Qatildən fərqi olmayan toy iştirakçıları...
28 Oktyabr 2022 11:03 Sosial"Azyaşlı qızların nişan, toy mərasimində iştirak edənlərə nə ad vermək olar?"
Əhali sayı az olan ölkələrdə istənilən hadisə tezliklə gündəm ola bilir. Gündəm ediləcək problemlərdən biri də qızların az yaşda təhsildən uzaqlaşdırılıb, ailə qurmağa məcbur edilməsidir. Sayı on milyon olan ölkə üçün bu hal olduqca yayğındır. Mətbuat bu kimi halları işıqlandırmaqda başlıca rol oyanır. Ancaq, mətbuatın bəzi mövzularda aciz qaldığı nüanslar da var. Media bu kimi hadisələrdən sadəcə baş verdikdən sonra xəbər tuta bilir. Yəni, gördüyü işlər sadəcə bir sonrakı hadisənin yaşanmaması üçün maarifləndirmə işi ola bilər.
Hadisə baş verənə qədər kimi günahkar hesab etmək olar?
Valideynlər burda birbaşa günahkardır. Qızının sonraki hallarda başına gələcəklərdə məsuliyyət daşıyan bir nömrəli şəxs də valideyndir. Aydındır, hər ailənin mühiti başqadır. Dövlət hər biri ilə ayrılıqda məşğul olmaq gücünə sahib deyil. Belə olan halda məsuliyyət qalır təhsil ocaqlarının boynunda. Nəyə görə ? Aydınlaşdıraq.
Bu yaxınlarda 16 yaşlı qızın nişanlısı tərəfindən qısqanclıq zəminində həyatına son qoyulub. Ətrafdakı adamların cahillikdən gözü kor olub. Bəs məktəb harada idi? Ölkəmizdə nəyə görə yeniyetmə bir qızı təhsildən yayındırmaq bu qədər asanlaşıb?
Məktəb direktoru məsələyə aydınlıq gətirərkən deyib ki, "Bura Hökməlidir. Mən 20 ildir Hökməli qəsəbə tam orta məktəbində direktor işləyirəm. Əvvəllər də məktəbli qızları 5-ci sinifdən sonra təhsildən uzaqlaşdırırdılar. Mən əgər həmin ailəni polisə versəydim atasız qızın evinə polis göndərdiyim üçün məni topa tutardılar".
Bir nəfər çıxıb həmin "direktora" başa salmalıdır ki, sən Afrikadan, qızları sünnətə tabe tutan ərəblərdən bəhs etmirsən. Sənin bəhs etdiyin yer Azərbaycanda bir qəsəbədir. Bu kimi böyük faciələr balaca qəsəbədən çıxırsa, deməli, həmin yerin pedaqoqu, direktoru hər biri günahkardır. Bayramlarda "şirinliyi" az tutan hər bir valideyn haqqında məlumatı olan müəllimlərin məktəbdən azyaşlı qızın uzaqlaşdırılması və ərə verilməyə məcbur edilməsi haqqında məlumatı yoxdurmu?
Qaldı ki, "topa tutmaq" məsələsinə, biz cəmiyyət olaraq hər zaman "topu" lazım olmayan yerlərə atırıq. Haqlı olan şəxs isə atılacaq heç nədən qorxmamalıdır.
Fikrimcə, bu şəxslərin hər biri cəzalandırılmadıqları müddətcə problem öz həllini tapmayacaq.
Problemin həlli ilə bağlı vəkil Turan Abdullazadə öz fikirlərini Olaylar.az-la bölüşüb.

-Turan bəy, yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət işi törədən, onu nikaha məcbur edən şəxsləri hansı cəzalar gözləyir?
-Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Lakin bəzi cinayətlərə görə şəxsin 14 yaşı tamam olduqda da məsuliyyətə cəlb oluna bilər.
On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.
Yəni, cinayət törədənin 26 yaşı olduğuna görə bu yaş cinayət məsuliyyətinə cəlb etməyə imkan verir və həmin şəxs cinayətin subyekti hesab olunur.
Həmin Məcəllənin 176-1.1-ci maddəsində qadını nikaha daxil olmağa məcbur etmə cinayəti öz əksini tapmışdır.
Belə ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda həmin Məcəlləyə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Əgər yetkinlik yaşına çatmayan şəxsin valideynləri onu nikaha daxil olmağa məcbur etmişlərsə və bu hal kifayət qədər mötəbər dəlillərlə təsdiqini tapırsa onlar cinayət məsuliyyəti daşıyırlar. Azyaşlını nişanlanmağa məcbur etməyə görə isə qanunvericilikdə hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır.
Ancaq 14 yaşlı qızın nişanlandırılması onun yaxın zamanda evləndiriləcəyinə bir işarə ola bilər.
Ümumiyyətlə, qanunvericilik nikah yaşını 18 yaş müəyyən etmişdir. Bu yaşdan aşağı şəxsin nikada daxil olması qəti qadağandır. Bəzi hallarda müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Ekspertlər hesab edir ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olması bədbəxt hadisələrə, arzuolunmaz faciələrə səbəb ola bilər. Məsuliyyət hissi yaranmamış və şəxsiyyəti tam formalaşmamış azyaşlı uşaq sağlam fərdlər yetişdirə bilməz. Məlum məsələdir ki, yetkinlik yaşına çatmayan şəxs uşaq hesab olunur və bioloji cəhətdən anasına bağlı olmaqla onun özünün hələ ana qayğısına, nəvazişinə ehtiyacı var.
Yuxarıda qeyd etdiyiniz kimi hallar aşkar edildikdə və bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda zərərçəkən şəxs, o öldükdə isə onun hüquqi varisləri, cinayətin şahidləri, müxtəlif dövlət qurumları və ictimai təşkilatlar hüquq mühafizə orqanlarına yazılı və şifahi müraciət edə bilərlər.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə- doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur.
.jpg)
Sosioloq Lalə Mehralı
-Lalə xanım, cəmiyyətin bu kimi hadisələrə yanaşması necə olmalıdır ki, problem sona çatsın?
-Ümumiyyətlə cəmiyyətin bu problemə birmənalı olaraq münasibəti, reaksiyası yoxdur. Əgər olsaydı, 14 yaşında qız nişanlandığı və məktəbdən kənarlaşdırıldığı zaman cəmiyyətdən bir nəfər, qohum, qonşu fərq etməz polisə məlumat verə bilərdi. Əlaqədar quruma məlumat verə bilərdi ki, burda bir azyaşlının həyatını məhv edirlər, təhsil hüququnu əlindən alırlar. Bunu edəcək biri olmadığına görə demək ki, bu cəmiyyətdə narahatlıq doğuran məsələ deyil. Hər kəs yaxasını qırağa çəkir. Məndən ötdü sənə dəydi, səndən ötdü başqasına. 14 yaşında uşağın nişanlandığı məclisdə qol qaldırıb oynayanlar, gülənlər, xonçasından nabat götürüb yeyənlər demək ki, normal qarşılayır. Narahat olan bir neçə insan var sadəcə. Bizlər bu faciəni əvvəlcədən hesablayırıq. İllərdi deyirik ki, vəziyyət getdikcə pisləşəcək, daha da normallaşdırılacaq. İnsanlar ona görə səsini çıxarmır ki, heç kim məsələyə özününküymüş kimi yanaşmır. Nəyimə lazımdır? prinsipi ilə yanaşırlar.
14 yaşında qızın elçilik, nişan, şalatma məclisində iştirak edən nəsildən biri azyaşlının halına yanmış olsaydı, dərhal zəng edərdi. Bu kimi məsələlərdə anonimlik tamamilə qorunur. Mən necə başa sala bilərəm ki, 14 yaş ərə getmək yaşı deyil ?
Ailə quracaq, uşaq doğacaq, gəlin olacaq yaşda deyil. El qınağından qorxmasalar, 14 yaşında qıza hətta, toy da edərdilər. Bəzən yaşı saxta yolla böyüdüb, evləndirə bilirlər. Gözləyiblər ki, 16 yaşı tamam olsun. Bəzi istisna hallarda 17 yaşda nikaha daxil olmağa icazə verilir. Bu halda cəmiyyət öz qınağını sərtləşdirməli, gözünü açmalıdır. Hər kəs öz ailəsindən başlamalıdır. Bu prinsip məsələsi olmalıdır. Xalq, dövlət, mənim də övladım var məsələsi olmalıdır. Hesab edirəm ki, bu vecsizliyə görə belə vəziyyətlərlə hələ çox qarşılaşacayıq.
Əfsanə Kamal