"Meymunçiçəyi epidemiyaya çevriləcək" - Ölüm faizi...
25 May 2022 15:12 Sosial"Meymunçiçəyinin yoluxma statistikasına baxdıqda, həmin virusun coğrafi baxımdan daha da geniş yayıla biləcəyi, epidemiya olacağı ehtimalı artır".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Mütəxəssis qeyd edib ki, bu virusun pandemiya yaradacağı elmi olaraq ehtimal edilmir:
"Virus epidemiya halını aldıqda immun sistemi zəif olanlar, yəni ciddi immun xəstəliyi olanlar təhlükədə olacaq. Bu digər virus xəstəliklərinin əksəriyyətində də belədir. Ölüm faizinin Afrikada 1-10% olması heç də o demək deyil ki, bu virusun öldürücülük qabiliyyəti Avropada, Amerikada və Asiyada da belədir. Bu adı çəkilən yerlərdə dəfələrlə azdır".
N.Abdullayev bildirib ki, Portuqaliya və Amerikada yeni yoluxma hallarına səbəb olan viruslar eynilik təşkil edir və bu viruslar 2018-ci ildə yayılan viruslardan fərqlənmir:
"Bu da bir daha onu göstərir ki, hələ virusun özündə narahat doğurucu ciddi bir dəyişiklik yoxdur. Bugünə olan yoluxma hallarına baxdıqda hazırda mövzud olan müvafiq peyvəndlər ciddi şəkildə xəstəliyin yayılmasının qarşısını ala bilir. Eyni zamanda xəstəlikdən sağalmanı, daha doğrusu onu yüngül keçirtməyi təmin edə bilir".
Sfera.az