Tikintidə baş verən ölümlər...

və gizlədilən dəhşətli  faktlar

Ölkədə istehsalatda ölüm və digər bədbəxt hadisələrin  daha çox tikinti şirkətlərində baş verməsi danılmaz faktdır. Tikintidə təhlükəsizlik qaydalarına riayət olunmaması, işçinin işəgötürən tərəfindən qorunmaması sonda ağır hadisələrlə nəticələnir. Dalbadal ölüm və  ağır xəsarət halları baş versə də, sonda cavabdeh şəxslər bu məsuliyyətdən yayınır. Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparsa da, sonda məsuliyyətə cəlb edilən olmur. Bir çox hallarda isə işəgötürənlər tərəfindən bədbəxt hadisələr gizlədilir. Nəticədə də tikintidə bu cür bədbəxt hadisələr azalmaq əvəzinə, daha da artır.  İşəgötürənin işçi barədə məsuliyyət daşımaması birincini tam arxayınlaşdırır və şirkət rəhbərliyi işçisinin təhlükəsizliyinə diqqət yetirmir. Halbuki istehsalatda baş verən hadisə barədə işəgötürən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Başqa sözlə, bu işəgötötürənin vəzifə borcudur. Müvafiq icra hakimiyyəti orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyidir. Həmin müfəttişliyin formalaşdırdığı komissiya hadisə barədə İZ aktı(İstehsalat zədəsi) tərtib edəndən sonra prosedurlar baş verir. Əgər şəxs peşə xəsarəti nəticəsində sağlamlığını uzun müddətə itiribsə, onda tam müalicə olunmalıdır. Müalicə olunandan sonra tibbi sosial komissiya onun əmək qabiliyyətini hansı səviyyədə itirməsini müəyyənləşdirməli və ona uyğun olaraq xəsarət aldığı şirkət xəsarət alan şəxsə aylıq və ya birdəfəlik kompensasiya verməlidir. Məsələ odur ki, işəgötürən işçinin sağlamlığına vurduğu ziyana görə məsuliyyət daşıyır. Əgər bu xəsarət ölümə gətirib çıxarırsa, bu prosesdə cinayət işi başlanılır. Azərbaycanda isə belədir, işçi ilə işəgötürən şəxs arasında adətən əmək müqaviləsi bağlanmır. Hansısa şirkətdə ölüm hadisəsi baş verirsə, işəgötürən əgər insaflıdırsa, onun ailəsinə birdəfəlik kompensasiya ödəyir, bununla da iş bağlanıb gedir. Amma, ölən şəxsin vərəsəsinin qanuni kompensasiya alması üçün işçinin ilk növbədə əmək müqaviləsi olmalıdır. Əmək müqaviləsi əsasında işəgötürən onu sığorta şirkətində bədbəxt hadisədən sığortalamalıdır. Belə olsa, hansısa bər bədbəxt hadisə baş verərsə, o zaman sığorta şirkəti tərəfindən sığortası ödənilir. Əgər işəgötürən bunu etməyibsə, onda özü cavabdehlik daşıyır. Amma, təcrübədə belədir ki, işçi əmək müqaviləsi bağlamadan işləyir, istehsalatda hər hansısa bir travma alanda bu xəsarəti həmin şirkətdə almasını işəgötürənə sübut edə bilmir. Bu zaman işəgötürən könüllü halda heç nə ödəmir, iş məhkəməyə göndərilir. İşçi isə məhkəmədə 3 faktı sübut etməlidir. Birincisi həmin yerdə işləməyini, ikincisi, hadisənin həmin yerdə baş verməsini¸ üçüncüsü isə orta aylıq əmək haqqının miqdarını. Bunları sübut etmək isə çox çətindi. Çünki, o işəgötürənlə heç bir müqavilə bağlamayıb, ona görə də işəgötürən  bunu boynuna almır. Əalində isə hadisə işəgötürənin açıq-aşkar günahı üzündən baş verirsə və hadisə bir və ya daha çox şəxsin ölümü ilə nəticələnirsə, işəgötürən bu işə birbaşa cavabdeh olmalıdır. Bir nəfər də ölübsə, işəgötürən onun cavabdehliyini daşımalıdır.

Digər fakt  ondan ibarətdir ki, ölkdə tikinti işləri aparılan zaman bir çox hallarda həmin müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından verilən məlumata görə, ölkədə  əmək hüquqlarının qorunması sahəsində ən çox problem tikinti şirkətlərindədir. Orada işləyənlərin iş şəraiti həddən artıq acınacaqlıdır. Belə ki, tikinti şirkətlərində işçilər hündür mərtəbələrdə işləyir, amma onlara qoruyucu kəmərlər, xüsusi geyimlər, ayaqqabılar verilmir, bir sıra hallarda istehsalatda zədə alsalar da, belə faktlar gizlədilir: "Adətən özəl şirkətlər yaradılır, işçilər işə götürülür, amma 4-5 aydan sonra şirkət bağlanır. Bu da həmkarlar təşkilatları üçün problem yaradır. Buna baxmayaraq, bir sıra tikinti şirkətləri ilə danışıqlar aparılır, onlarda həmkarlar ittifaqları yaradılır. Həmin ittifaqlar işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atırlar. Fəhlələr nahar vaxtı daşın, sementin üzərində otururlar, onlara isti yeməklər verilmir. Ümumiyyətlə, tikinti şirkətlərinin 80 faizində əmək müqavilələri bağlanmır. Bir çox özəl şirkətlərdə əmək müqavilələrinə laqeyd münasibət var. İnsanları aldadırlar, istədikləri vaxt işdən qovurlar. Əmək müqaviləsi olmayanda işçi heç bir addım ata bilmir".

Kulane Peşə Təhsil Mərkəzindən bildirilib ki, son vaxtlar dünya üzrə tikinti və sənaye meydançalarında ölümlə nəticələnən bədbəxt hadisələrin sayı durmadan artır: "Apardığımız təhlillər onu göstərir ki, əksər hallar da bu cür arzuolunmaz hadisələr media subyektlərindən gizlədilir və cəmiyyət bu cür hadisələrdən xəbərsiz qalır. Peşə təhsili və Bacarıqlarının Sertifikatlaşdırılması istiqamətində fəaliyyət göstərən Kulane Peşə Təhsili və Təlimi mərkəzi, vaxtaşırı treninqlər, seminarlar keçirən təcürbəli bir mərkəz olaraq tam məsuliyyəti ilə bildirir ki, ölkəmizdə tikinti və sənaye sahəsində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit-SƏTƏM sahəsində hər hansı bir irəlləyişə nail ola biləcək ciddi tədbirlərimiz yoxdur. İşə götürən şirkətlər işçinin təhlükəsizliyini təmin edəcək avadanlıqlara həmçinin işçilərin maarifləndirilməsinə investisiya qoymurlar və ya cari xərcləri daim azaltmaqla müəssisələrin rentabelliyini qaldırmağa çalışırlar. Ən acınacaqlısı isə budur ki, məlumatsızlıq və bilgisizliklə müəssisə və təşkilatları idarə edən yerli və xarici sahibkarlar əmək məhsuldarlığının 86%-nin iş şəraitindən asılı olmasından xəbərsiz halda təlimlərə və əməyin təhlükəsizliyinə öz biganəlikləri ilə yeni iş qəzaların baş verməsində bilavasitə iştirakçıya çevrilirlər. Qeyd etməyi özümüzə borc bilib bəyan edirik ki, hər bir şəxsin səhər evdən təhlükəsiz çıxıb iş yerinə getdiyi kimi, axşam da evinə sağlam qayıtması arzusundayıq. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit - SƏTƏM sahəsində ixstisaslamış qurumlarda və o cümlədən dövlət nəzarət orqanlarına müraciət edərək bildiririk ki, hər bir işçinin sağlamlığı bizim prioritetimiz olmalıdır. Heç bir şey insan həyatından dəyərli ola bilməz. Məhz buna görədir ki, dünyanın tikinti-sənaye sahəsində şirkətlərin reytinq əmisalları qiymətləndirilən zaman baş verən bədbəxt hadisələrin minumuma endirilməsi xüsusi ilə diqqət mərkəzində saxlanılır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31