İntizam Şurası təhsildəki xəstəlikləri sağaldacaqmı?
28 Oktyabr 2022 10:43 SosialBu günlərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məktəblərdə İntizam Şurası yaradılacağı və tərkibində valideynin iştirakının məcburi olacağı haqqında açıqlama verdi.
Bəs intizam şurasının yaradılması məktəblərdə, müəllim-şagird, şagird-şagird münasibətlərində hansı dəyişikliklərə səbəb olacaq?

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, verilən qərarlar istənilən halda təhsil sahəsində bura qədər mövzu olan bütün çatışmazlıqların həllinə yönəlib:
"İntizam şuralarının yaradılması və yaxud da sagirdlərlə bağlı müəyyən tələblərin qoyulması qarşıdakı dövr ərzində konkret olaraq şagirdlərin yol verdikləri kənara çıxma halları, kənar davranışlar, yəni, etik davranışdan kənar çıxma halları, onların bur növ qanuni formada müvafiq qaydada tənzimlənməsi nəzərdə tutulur. Yəni, bura qədər hər hansısa bir şagird öz sinif yoldaşına, müəllimə qarşı və yaxud məktəbdə daxili nizam-intizam qaydalarının pozulmasına qarşı hansısa addım atılırdısa, bununla bağlı qanunvericilik tələbinə uyğun müəyyən qərar verilə bilmirdi. Veriləndə də sərt təpki görürdü. Amma indi onlarla müvafiq olaraq praflaktik söhbətlər aparılır. Yəni, onların dərsə köklənmələri, təhsilə qayıtmaları üçün müəyyən işlər görüləcək və nəticə etibarilə əgər bu hal dəfələrlə təkrar olunacaqsa, o zaman təbii ki, artıq şagirdin təhsil müəssisəsindən kənarlaşdırılması məsələsi müzakirəyə çıxarıla bilər. İntizam şurasının da məhz funksiyası həmin məsələlərin aydınlaşdırılıb, konkret yekun qərar verilməsinə hesablanıb.
Ümumiyyətlə götürsək, təbii ki, verilən qərarlar istənilən halda təhsil sahəsində bura qədər mövzu olan çatışmazlıqların bir növ aradan qaldırılması, şagirdlərarası münasibətlərin düzgün qurulması, eyni zamanda onların düzgün qiymətləndirilməsinin həyata keçirilməsinə dəlalət edir. Burda biz təkcə şagirdin akademik göstəriciləri deyil, eyni zamanda, onların sosiallığı, etik qaydalara riayət etmələri və s. bunlar hamısı əsas şərt kimi götürüləcək. Hətta bu göstəricilərə görə nəticəsi yaxşı olan uşaqlar ki var, onların fəxri fərmanla təltif olunması, müəyyən diplomların verilməsi, valideynlərinə və yaxud da özlərinə təşəkkürnamələrin də verilməsi nəzərdə tutulur ki, ən azı şagirdlər üçün bir motivasiya olsun və onlar həm akademik göstəricilərini yaxşılaşdırsınlar, həm nizam intizam qaydalarına riayət etsinlər, eyni zamanda, onların sosial fəaliyyətləri olsun və bunlar hamısı təbii ki, normal olduğu halda o şagirdlər qiymətləndiriləcək.
Düşünürəm ki, yaradılan bu vəziyyətin bir neçə müddətdən sonra tətbiqi nəzərdə tutulur. Əgər ictimaiyyət qəbul etsə, yanvar ayından, ikinci yarımildən etibarən, yəni 2023-cü ildən və ondan sonrakı dövrdə bu qaydalar tam işləsə, əlbəttə 3-5 il sonra müsbət nəticəsini biz görə biləcəyik".

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirir ki, belə qaydalar xaricdə də tətbiq olunur:
"Artıq bilirsiniz ki, hazırlanan şagird davranış qaydaları gələn ildən təsdiqlənərsə, bəlkə də müəyyən dəyişikliklər olacaq. Təsdiqləndikdən sonra tətbiq olunmağa başlayacaq. Həmin qaydaların əks olunduğu sənəd tətbiq olunarkən, bir adamın qərarı ilə şagirdin rəğbətləndirləndirilməsi və ya cəzalandırılması olarsa, insanlar düşünəcək ki, görəsən burda ikili standart var, yoxsa insanlar burda şəxsi qərarları ilə şagirdləri rəğbətləndirir və ya cəzalandırır. Şəxsi münasibətlər zəminində olan intriqalar qərarlara yansıya bilərmi kimi məsələlər ortaya çıxa bilər. Ona görə də bir şura, heyət tərəfindən şagirdin rəğbətləndirləndirilməsi və ya cəzalandırılması həyata keçirilərsə, bu daha yaxşı bir addım olacaq. Çünki bilirsiniz ki, nizam-intizam nəticədə bir insanın əli ilə təmin oluna bilməz. Birlikdə, kollektiv qərarla bu işlər görülməlidir. Belə olduqda hamı tərəfindən qəbul olunar, valideyn də, şagird də bunu qəbul edər. Xaricdə, beynəlxalq təcrübədə də biz bunu belə görürük. Burada nizam-intizam şurası var və əgər şagird disiplin şurasına gedirsə, artıq bu məsələnin ciddiyyəti daha da artmıı olur.
Əgər belə bir sənədin tətbiqi yoxdursa, o zaman direktorlar şəxsi düşüncələrinə nəzərən hərəkət edirlər. Yəni, sabit bir qərar yoxdur. Hər bir direktor özünə görə addımlar atır. Bu zaman da müqavimətlə qarşılaşırlar və məktəblər arasında harmoniya olmur. Bir məktəb direktoru bir davranışa göz yumur, digəri yummur və şagird birini o birinə nümunə göstərir. Belə olmaması üçün də əlbəttə ki, vahid bir qərarın olması daha yaxşı haldır".

Sosioloq Elçin Bayramlının sözlərinə görə, məktəblərdə intizam şuralarının yaradılması və normal qaydaların tətbiq olunması çox təqdirəlayiq, amma gecikmiş bir addımdır:
"Son 20-30 ildə məktəblər biabırçı vəziyyətə gəlib, tamamilə nəzarətdən çıxmaq üzrədir. Burda həm təhsilin keyfiyyəti, həm müəllim-şagird münasibətləri, həm şagird-şagird münasibətləri biabırçı vəziyyətə düşür. Burda geyimdən tutmuş, şagirdlərin geyimlərinə, davranışlarına, psixologiyasına qədər çox ciddi problemlər var və biz bunun sadəcə milyonda birini, ictimailəşənləri görürük. Yəni vəziyyət həddindən artıq pisdir. Bu artıq cəmiyyətin vəziyyətinin məktəblərdə inikası, məktəblərə siraət etməsidir. Tərbiyə verilməyən uşaqlar problemi, məktəblərdə nəzarətin zəif olması, müəllimlərin əlindən tərbiyə funksiyasının alınması, müəllimlər yalnız təhsil verməyə istiqamətlənib, onlara uşaqları tənbeh etmək qadağan olunub. Belə çıxır ki, bu qəsdən olunub və bir xəyanətdir. Çünki müəllim həm təlim, həm tərbiyə verməlidir. Bu funksiyanın alınması uşaqların özbaşınalığına, bəzi hallarda qudurğanlığına səbəb oldu. Yeni tətbiq olunan müxtəlif əcaib eksperimentlər, o cümlədən, kurrikulum sistemi həm təhsili məhv elədi, həm uşaqların tərbiyə davranış və psixologiyasını çox mənfi istiqamətə yönəltdi. Məktəbdə artıq hegemon şagirdlərdir, müəllimlərin heç bir hüququ yoxdur və bundan da şagirdlər necə lazımdır istifadə edir və anarxiya yaranır. Ona görə də burda daha ciddi tələblər, nəzarət qoyulmalı, məktəbin, müəllimin funksiyası qaytarılmalıdır. Məktəb bazar, anarxiya deyil ki, uşaqlar orda nə istədi etsinlər. Biz görürük, bəzi məktəb uşaqları hətta məktəbə seksual geyimlərdə gəlirlər. Əcaib saç düzümləri, tattoolu bədənlər, müxtəlif biabırçılıqlar məktəbə, uşaq psixologiyasına uyğun olmayan şeylərdir.
Təəssüf ki, cəmiyyət bu məsələlərə sıfır reaksiya verir və vəziyyəti daha da pisləşdirir. Əksinə, valideynlər bu məsələdə tələbkar olmalıdır, özləri uşaqlarına nəzarət etməlidir və müəllimə də imkan verməlidir ki, uşağına nəzarət etsin, onu tənbeh eləsin, yeri gələndə onun tərbiyəsində rol oynasın. Biz görürük ki, keçmişdə belə idi deyə hər şey normal idi. Son dövrlərdə uşaq azadlığı, sərbəstlik filan kimi sözlərlə bu prosesi tətbiq elədilər. Nəticəsində görürük, artıq məktəblər arasında sadistlərdən, elə amansızcasına öz sinif yoldaşını az qala öldürmək məqsədi ilə vəhşicəsinə döyməkdən tutmuş, bir-birinə qarşı seksual hərəkətlərin, yəni tərbiyəsizliklərin sayı hesabı yoxdur. Bu artıq məktəb deyil, başqa bir şeydi. İndi yenidən bu biabırçılıq kuliminasiyaya çatanda hər hansı tədbir görməyə çalışırlar. Mən deyərdim ki, bunun üçün artıq çox gecdir. Amma heç olmasa tam olmamasındansa, az da olsa olması yaxşıdır. Bu problemlərin bir hissəsini aradan qaldıracaq. Amma pozulmuş uşaq tərbiyəsini, psixologiyasını artıq bərpa eləmək mümkün olmayacaq. Yəni, yaxın müddətdə mümkün olmayacaq. Çünki məsələ tək məktəblə bağlı deyil. Valideynlər də uşaqlarına tərbiyə verməyi yumşaq desək, tərgidiblər. Yəni, hansısa bir təbliğat forması ilə onlara deyilib ki, onlara tərbiyə verməyin, azadlıq verin. Mütləq şəkildə 5-10 yaşlı uşaqların əlinə smartfon verin, azad internətə buraxın, orda hər cür dəhşətli dərəcədə psixateron terrora məruz qalsınlar və belə valideynlərin əsərləri məktəbdə özünü göstərir. Mən deyərdim ki, bu problemlər məktəbin problemi deyil. Bu tamamilə valideynlərin problemi, inikasıdır. Məktəbdə onların verdiyi tərbiyəsinin nəticəsidir. Məktəb sadəcə olaraq təhsil verməklə məşğul olur. Düzdür, orda da problemlər var. Təhsil Nazirliyi elə bir mühit yaradır ki, məktəb təhsil verə bilmir. Repititorlar bu funksiyanı öz üzərinə götürür və imkanlı şəxslərin uşaqları təhsil ala bilir. İmkansızlar repetitsiyanın yanına uşağını qoya bilmədiyinə görə təhsildən kənarda qalır. Birinci sinifdə 30-50 şagird olduğu halda və müəllim bu dərs saatının yarıdan çoxunu müxtəlif jurnalları doldurmağı, texniki işlərlə məşğul olduğu bir şəraitdə geridə qalan 20 dəqiqədə 40 uşağa heç nə öyrədə bilməz. Bax bu da təhsil tərəfidi. Yəni, ümumiyyətlə kompleks yanaşılmalıdır, bu təhsil sistemi nəhayət normal vəziyyətə gətirilməlidir".
Röyalə Xəyal