Azərbaycana təyinatı böyük sevinc, şərəflə qəbul etdim - MÜSAHİBƏ

Ali Rıza Altunel: "Ortaq universitetin təşkilinə əngəl olan nədirsə, onu bir an öncə ortadan qaldırıb prosesi həyata keçirmək lazımdır"

Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələr hər ötən gün daha da inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur. Məhz inkişaf edən əlaqələrin göstəricisidir ki, bu gün həm Azərbaycan, həm də Türkiyədə qarşılıqlı şəkildə minlərlə tələbə təhsil alır. Qeyd edilən sahədə əlaqələrin inkişafında heç şübhəsiz ki, hər iki ölkədə fəaliyyət göstərən təhsil müşavirlərinin xüsusi rolu vardır. Biz də iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrə, gələcək əməkdaşlıq perspektivlərinə nəzər salmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altunellə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Ali Rıza Altunel iki ölkə arasında ortaq universitetin açılması mümkünlüyündən də danışıb.

-Ali Rıza bəy, əvvəlcə Azərbaycana təyinatınızla bağlı sual vermək istərdim. Təyinatı necə qarşıladınız, buraya gəlməyə tərəddüd etdinizmi?

-Öncəliklə fürsətdən istifadə edərək sizin media qurumunuz vasitəsilə Azərbaycanda yaşayan qardaşlarımıza salamlarımı yetirir, sevgi və hörmətimi ifadə edirəm. Sualınıza gəlincə, onu deyə bilərəm ki, insan qardaşı, atasının evinə gedərkən heç vaxt tərəddüd etməz. Mən də bundan dolayı Azərbaycana təyinat alarkən heç bir tərədüd etmədim və böyük sevinc, şərəflə bu təyinatı qəbul etdim. Daha əvvəl ziyarət etmədiyim ata torpaqlarına təyinat almaq, burada çalışmaq ayrı bir sevinc oldu.

 -Səhv etmirəmsə Azərbaycana ilk dəfədir ki, hər hansı bir vəzifəyə təyinat alırsınız. Buraya gəldiyinizdə necə qarşılandınız, insanların Sizə olan münasibəti hansı formada özünü büruzə verdi?

-Mən buraya gəlişimi İstanbuldan Qarsa, Vana, Hakkariyə, yaxud bir başqa vilayət, şəhərinə gedərmiş kimi zənn etdim. Çünki eyni dildə danışan, eyni dinə, mədəniyyətə malik olan qardaşlarıq. Ona görə də heç bir sıxıntı, problem hiss etmədim. Həm bir yerdə çalışdığım insanlar, həm ətrafımızdakılar bizə zərrə qədər hansısa bir sıxıntını hiss etdirmədilər.

-İstənilən şəxs hər hansı bir işə başlarkən onun qovluğunda görəcəyi işlər, həyata keçirəcəyi tədbirlərin planı olur. Bu mənada sirr deyilsə Ali Rıza Altunelin qovluğunda nələr var?

-Azərbaycana gəlmədən öncə burada görülməsi olacaq işlərlə əlaqədar bir çox dostumuzla, əvvəllər burada çalışmış həmkarlarımız, keçmiş müşavirlər, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, eləcə də cənab səfirlə görüşüb hansı işlərin görülməli olduğunu müzakirə etdik. Belə demək mümkünsə Azərbaycana dərsimizə çalışaraq hazırlıqlı gəldik. Təbii ki, görüləsi işlərimiz çoxdur. Ona görə də zamanı gəldikcə həmin işləri həll edəcək, həyata keçirəcəyik. Mənə görə çətin iş deyilən bir şey yoxdur və istər asan, istərsə də çətin iş olsun, hər zaman onu həll etməyə  çalışıram. Bir sözlə qarşımızda duran vəzifələr, görəcəyimiz işləri Azərbaycanın Elm və Təhsil Nazirliyi, digər müvafiq qurumlar, eləcə də buradakı təhsil müəssisələrimizlə birlikdə həyata keçirib yoluna qoyacağıq. Zamanı gəlincə də həmin işlərin həyata keçirilməsinə nail oluraq.

 -Təhsil müşaviri olaraq iki qardaş ölkənin ali təhsil müəssisələri, universitetləri arasında mövcud olan əlaqələri qaneedici hesab edirsinizmi? Yaxud bu əlaqələri daha da inkişaf etdirmək üçün nələr etmək lazımdır?

-Etiraf etmək lazımdır ki, keçmişdə bu sahədə hər iki ölkə arasında müəyyən problemlər yaşandı. Bunlar Azərbaycandakı bəzi universitetlərin akkreditasiyası, yaxud diplomların tanınmaması ilə bağlı idi. Bunu da normal qarşılamaq lazımdır. Müstəqilliyini yeni qazanan Azərbaycanla yanaşı, Balkan ölkələri, eləcə də digər dövlətlərdə də anoloji problemlərlə qarşılaşmaq şoka düşəcək kimi bir durum deyildi. Onu da qeyd edim ki, Azərbaycandakı İqtisad Universiteti, Pedoqoji Universitet, eyni zamanda Tibb Universitetini ziyarət edərək həmin təhsil müəssisələrinin rektorları ilə görüşüb onların akrreditasiya ilə bağlı fəaliyyətlərini dinləmək fürsəti əldə etdim. Bütün bunlar qeyd etdiyimiz problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Bu prosesdə bizim üzərimizə hansı vəzifələr düşəcəksə, biz də lazımı dəstəyi verəcəyimizlə bağlı rektorlara bilgi verdik. Bu iradə, istək həm Elm və Təhsil Nazirliyi, həm universitetlər, həm də bizdə var. Nəticə etibarilə zaman-zaman ortaya çıxan bu kimi problemləri tamamilə ortadan qaldıracağımıza ümid edirəm.

 -Azərbaycanda təxminən nə qədər türkiyəli tələbə təhsil alır?

-Rəqəmlər tam dəqiqləşməsə də, əlimizdə müəyyən bilgilər var. Təxminən Azərbaycanda təhsil alan türkiyəli tələbələrin sayı 3100 nəfəri keçib. Bəzi universitetlərin hazırlıq sinifləri hələ də tələbə qəbul etdiyi üçün bu rəqəmlər yəqin ki, oktyabr ayının sonlarında tam bəlli olacaq. Yəqin ki, bu rəqəm 3250 nəfərə yaxın ola bilər.

-Adətən bir ölkə gənci hər hansı digər bir ölkəyə təhsil almağa gedərkən müvafiq qurumılar onlara müəyyən tövsiyələr edirlər. Bəs, siz Türkiyəyə təhsil almağa gedən  azərbaycanlı gənclərə nəyi tövsiyə edərdiniz?

-Türkiyəyə gələn qardaşlarımıza öncəliklə bunu tövsiyə edərdim ki, təhsillərini başa vurub Azərbaycana qayıtdıqdan sonra özlərinə iş imkanı əldə edə biləcəkləri universitet və ixtisasları seçsinlər. Eyni zamanda təhsil aldıqları müddətdə oxuduqları universitetlərin hər bir imkanlarından yararlanmağa çalışsınlar. Digər bir xüsus ondan ibarətdir ki, Türkiyə də Azərbaycan kimi dərin tarix və mədəniyyət ölkəsidir.  Tələbələrimiz fürsət əldə etdikcə Türkiyənin ayrı-ayrı şəhərlərini, vilayətlərini gəzərək tarix və mədəniyyət nümunələri ilə tanış olsunlar. Eyni zamanda insanlarla yaxından ünsiyyətdə olmaları, özlərinə dost, tanış, qardaş seçmələrini tövsiyə edərdim.

Türkiyənin təhsil müşaviri olaraq  Azərbaycanda fəaliyyət göstərməyimdən məmnun olduğumu bird aha ifadə edirəm. Eyni zamanda Türkiyədə təhsil almaq istəyən gənclərə çağırış edərək bildirirəm ki, onları maraqlandıran istənilən suala aydınlıq gətirmək, onları cavablandırmaq üçün müşavirliyimizin qapısı hər zaman gənclərimizin üzünə açıqdır. Gənclərimiz əmin olsunlar ki, müşavirliyimiz bütün heyətini səfərbər edərək onları maraqılandıran məsələlərə qısa zamanda aydınlıq gətirəcək, ünvanladıqları sualları ətraflı şəkildə cavanlandıracaq.

 -Cənab müşavir, Türkiyə ilə dost, qardaşıq, bu məlum. Ancaq Azərbaycan gənci nədən Türkiyədə təhsil almağa üstünlük verməlidir? Türkiyə təhsilinin hansı üstün cəhətləri vardır?

-Məlumat üçün onu deyim ki, Türkiyədə 280-dən artıq universitet fəaliyyət göstərir və həmin universitetlərin bir çoxunda Azərbaycanda olmayan ixtisaslar mövcuddur. Yəni Türkiyədə kifayət qədər çox universitet və bir o qədər çoxlu ixtisaslar var. Bu mənada Azərbaycanda mövcud olmayan ixtisasların seçilməsi, bu istiqamətdə təhsil alınması hesab edirəm ki, ən doğru seçimdir. Türkiyədə Osmanlı dönəmindən bu günə qədər mövcud olan, fəaliyyət göstərən universitetlər var. Düzdür, həmin təhsil ocaqları Osmanlı dönəmində mədrəsə olaraq fəaliyyət göstərsələr də, bu gün onlar universitet kimi fəaliyyətdədirlər. Bu baxmdan qardaşlarımızın, gənclərimizin Türkiyədəki bu imkanlardan yararlanması üçün oradakı universitetlərdə təhsil almaları doğru olar deyə düşünürəm. Məlumat üçün qeyd edim ki, təxmini hesablamalara görə Türkiyədə 100-dən artıq ölkədən olan gənclər ali təhsil alır. Bu da oraya təhsil almağa gedəcək azərbaycanlı gənclərə dünyanın 4 bir tərəfindən Türkiyəyə gələn tələbələrlə yaxından təmasda olmaq, dostlaşmaq,  Azərbaycanı tanıtmaq baxımından əhəmiyyətlidir.

-Uzun illərdir ki, Türkiyə-Azərbaycan ortaq universitetinin açılması fikirıəri dolaşır. Siz bu barədə nə fikirdəsiniz, belə bir təhsil ocağının açılması mümkün görünürmü?

-Mən bu suala cavabı elə sualla vermək istərdim. Azərbaycan-Türkiyə ortaq universitetinin olmaması üçün hansısa bir səbəb varmı? İki ölkə arasında ortaq bir universitetin olması şərtdir. Nə üçün bu günə qədər həmin universitet açılmadı deyə sual etmək lazımdır. Bunu gecikdirən səbəbləri necə, hamsı şəkildə qısa müddətdə ortadan qaldıra bilərik, bu istiqamətdə danışmaq lazımdır. Çünki həmin universitet hər iki ölkənin dostluğu, qardaşlığı, mədəniyyətini daha da yaxınlaşdıracaq ən önəmli amillərdən biri ola bilər. Biz bir çox məsələlərdə ortaq qərarları qəbul edib işbirliyi həyata keçirə bilirik. Əgər ortaq bir universitetin yaradılması, fəaliyyətə başlamasına əngəl olacaqları aradan qaldırmaq təhsil müşaviri kimi mənim üzərimə düşərsə, bir an öncə onu həyata keçirməyə hazıram. Ortaq universitetin təşkilinə əngəl olan nədirsə, onu bir an öncə ortadan qaldırıb prosesi həyata keçirmək lazımdır. Kimliyindən asılı olmayaraq bu işin yubanmasına səbəb olan istənilən şəxs iki ölkənin xalqına, mədəniyyəti, təhsilinə, dəyərlərinə qarşı yalnış addım atır. Bunun bir an öncə gerçəkləşməsi lazımdır.

-Sonda təhsil müşaviri kimi xüsusi olaraq toxunmaq istədiyiniz, diqqət etdiyiniz hər hansı bir məsələ varmı?

-Sonda Qarabağ müharibəsinin şəhidlərinə Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfalar arzulayıram. Bir millət, iki dövlət olaraq hər zaman gücümüz çatdığı qədər azərbaycanlı qardaşlarımızın yanında olmağı bir qardaşlıq vəzifəsi hesab edirəm. Bu bir söz gəlişi deyim deyil, İnşallah iki qardaş dövlət olaraq müstəqil, azad ölkə kimi yaşayıb daha yeni-yeni uğurlara imza atarıq. Bizim səsimizi Azərbaycan cəmiyyətinə çatdırdığınız, fəaliyyətimizə diqqət ayırdığınız üçün də media qurumu olaraq sizə təşəkkür edirəm.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31