Övladlarınıza ad seçərkən nələrə diqqət etməlisiniz?
21 Oktyabr 2022 10:01 SosialAdların insan taleyində böyük rolu, aurası, missiyası var. Kimin adını və yaxud hansısa mənasını bilib-bilmədiyimiz adı daşımağın da mistik tərəfləri var. İnsanın adının mənası nədirsə, onu həyatının sonuna qədər izləyir. Buna görə də valideynlər uşaqlara ad seçərkən diqqətli olmalı, adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini düşünməlidirlər.
Uşaqlara ad seçərkən diqqətli olmaq lazımdır. Bəzən uşaqlara imam-peyğəmbərlərin adı verilir. Bir qədər böyüdükdən sonra isə, ağızdan əsəblə-hirslə çıxmış təhqir, söyüş bu adlara hörmətsizlikdir. Təbii ki, qoyulan adların enerjisi var. Bu insanların həyatına təsir edir. Uşağa ad qoyarkən adın gözəlliyinə deyil, uşağın həyatına necə təsir edəcəyinə fikir vermək lazımdır. Çünki adlar təkcə insanın həyatına deyil, sağlamlığına da təsir edə bilər.
"Kifayət, Bəsti, Qızqayıt kimi adları tarixin dərinliklərinə göndərmək lazımdır"

Sosioloq Lalə Mehralının sözlərinə görə, valideynlər ad seçəndə övladlarının gələcəkdə adına görə yaranacaq antipatiyasını da düşünməlidir:
"Ad milli kimliyi, soyu, kökü təmsil edir. Hər millət öz dilindən olan adları seçsə, uşağı daha uğurlu tale gözləyir, çünki ad taledir, həyat yoludur, enerjidir. Uşağın damarlarında türk qanı axırsa, ona ərəb, rus, ingilis adı qoymağı doğru hesab etmirəm. İnsanın milli kimliyi ilə adı uyuşmur və bu da onun xarakterində uçurumlar yaradır. Türklüyünü sevən, qürur duyan dostlar var ki, uşaqlarına ərəb mənşəli adlar qoyub.
Çox görürəm uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları. Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan. Əgər Məhəmməd deyə çağırmayacaqdınsa niyə qoyurdun o adı?
Təkrarlanan ad çoxdur, bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn, 5 Zəhra olur. Kim olduğu anlaşılsın deyə ləqəb qoşulur uşaqlara - eynəkli Məhəmməd, qara Məhəmməd, balaca Zəhra, uzun Zəhra, arıq Hüseyn, kök Hüseyn. Əslində ad alternativimiz çoxdur, amma var olan adları bəyənməyən olanda da yaradıcılığı olan özü yeni ad yarada bilər, milli köklü və gözəl mənası olan. Bütün hallarda uşaqlara gözəl ad verin, adından utanmasın.
Vəfat etmiş və ya etməmiş nənə-babanın adını uşağa verməyin tərəfdarı deyiləm. Ad məxsusi olmalıdır, şəxsə özəl olmalıdır. Ad seçəndə övladlarınızın gələcəkdə adına görə yaranacaq antipatiyasını da düşünün. Nənənin- babanın adını övladına verməyə həvəsli valideynlər var, dəstəkləmirəm.
Mümkün olduqca uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş olan hərflər olmamasına və milli köklü olmasına da diqqət edilməlidir. Bu hərfləri ona görə deyirəm ki onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Məsələn Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki Azad adı dəyişmir. Texnoloji əsrin faydalarından yararlandıqda isə ad dəyişikliyə məruz qalır, tutaq ki Xədicə adını onlayn platformada Khadija kimi yazırıq.
Müsbət enerjili ad qoymağın tərəfdarıyam. Kifayət, Bəsti, Qızqayıt kimi adları tarixin dərinliklərinə göndərmək lazımdır. Qızlara qoyulan adlara xüsusilə diqqət etmək lazımdır.
Ad qoymaq üçün ananın razılığını almağa ehtiyac görmür bəzən ailə böyükləri, qətiyyən doğru deyil. Ad qoymaq ən birinci ananın, sonra atanın haqqıdır. Ana razılıq verərsə bu haqqını ailə böyüklərinə verə bilər, amma onun istəyindən kənar 9 ay bətnində əziyyətini çəkdiyi övladına başqası ad qoymamalıdır".
"Cəmiyyətdə insanın özündən və əməllərindən qabaq adı onun barəsində müəyyən fikir formalaşdırır, hörmət və ya istehza doğurur, müsbət və ya mənfi baxış yaradır"

İlahiyyatçı İbrahim Məmmədov bildirir ki, uşaq böyüdükcə, valideynlərinin nə üçün məhz bu adı seçdiyi onda maraq doğurur:
"İnsanın şəxsiyyətinin formalaşmasında onun adının böyük rolu vardır. Əziz Peyğəmbərimiz buyurur: "övladlarınıza gözəl adlar qoyun. Çünki adın insan ruhuna böyük təsiri vardır". Necə ki, Qurani-Kərimdə buyurulur: "Bir-birinizi gözəl adlarla çağırın". Bu o deməkdir ki, insan həyatında adların şəxsiyyət formalaşmasında həm mənfi, həm də müsbət təsirləri vardır.
Uşaq böyüdükdən sonra öz adı haqqında düşünməyə başlayır. Valideynlərinin nə üçün məhz bu adı seçdiyi onda maraq doğurur. Ad yaxşı olarsa, uşaqda onun mənasına və ya sahibinə simpatiyanın yaranma ehtimalı yüksək olar. Adı Abdullah, yəni "Allahın qulu" olan insana uşaqlıqdan, yeniyetməlik çağından bu böyük həqiqəti dərk etmək, özünü uca yaradana qul sayıb Onun sonsuz qüdrətinə sığınmaq imkanı yaranır. Adı Muhəmməd, Əli, Həsən, Hüseyn, Mehdi olan oğlan, Fatimə və ya Zeynəb olan qız uşaqları adlarının sahiblərinin kim olduğunu araşdırırlar, ürəklərində onlara sevgi yaranır və həyatda onlara oxşamağa çalışırlar. Bu deyilənləri nəzərə alsaq uşaqlara tarixdə amansızlıqları ilə yadda qalmış zülmkar sərkərdələrin, padşahların, yaxud dinimizə milli-mənəvi dəyərlərimizə qarşı vuruşmuş adamların, hətta nə qədər təəcüblü olsa da, bəzi xırda məişət əşyalarının adlarının qoyulmasını mənasız və ziyanlı saymaq olar.
Cəmiyyətdə, məktəbdə, hər yerdə insanın özündən və əməllərindən qabaq adı onun barəsində müəyyən fikir formalaşdırır, hörmət və ya istehza doğurur, müsbət və ya mənfi baxış yaradır. Adın yaxşı olması güclü özünə inam hissinə və bunun ardınca uğurlu perspektivə səbəb ola bilər.
O ki qaldı peyğəmbər və ya imam adı qoyulan uşaqların böyüdükdə fərsiz olmasına, belə deyək, insan 3 halda formalaşır: valideynin ailə tərkibində, məktəbdə müəllim vasitəsilə və cəmiyyətdə rolu ilə. Bu problem ya valideyn məsələsində yaranır, ya məktəbdə, ya da ictimai mühit təsirlərindən yaranır, şəxs adına sahib ola bilmir".

Psixoloq Mələk Kərimova deyir ki, insanın adı ilə şəxsiyyətinin nə qədər bütünlük, vəhdət təşkil etməsi önəmlidir:
"Ümumiyyətlə, Şərq toplumlarına, cəmiyyətlərinə baxdığımız zaman görürük ki, Şərq cəmiyyətlərində nəsildən-nəsilə adların ötürülməsi əhəmiyyət kəsb edir. Çox zaman xüsusən Azərbaycanda bu bağlar möhkəm olduğu üçün, əlaqələr, ailə bağları sıx olduğu üçün ailə böyüklərini unutmamaq adına ailə böyüklərinin bəzən sağlığında, bəzən dünyasını dəyişdiyi zaman belə yeni doğulan ailə üzvünə onun adı verilir. Burada məqsədlərdən biri bir az öncə də qeyd etdiyim kimi, ölən şəxsin və ya daha böyük birinin izinin qalması, yad edilməsi bir növ hörmət əlaməti olaraq ələ alınır.
Təbii ki, bu hissədə bəzən fərqli məsələlər də ortaya çıxa bilir. Əgər ailə böyüklərindən adı qoyulan nəvə varsa və böyüdükcə kənardan ailə böyüyü haqqında mənfi rəylər alırsa, o zaman öz kimliyindən və ya öz adından utana bilər. Ya da bəzən görürük ki, ailə böyükləri hər hansı bir mənfi davranış olduqda adını qoyduqları uşağı danlamağa başlayırlar ki, "sən baban kimi deyilsən", "nənən belə idi və sən nənənin adına laiq deyilsən" və s. bu zamanlarda başqa bir problem çıxır ki, biz əslində iki fərqli dövrdə yaşamış, iki fərqli insanı eyniləşdiririk. Bu da o şəxsin öz kimliyini normal bir şəkildə formalaşmamasına və yaxud digərinə qarşı mənfi hisslər bəsləməsinə səbəb ola bilir. Çünki biz nəzərə almalıyıq ki, hər nə qədər hörmət və ehtiram əlaməti olaraq böyüklərimizin adını kiçiklərə qoymaq istəsək də, burada iki fərqli dövrdə, iki fərqli zamanda və məkanda, fərqli ailələrdə dünyaya gəlmiş fərqli genetikaya sahib olan insanlardan söhbət gedir və təbii ki, bu insanların bir-biri ilə qan bağı olsa da, tamamilə bir-birinin oxşarı, əməl və düşüncələrinin oxşarlığını tapmaq və yaxud axtarmaq fikrinin özü belə yalnışdır.
Digər bir məsələ ondan ibarətdir ki, insanın öz adı ilə nə qədər bütünləşməsi çox önəmlidir. Əgər şəxs öz adı ilə bağlı problem yaşayırsa, öz adını sevmirsə, hətta adı çəkiləndə belə onda adına qarşı qıcıq, nifrət yaranır. Bu çox vaxt təkcə adını sevməməsi ilə bağlı olmur, çox vaxt özünü sevməməsi ilə də əlaqədar olur. Bəzən şəxs yaşa dolduqca xüsusən onda ona adı verilən şəxsə qarşı mənfi duyğular yaranırsa, hətta 18 yaşından sonra adından imtina edə bilir.
Ümumiyyətlə insanın adı ilə şəxsiyyətinin nə qədər bütünlük, vəhdət təşkil etməsi əslində önəmlidir. Çünki, şəxs öz adının mənasını nə qədər mənimsəyib və yaxud öz adının mənasını izah edərkən hansı sözcüklərdən, hansı sifətlərdən istifadə edir və bu onun üçün nə qədər önəmlidir maraqlı olur. Çünki çox vaxt məsələn, "adım Mətanətdir, özüm də çox mətanətliyəm" deyirlər və yaxud "adım Mələkdir, özüm də çox xeyirxah insanam" kimi ifadələri istifadə edə bilirik. Ona görə də şəxsin öz adı ilə nə qədər bütünləşməsi, öyrəşməsi çox vacibdir. Qeyd etdiyim kimi şəxs ya adını daşıya bilmir, ya ona qoyulan adı sevmir və yaxud ona qoyulan addakı digər şəxsi sevmirsə, bu məsələlərdə problemlə qarşılaşır. Amma təbii ki, insanın xarakteri, xüsusiyyətləri ilə adı da vəhdət təşkil etdiyi zaman o daha bütöv bir forma kimi qarşımıza çıxır".
Röyalə Xəyal