi. "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsinin iştirakçısı" medalları onun sinəsini bəzəyirdi.
Qərarı qəti idi-hərbçi olmaq
Hərbçi olmaq onun artıq boyuna biçilmişdi. Turan artıq müharibənin hər üzünü görmüş bir igid idi. 2021-ci ilin yanvar ayında onun əsgəri xidmət vaxtı bitir. Turan tərxis olunur, evlərinə gəlir. Lakin sən demə bu gəliş də vida gəlişi imiş. O qərarını vermişdi. Hərbçi olacaqdı. Evin tək oğlu olduğu üçün ata-ana çox təkid edir. Təkid edirlər ki Turan onlarla qalsın, geri qayıtmasın. Lakin bu iki ildə Turanın gördükləri və yaşadıqları ona rahatlıq vermirdi. O bilirdi ki, ordunun bu gün də onun kimi təcrübəli hərbçilərə ehtiyacı var. Turan geri qayıdır və müddtdən artıq hərbi xidmətə başlayır. Çox keçmir ki, Turan Komando hərbi hissələri üçün təlimlərə cəlb edilir. Axı Turan döyüşlərdə xüsusi təyinatlıların kəşfiyyatçısı olmuşdur. Şəxsi heyət arasında səmimiyyəti, nizam-intizamı və vətənpərvərliyi ilə seçilən Turan Məhərrəmovu yeni yaradılan Əməliyyat (komando) hərbi hissələrindən birinə göndərirlər. "Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən il yarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu ilin iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib. O mərasimdə Turan da var idi və qürurla sırada dayanmışdı. Hərbi ekspertlərdən biri qeyd edir ki, müharibədən sonrakı dövrdə yaradılan Quru Qoşunları komandanlığının yeni hərbi birliyi, Xüsusi Təyinatlı Qüvvələrin yeni hərbi hissələrini və komando əməliyyat briqadalarını, onların silah və sursatla təchizatını nəzərə alsaq, deyə bilərik ki, artıq Azərbaycan Ordusu müharibədən əvvəlkindən təxminən iki dəfə çox hərbi potensiala malikdir. Bu isə müharibə zaman darmadağın olan Ermənistan üzərində Azərbaycanın mövcud üstünlüyünü bir neçə dəfə artırdığını göstərir. Nə yazıq ki, düşmən bunları nəzərə almadı və sentyabrın 12-də gecə saatlarında dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi.
Onun son zəngi
İstər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Turan evlə, ailəsi ilə imkan düşdükcə tez-tez əlaqə saxlayırdı. Burada Turanın həyatında önəmli olan bir nəfərdən də söz açmaq istəyirəm. Bu onun sevdiyi qız idi. Mən onunla Turangildə görüşdüm. Onun başında Turanın büreti var idi. Baş verənlər bir anda onun həyatını alt-üst etmişdi. Onlar toy tədarükündə idilər. Oktyabrın 9-u üçün toyun günü də müəyyən olunmuşdu.Bu günlərdə Turan gəlməli idi. Hətta yayda Turan məzuniyyətə gələndə nigah da edilmişdi. Yəni artıq Sayıb bu evin gəlini sayılırdı. Necə deyərlər, sən saydığını say...
Sentyabrın 12-si günü Turan ailə üzvlərinin hər biri ilə danışır. Sayıbla danışanda isə deyir ki, vaxt tapanda zəng edəcəm. Özündən muğayat ol. Həmin gün Sayıb çox nigaran idi. Sanki nə isə baş verəcəyini hiss etmişdi. Axşam saat 11-də Sayıb yenə Turana zəng vurur. Bir-neçə zəngdən sonra o cavab verir, lakin danışa bilmir. Deyir ki, "vaxtım yoxdur". Bu o vaxtlar idi ki, sərhəddə gərginlik əməlli-başlı artmışdı. Turangil döyüş vəziyyəti almışdılar. Bu döyüş çox ağır döyüş oldu. Ordumuz düşmənin layiqli cavabını verdi və sərhədboyu önəmli yüksəklikləri ələ keçirdi. Turangilin bölməsi də düşmənin 3 postunu darmadağın edərək irəlilədi. Turan öz əsgərlərini çətin vəziyyətdən çıxardarkən snayper gülləsinə tuş gəlir və əbədi olaraq gözlərini yumur. Bu döyüşlərdə Azərbaycan ordusu bir daha düşmənə öz gücünü göstərdi, lakin təəssüf ki, heç bir döyüş itkisiz olmur. Ordumuz itki verdi. Onlardan biri də Turan idi.
Turan və digər şəhidlər Vətən uğrunda canlarından keçdilər. Bu şəhidlərin ailələrinin yaşadığı kədər hissi sözlə təsvir olunmazdır. Bu gün Turanın bəylik otağı onun şəkilləri, hərbi geyimləri və medalları ilə bəzədilib. Bu gün bu evə gəlin gəlməli olan o qızın göz yaşları sel kimi axır. Ona verilən sualları belə cavablandırmaq gücündə deyil:"heç nə düşünə bilmirəm"-deyir.
Hər dəfə şəhid haqqında yazanda içimdən dəli bir istək keçir:"Kaş bir də şəhid olmayaydı"-deyirəm. Tanrıdan bir istəyim var, düşmənin cəzasını sən ver, oğullarımızı namərd gülləsindən qoru. Yerin rahat olsun, Şəhidim!
Elmira Mehdiyeva

.jpg)


