"Öyrədilməyən bir mühitdə imtahan götürmək nə deməkdi?"
31 Mart 2022 12:38 SosialNizami Cəfərov:" Bizdə mütəxəssis çatışmazlığı var"
Filologiya elmləri doktoru, professor Nizami Cəfərovun Olaylar.az-a müsahibəsi
- Nizami müəllim, Azərbaycan ədəbiyyatının hazırkı durumunu necə xarakterizə edərdiniz? Müasir Azərbaycan ədəbiyyatının Hüseyn Cavidi, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəsi kimi gördüyünüz yazıçı-şair varmı?
- Azərbaycan ədəbiyyatı öz tarixinin heç bir mərhələsində nədənsə çətinlik çəkməyib. İstər Azərbaycan xalqının sosial-siyasi iradəsini ifadə etmək baxımından, istərsə də onun estetik ruhunu, düşüncələrini, mədəniyyətini ifadə etmək baxımından. Bu gün də elədir. Bu gün də Azərbaycan ədəbiyyatı barəsində nigarançılığa heç bir əsas yoxdur. Ona görə ki, çox istedadlı qələm sahiblərimiz var və onlar ən müxtəlif nəsillərə aid olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyatı dərindən bilən, ədəbiyyat haqqındakı elmi yaxşı mənimsəmiş insanlardır.
O ki qaldı onlar özlərini bizim böyük yazıçı-şairlərimiz Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi göstərə bilirlərmi sualına, mən bu suala kifayət qədər nikbin cavab verə bilərdim. Çünki, bu gün bizim ədəbiyyatımızda, onun ən müxtəlif sahələrində, janrlarında, növlərində, mövzularında qələm işlədən Nəriman Həsənzadə kimi düha, Anar, Elçin, Mövlud Süleymanlı kimi böyük yazıçılarımız var. Hələ onları bir az yaşlı nəslə aid etsək, sonrakı nəsillərdən Sabir Rüstəmxanlıdan, Yunus Oğuza qədər və Yunus Oğuzdan sonra bizim böyük yazıçılarımız, nasirlərimiz, şairlərimiz var. Məsələn, Aqil Abbas, böyük şairimiz Ramiz Rövşən, yazıçımız Afaq Məsud, Zakir Fəxri var ki, ədəbiyyatımızın nəhənglərindəndir. İndi yeni nəsil demək olar ki, kifayət qədər dəyərli əsərlər yaradır. Amma bu günün Hüseyn Cavidi, Səməd Vurğunu bir az ayrı bir hadisədir. Bəxtiyar Vahabzadə əslində bu günə yaxındır, o, keçmişdən fərqlənir. Amma bununla yanaşı bu ənənə qalır və istər-istəməz hər dövrün böyük şairi, sənətkarı nədəsə irəli gedir. Məsələn, biz bu gün öz böyük sənətkarlarımızı Nizami Gəncəvi, Nəsimi, Füzuli, Vaqif ilə müqayisə edə bilərikmi? Edə bilərik, çox böyük məmnuniyyətlə. Niyə buna çox vaxt cəhd göstərmirik? Ona görə ki, müəyyən dövrdən sonra onlar artıq müqəddəsləşir. O ideyalar o müqəddəsliyin fonunda, ya platformasında, fundamentində görünür, ona görə biz əlbəttə bu cür müqayisələrə çox getmirik. Amma nəticə etibarilə onu da qəbul edirik ki, cəmiyyət, ictimai şüur, estetik maraqlar yeniləndikcə, daha miqyaslı bir ədəbiyyat yaranır.
- Yunus Oğuzun bütün kitablarına ön sözü siz yazmısınız. Onun qələmi haqqında nə düşünürsünüz?
- Əvvəla qeyd edim ki, Yunus Oğuz mənim dostumdur. Bununla yanaşı, bizdə tarixi roman yaradıcılığının artıq ən böyük hadisəsidir. Yəni, onun bu sahədə gördüyü işlər hətta M. S. Ordubadini, Y. V. Çəmənzəminlini də keçib. Üstün cəhət ondan ibarətdir ki, Yunus Oğuz tarixi təkrar etmir, tarixi sadəcə təsvir etməklə işini bitirmir. Yunus Oğuz tarixə müasir nöqteyi - nəzərdən, tarixin faktlarını zədələmədən yanaşır. Eyni zamanda, Yunusun çox güclü, miqyaslı tarix fəlsəfəsi var və bu baxımdan əlbəttə ki, onun yaradıcılığı bugünkü Azərbaycan ədəbiyyatı, ictimai fikrimiz üçün çox dəyərli bir hadisədir.
Yunus eyni zamanda ideoloqdur və bu ideoloji mükəmməllik, aktivlik onun əsərlərində görünür. Bu da tarixi öyrənməkdə xüsusilə bizim gənclərimizə təsir edir. Mən Yunusun istənilən kitabı haqqında hər zaman yüksək fikirdə olmuşam. Əlbəttə, tənqid olunmalı məqamlar ola bilər və kimsə nədəsə, hansısa epizodda və ya estetik bir mətn yaradıcılığı texnikasında onu tənqid edə bilər. Amma bütövlükdə Yunus Oğuz həqiqətən bizim çox dəyərli, məhsuldar, uzaqgörən yazıçımızdır.
- Azərbaycanın müasir təhsil sistemini və dünya təhsilində yerimizi necə qiymətləndirirsiniz?
- Təhsil hər bir xalqda, hər bir dövrdə hər zaman problemlidir. Çünki təhsildə həm keçmiş var, həm də gələcək. Keçmişlə gələcək necə uzlaşdırılmalıdır məsələsi ciddi mübahisələrə səbəb olur.
Digər bir tərəfdən bizim bugünkü təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası prosesi gedir və bu proses bəzən çox ağrılı olur. Yəni, biz bəzən dünyada gedən təhsil hadisələrini, proseslərini mexaniki-texniki qəbul edirik. Bu bəzən "gözdən pərdə asmaq" səviyyəsinə qədər aşağı enir. Amma bununla yanaşı təhsil sistemində irəliləyişlər də var.
Çox qəribədir ki, bizim gənclərin, tələbələrin təhsil almaq qabiliyyəti, enerjisi bizim təhsil müəssisələrimizi arxada qoyur. Bunun bir səbəbi də odur ki, bizdə təhsil verənlərin səviyyəsində problemlər var və bunu sübut edəcək faktlar da var. Bu faktar nədən ibarətdir? Bizdə ali təhsil müəssisələrimiz xaricdən müəyyən mütəxəssislər dəvət etməyə məcburdur. Demək, bizdə mütəxəssis çatışmazlığı var.
Eyni zamanda, başqa bir fakt da var ki, bizim gənclər dünyanın ən məşhur ali məktəblərinə qəbul olurlar və çox böyük nailiyyətlər qazana bilirlər. Amma həmin nailiyyətləri çox zaman bizim ali təhsil müəssisələrimizdə qazana bilmirlər. Yəni, demək bizim potensial imkanlarımız indiki vəziyyətimiz ilə müqayisə olunmazdır. Amma bir məqam da var ki, indi bizdə elə universitetlər yaranır ki, onlar dünya universitetləri səviyyəsindədir. Bəzi universitetləri səviyyə etibarilə çoxdan arxada qoyublar. Burada məsələn, mənim iş texnikasına, kadrlarına, təhsil sisteminə az-çox bələd olduğum ADA universitetini qeyd edə bilərəm ki, bu universitet sübut etdi ki, Azərbaycanda bu cür möhtəşəm universitetlər qurula, fəaliyyət göstərə bilər və Azərbaycan elminə, intellektinə həqiqətən şöhrət gətirə bilər.
- Azərbaycan televiziyalarında yayımlanan bir sıra verilişlər cəmiyyətin müəyyən təbəqələrinin narazılığına səbəb olur. Xüsusilə də şou verilişlər, dəvət edilən müğənnilər, qonaqlar. Siz necə düşünürsünüz, televiziyada yayımlanan verlişlərin səviyyəsi nə yerdədir?
- Əlbəttə, bu sahədə də problemlər mövcuddur. Mən ilk növbədə AzTV-də müəyyən dəyişikliklərdən sonra özünü göstərən o ictimai-siyasi mövzulara marağı ayrıca qeyd etmək istəyirəm. Doğrudur, burada Azərbaycan prezidentinin, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın, ordumuzun ərazi bütövlüyümüz uğrunda mübarizədəki qələbəsinin doğurduğu əhval-ruhiyyə də böyük rol oynayır. Yəni, AzTV-dəki verlişlər hər zaman bizim dövlət siyasətimiz, dövlət başçımızın inqilabi fəaliyyəti, bu fəaliyyətin işıqlandırılması, dövlətçilik, ümumilli maraqlarımız ilə bağlı olub. Amma burdan gələn enerji də var ki, bunu vaxtlı - vaxtında, ləyaqətlə, istedadla, miqyaslı şəkildə, xeyli dərəcədə analitik planda işıqlandırmaq da AzTV-nin, orada çalışan əməkdaşların xidmətidir.
Digər televiziyalarımız, məsələn, İctimai TV haqqında da xoş sözlər demək olar. Başqa televiziyalarımızın da imkanlarının xeyli dərəcədə genişləndiyini görürük. Amma sizin də vurğuladığınız ciddi bir məsələ var ki, bu da bizdə şou verilişlərin bayağılığının hələ də davam etməsi, aparıcıların səviyyəsinin hiss olunacaq qədər aşağı olmasıdır. Əlbəttə, bəzən qeyri-peşəkar aparıcıların içərisində müğənnilər birinci yeri tutur. Həmişə onların təqdim etdikləri verilişlərdə çatışmazlıqlar çox olub. Çünki o şou həddindən artıq çox şouya çevrilib və çox zaman da nəinki aparılan söhbətlər, ideya, məzmun, hətta verilişin özünün, mahnıların bayağılaşması şəkilində bütövlükdə verlişin məzmununa mənfi təsir edib. Bu sahədə bizim peşəkarlığımız, xüsusilə peşəkar aparıcılarımız çatışmır. Peşəkar aparıcıların yetişməsi üçün məktəb yox səviyyəsindədir. Ona görə də bu sahədə mütəxəssislərin yığışıb ciddi bir qərar qəbul etməsi lazımdır. Doğrudur, bizim müxtəlif televiziyalarımızda şuralar yaradıldı. Bu şuralar bəzən nəzarət etdiklərini hiss elətdirirlər, amma bütövlükdə nəyə nəzarət edəcəklər? Bu bizim təhsilimizdə də var. Biz yaman çox imtahan götürürük, hər yerdə imtahan lazımdır. Gənclər, yaşlılar imtahan verməklə məşğuldur. Əlbəttə, imtahan vermək pis şey deyil, məsuliyyətdir, vicdani işdir. Amma imtahan verəcək adamı yetişdirmək lazımdır. Öyrədilməyən bir mühitdə imtahan götürmək nə deməkdi? Onun nəticəsi nə olacaq? Eynilə televiziyalara mütəxəssislər, aparıcılar qəbul edəndə bunu nəzərə almaq lazımdır ki, ilk növbədə onları hansısa bir mühitdə yetişdirmək lazımdır və daha sonra seçmək lazımdır. Hazırlamaq, təlim, təhsil vermək çox mühüm amildir.
- Koronavirusa yoluxma halları gündən-günə azalır. Sizin pandemiya ilə bağlı ehtimallarınız, gözləntiləriniz nələrdi? Yumşaldılan karantin qadağalarından biri toylara dəvət edilən qonaq sayı oldu. Necə düşünürsüz, sizcə, toylarımız əvvəlki ab-havasını bərpa edə biləcəkmi?
- Əlbəttə, biz pandemiya təzyiqindən deyəsən yavaş-yavaş xilas olmağa başlayırıq. Post-pandemiya ilə bağlı həmişə söhbətlər gedirdi. İndi artıq çoxumuzda belə bir təsəvvür var ki, artıq pandemiya tamamilə arxada qalıb və normal bir həyat tərzinə başlayırıq. Amma deyim ki, pandemiya bizə bəzi şeyləri öyrətdi. Yəni, verdiyi insan itkiləri ilə bağlı, tək Azərbaycana yox, bütün dünyaya müəyyən nizam-intizam, qarşılıqlı yardım, kömək etməyi öyrətdi. Amma bununla yanaşı əgər bu gün yenə biz görürüksə, hər bir ailənin həyatında unudulmaz bir gün olan toylar yenidən tələb olunmayacaq qədər geniş miqyas almağa başlayır, əlbəttə bu bizi narahat etməlidir. Ona görə ki, biz vaxtilə toyları çox qəbul olunmaz hala gətirib çıxarmışdıq. Elə bil ki, o da sözün mənfi mənasında bir bazarın tərkib hissəsinə çevrilmişdi. Bunun qarşısını almaq üçün çalışmalıyıq. Çalışmalıyıq ki, şənlənəndə hansı miqyasda, nə üçün şənləndiyimizi bilək. Bu ciddi bir problemdir. Mən istəməzdim ki, pandemiyadan sonra toyların yenə hərc-mərclik həddində miqyası genişlənsin, bu qədər böyük xərclər çəkilsin, israfçılıq olsun. Eləcə də yas mərasimlərində. Yəni elə düşünürəm ki, pandemiyada bizim əldə etdiyimiz, qazandığımız müəyyən ənənələr, təcrübə ki var idi, o təcrübənin üzərindən məsuliyyətsizcəsinə atlayıb keçmək olmaz.
- Bir deputat, professor kimi insanlara hansı təkliflər, çağrışlar edə bilərsiniz?
Mən güman edirəm ki, biz Azərbaycan tarixində ən fəxredici və millətimizin inkişafı, dünya miqyasında olan lazımi yerini tutması, ümumilli həmrəyliyimiz üçün çox böyük işlər görüldü, Qarabağ bütövlükdə azad olundu. Şuşa bizim mədəniyyət paytaxtımızdır və bu il də Şuşa ilidir. Cənab prezidentin rəhbərliyi ilə Qarabağın Azərbaycana sözün həqiqi mənasında hərbi yolla birləşməsindən sonra o mənəvi, iqtisadi, tarixi birləşmə prosesi gedir və bu da xalqımızın əhval-ruhiyyəsinə çox müsbət, təkanverici bir təsir göstərir. Bu davam edəcək, biz Azərbaycan prezidentinin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacağıq ki, bunların içərisində ən mühüm məsələlərdən biri bizim bir xalq olaraq bütövləşməyimizdir. Yəni, biz bu gün dünyada 50 milyondan çox nüfuzu olan bir xalqıq və bu xalqın türk dünyası tərkibində bir intibah hərəkatı başlanıb. Bu hərəkat heç bir şübhə yoxdur ki, çox böyük uğurla davam edəcək və bizim xalqımız hər zaman dünyanın ən mədəni xalqları içərisində olacaq.
Röyalə Xəyal