Azərbaycanın ailə modeli özündə ümumibəşəri dəyərləri ehtiva edir
21 Oktyabr 2022 11:00 Sosialİstiqamət: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Son zamanların demoqrafik tədqiqatlar göstərir ki, doğumun ümumdünya səviyyəsi, yəni qadının reproduktiv yaşı müddətində dünyaya gətirdiyi uşaqların orta sayı aşağı düşüb. Çünki, müasir dövrdə bir çox ölkələrdə ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Bu gün dünya əhalisinin 44%-nin yaşadığı 61 ölkədə doğum səviyyəsi əhalinin indiki sayını saxlamaq üçün zəruri olan 2,2-dən aşağıdır. 30-dan çox ölkədə əhalinin sayı sabitləşib və uzun illər ərzində dəyişilmir. BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı 2025-ci ildə artacaq və 8 milyard nəfərdən çox olacaq. Məlumdur ki, əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həll olunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.
Bu baxımdan demək olar ki, ailə bütün cəmiyyət üçün əhəmiyyəti daima artmaqda olan ümumbəşəri dəyər hesab olunur. Məhz bu dəyərləri süzgəcdən keçirən Azərbaycan ailə modeli uzun illərdən bəri qorunub saxlanılaraq, fundamental dəyərlərini itirmədən günümüzə gəlib çatıb. Buna baxmayaraq, dünyada baş verən qloballaşma prosesi Azərbaycan ailə modelinə də təsirsiz ötüşməyib. Belə ki, əgər, əvvəllər Azərbaycan ailələri çoxuşaqlı hesab olunurdusa, indi ata-ana, 1, yaxud 2 uşaqdan ibarət ailələr üstünlük təşkil edir. Məlum olduğu kimi ailəni qiymətli edən mövcud olan milli-mənəvi dəyərlər, ənənələr, adətlərdir. Azərbaycan xalqının sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malik, ailə modelimizi bütün dünyaya örnək edən çox gözəl və zəngin ailə ənənələri var. Azərbaycan ailəsi məhz milli dəyərlərimizin sayəsində həmişə uzun ömürlülüyü və möhkəmliyi ilə seçilib. Məhz bu kimi amillər ölkədə ailələrin sayının artmasına müsbət təsir göstərir. Elə Dövlət Statistika Komitəsindən nikahların sayı ilə bağlı verilən açıqlama dediklərimizi bir daha təsdiq etmiş olur. Komitənin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb. xəbərə görə, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.
Etiraf edilməlidir ki, uğurlu ailənin əsasını həm də, ailə üzvləri arasında qarşılıqlı hörmət və gözəl ünsiyyət təşkil edir. Ancaq etiraf edilməlidir ki, müasir informasiya texnologiyaları ailələr arasında canlı üsiyyəti arxa fona keçirib. Buna baxmayaraq internet resurslarından, texnologiyalardan istifadə ailə üzvləri arasındakı ünsiyyətin azalmasına gətirib çıxarsa belə, yenə də bir çox ailələrdə ənənəvi axşam söhbətləri, asudə vaxtın birgə təşkili, eyni zamanda, birlikdə mütaliə və s. kimi nüanslar hələ ki, öz aktivliyini qorumaqdadır. Məhz belə ailələr uğurlu ailə modeli sırasını daha da geniçşləndirir. O da faktdır ki, uğurlu ailələrin sayının artması biləvasitə ölkənin demoqrafik məsələlərinə də müsbət təsir göstərmiş olur. Başqa sözlə, uğurlu ailələrin çoxluğu ölkə əhalisinin də sayının artmasında mühüm rol oynayır. Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub. Təkcə bu fakt deməyə əsas verir ki, dünyada baş verən katakilizmlərə baxmayaraq Azərbaycan ailəsi öz möhkəmliyini və nəsil artıqma qabiliyyətini qoruyub saxlaya bilib. Məlumat üçün qeyd edək ki, dünyanı cənginə almış pandemiya bir sıra ölkələrdə ailə instituna böyük zərbə vurduğu halda, Azərbaycan ailələri bu sınaqdan üzü ağ çıxdı. Çünki Azərbaycan gənci başa düşür ki, ailə qurmaq seçimini etməklə üzərinə məsuliyyətli bir öhdəlik götürmüş olur. Anlayır ki, ailənin təməli sağlam qoyularsa, ailədə hörmət, sevgi, məhəbbət daimi olar və ailə sağlam formalaşar. Sağlam ailə isə sağlam gələcək deməkdir.
Ekspertlərin qənaətinə görə, uğurlu ailə modelinin qorunub inkişaf etdiriləmsi üçün dövlət tərəfindən bir sıra mühüm addımların atılmasına ehtiyac var. Gənc ailələrin formalaşması üçün vacib amillərdən biri mənzil və məşğulluq problemidir ki, bu məsələlər daim dövlətin diqqətində olmalıdır. Məlum olduğu kimi çoxsaylı gənclər var ki, məşğulluğu və mənzili olmadığından evlənmək sevdasından vaz keçmiş olur. Məhz bu səbədən gənclərin nikah dövrü 30-35 yaş həddinə çatıb. Ancaq o da faktdır ki, xoşbəxt ailə üçün cütlüklərin bir-birinə sevgi və hörmətlə yanaşması, biri-birinə inanmaq və güvənmək kimi dəyərlər kifayət deyil, xoşbəxt ailə üçün həm də yaşamağa mənzil və ailəni dolandırmaq üçün gəlir yeri vacibdir. Deməli, demoqrafik siyasət əhalinin say və struktur dinamikası meyllərini dəyişdirmək və ya saxlamaq üçün əhalinin təkrar istehsalı proseslərinin tənzimlənməsi sahəsində dövlət orqanlarının və digər sosial institutların məqsədyönlü fəaliyyətidir. Başqa sözlə, bu, doğum, ölüm, nikah, boşanma proseslərinə və əhalinin yaş strukturuna təsir edən siyasətdir. Bu siyasətin layiqincə həyata keçirilməsi demoqrafik artımın təmin olunmasında müsbət rol oynayır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir