Asılılıq cinayət yox,xəstəlikdir... PROBLEM

Demək olar ki, hər gün ölkəmizə başqa ölkədən narkotik keçirilməsi cəhdi ilə bağlı xəbərlər görürük. Həm ölkə daxilində, həm də xaricdən gələn təhlükə ilə bağlı dövlət orqanları yetəri  qədər operativlik sərgiləyir. Ancaq sadəcə məsuliyyət daşıyan qurumların aldığı tədbirlər yetərli olmur. Cəmiyyət valideyn, müəllim, psixoloq qismində bu bəlaya qarşı məlumatlı olmalı, məsuliyyəti dərk etməlidir. Heç bir dövlət yeniyetmələrə ayrılıqda nəzarət edəcək gücə sahib deyil. Narkomaniya Azərbaycan üçün əsrin bəlası adlana bilər. Sosial, siyasi, iqtisadi, dünyada baş verən xoşagəlməz hadisələr depressiyaya, daha sonra asılılığa sürükləyir.

Problemlə bağlı sosioloq Sənubər Heydərli suallarımızı cavabladı:

-Sənubər xanım, gəncləri asılılığa vadar edən səbəblər hansılardır?

-Əvvəla bilməliyik ki, bizim haqqında danışdığımız asılılıq xəstəliyidir. Bu xəstəliyin hər hansı maddə istifadəsi ilə əlaqəsi yoxdur. İnsan maddə istifadə etsə də, etməsə də asılı şəxs ola bilər. Bu psixoloji xəstəlikdir. İnsanlar bilməlidir ki, bu cinayət deyil, xəstəlikdir. Hətta yaxın keçmişdə narkotik istifadəçiləri üzərindən cinayət məsuliyyəti götürüldü. İstifadəçilər xəstəliyi olan şəxs kimi qəbul edilməyə başladı. Şəxsin üzərində satış məqsədi daşıyan miqdarda narkotik yoxdursa, o, cinayətə cəlb edilmir. Əvvəllər şəxsi istifadə üçün narkotik "gəzdirən" insanlar həbsə göndərilirdi. İndi müalicəyə cəlb edilir. Məhkəmənin qərarına əsasən tutulan şəxs məcburi müalicəyə göndərilir. Müalicə müddəti 6 ay ilə 2 il arasında dəyişir. Bu mərhələdən sonra onlar uzun müddət elektron qolbaq istifadə etməlidir. Qolbaqdan istifadə qanunla icazə verilən ərazidən uzaqlaşmaların  qarşısını almaq üçündür. Asılı şəxs və cinayətkar anlayışları fərqlidir. Hazırda vermək istədiyimiz mesaj asılı şəxsin cinayətkar yox, xəstə olması və özü ilə birlikdə ailəsinin də bu problemdən əziyyət çəkməsidir. 

Asılılığı olan şəxslər həssas insanlar olur. Asılılıq adətən yeniyetmə dönəmindən başlayır. Oyun, qumar, içki, narkotik-hər biri asılılığın fərqli növləridir. Yeniyetmə dönəmində şəxslər aludə olmağın altından qalxa bilmirlər. Asılılıq yaradacaq başqa vərdişlərlə bunu ört-basdır etməyə çalışırlar. Sosial dəstəyi, valideyn diqqəti, akademik dəstəyi olmayan gənclər daha tez tələyə düşə bilir. Təəssüf ki, ölkəmizdə ailədən başqa heç kim yeniyetməyə nəzarət etmir. Məktəbdə müəllimlər sadəcə "qayıb" yazmaqla məşğuldur. Yeniyetmələr inkişaf etmiş pedoqoji müşahidə altında olsalar, onları vaxtında xilas etmək mümkün olar. Məktəblərdə bu funksiya yerinə yetirilmir. Ölkəmizdə uşaq müdafiə sistemi də zəifdir. Aludə olan gənclərin sayının artmasında bunun da rolu böyükdür. Müdafiə sistemi güclü olsa, həm valideynlər, həm də məktəbdə olan məsul şəxslər- pedaqoqlar, psixoloqlar problem haqqında məlumat sahibi olarlar. Vaxtaşırı polis orqanları tərəfindən məktəblərdə bu mövzu haqqında dərslər keçirilir. Ancaq, bu dərslər kifayət edəcək səviyyədə deyil. Problemin çətinlikləri, necə bu yola başladıqları haqqında məlumat verilmir. Bu baxımdan görülən tədbirlər çox zəifdir. Deyək ki, həssas bir gənc var. Hər birimizin həyatında olduğu kimi, onun da həyatında çətinliklər var. Hansısa səbəbdən boşluğa düşməsi onun ən yaxın və asan görünən asılılığa düşməsi üçün kifayət edir. Əlində yaxşı pulu olan kartı, kompüteri varsa, oyun aludəsi olur. Yaxınlığında maddə təklif edən biri varsa, rahatlıqla narkotik istifadəçisi ola bilir. Maddə asılılığı ilk öncə yüngül dozalı maddələrdən başlayır. Hazırda vəziyyət ona görə pisdir ki, narkotik maddələrin qiyməti çox ucuzlaşıb. Əvvəlki dönəmlərdə qiymətlər idxala bağlı olaraq baha idi. İndi adı kifayət qədər populyar olan-"patı", "şüşə","kakos" ucuzdur. Bir dozanın qiyməti az qalsın bir paket siqaretin qiymətinə bərabərdir. Bu halda uşaqlar üçen narkotik əlçatan olur. Nəzarət zəif olduğundan yeniyetmə üçün əlverişli zaman yaranır. Problemin başqa səbəbləri də var. Pandemiyada qapanma və ardınca müharibə şəraiti maddə asılılığını gücləndirdi. Xüsusən ətrafda stress faktorunun çox olması buna təkan verir. Bir neçə maddə istifadəçisi etiraf edir ki, onlar pandemiya zamanı maddə istifadəsini artırıblar. Başqa ölkələrdə olduğu kimi öıkəmizdə də post-müharibə dönəmində alkoqolizm, narkomaniya, cinayət, aqressiya, məişət zorakılığının göstəriciləri artır. 

-İctimai qınaq bu kimi hallarda necə rol oynayır?

-İctimai qınağın maneə yaratmasına müalicə dönəmində daha çox rast gəlirik. Məsələn, qohumlardan biri ağır xəstəlikdən əziyyət çəkirsə,digər qohumlar dəstək göstərməyə başlayır. Pul yığılır, dəstək göstərilir. Bu, normal qarşılanır. Ancaq şəxs narkotik aludəçisi olduğu zaman "əşşi narkomandı, sağalan deyil", "bitmiş insandı", "ona kömək etməyin heç bir mənası yoxdur" kimi ifadələr işlədirlər. Bu fikirlər ona görə formalaşıb ki, insanlar müalicə üsulları haqqında xəbərsizdirlər. Aludə olan insanlar alternativ vasitələrlə "müalicə" edən fırıldaqçıların da əlinə düşürlər. Eyni zamanda klassik müalicə üsulu olan, disponserə yerləşdirməklə sağalacaqlarını düşünürlər. Halbuki bu xəstəlik üçün 21 günlük müalicə çox azdır. Narkomaniya xərçəng, təzyiq problemi, ürək çatışmazlığı kimi ömür boyu insanı rahat buraxmayan ciddi xəstəlikdir. Müalicəyə gedən narkoman artıq son həddədir. Ailəsinin inamını itirib, satacaq heç nəyi qalmayıb. Dibdədir. İctimai rəyin rolu budur. İnsanın iradəsi çatmayıbsa, müalicə ala bilməyibsə, ictimai dəstəkdən kənarda qalır. 
Narkomaniyanın müalicəsi kifayət qədər çox xərc tələb edir. Dövlət xəstəxanalarında tərtib edilən müalicə proqramından fərqli olaraq, özəl reabilitasiya mərkəzləri fərqli metodla işləyir. Bu, mərkəzlərdə işləyən insanlar keçmiş istifadəçilərdir. Dünyada ən effektiv metod "12 addım" metodudur. Anonim narkomanlar tərəfindən bu addım atılıb. Aludə olan şəxs ən az 6 ay həmin müəssisədə vaxt keçirməlidir. Həmin zaman ərzində "12 addım" metodu ilə tanış olur. Həmin zaman ərzində maddələr onun üçün əlçatmaq olmalıdır. Həmin addımları sağlam şəkildə keçmək vacibdir. İctimai qınaq isə bu mərhələdə öz işini görür. Ümumi rəy bu xəstələrin əleyhinədir.

- Ətrafımızda aludə olduğunu bildiyimiz insanlara qarşı necə davranmalıyıq?

-Ətrafımızda aludə olduğunu bildiyimiz insanları düzgün yönləndirmək lazımdır. Sadəcə bilməliyik ki, bu fiziki xəstəlik deyil. Aludə olan insanlar var ki, heç bir müalicə mərkəzinə getmədən sağalır. Təbii ki, icmanın dəstəyi ilə. Xəstəxanalardan kənar müalicə üsuluna yönəlmək lazımdır. Anonim narkomanlar qrupu haqqında kifayət qədər məlumat var. Həmin şəxslər qanuna əsasən özlərini reklam edə bilməz. 

Adətən, kiminsə vəziyyəti yaxşı olduqda, zövq almağa davam etdikdə müalicəyə müraciət etmir. Müalicəyə müraciət edən ailələr çökmüş halda olur. Çox az hallarda fərd özü aludə olduğunu anlayıb, tədbir görməyə başlayır. Şüurluluq dərəcəsi dedikdə savad nəzərdə tutulmur. Çünki, narkomanların içərisində yetəri qədər savadlı gənclər var. Yaxşı maaş, qabiliyyət onları asılılıqdan xilas edə bilməyib. Onların üzərindən xətt çəkmək doğru deyil. Mənim məşğul olduğum gənclərdən biri Azərbaycanı dünyada təmsil etmiş gənclərdəndir. İdman sahəsində nailiyyətləri, kubokları olub. Məktəbdə dəfələrlə olimpiya çempionu olub. Onlar avara uşaqlar deyil, nəzarəti və dəstəyi zəif olan gənclərdir.

Narkoloji müalicədə əsas yeri həm də ailənin müalicəsi tutur. Ailə üzvləri hansısa asılılıqdan əziyyət çəkməyə bilər. Ailə üzvü ruscadan tərcümədə "birgə asılı" insanlar olur. Bu birbaşa maddədən yox, onun davranışlarından və düşdüyü vəziyyətdən əziyyət çəkən insanlar üçün deyilir. Ana, ata, uşaq, həyat yoldaşı, sevgili- bunlar birgə asılıdır. Onlar üçün də qruplar mövcuddur. Anadilli uşaqlar üçün də həmin proqramlar nəzərdə tutulur. Ailə üzvləri yaxınlarınl sağlam görmək istəyirsə, özü də müəyyən mərhələdən keçməlidir. Müalicə dövründə hansı davranış növü onun yaxını üçün zərərlidir və.s kimi şeyləri öyrənməlidir. Bunu etməyən ailə üzvləri həmin insanı zərərli davranışa təşfiq etmiş olurlar.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31