Xidməti it və it təlimçilərinin beynəlxalq forumu keçirilib
7 İyun 2013 16:06 SosialMoskva şəhərində hüquq-mühafizə bölmələrinin tərkib hissəsi olan xidməti it və it təlimçisi heyətləri mövzusunda ikinci Qlobal Forum keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Foruma Azərbaycan, Moldova, Belarus, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Almaniya, Fransa, Latviya, Finlandiya, Yaponiya, Avstraliya, Argentina, Anqola və başqa dovlətlərin gömrük orqanları kinoloji strukturlarının rəhbərləri və nümayəndələri qatılıblar. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanovun verdiyi məlumata görə, forumun açılış mərasimində Rusiya Gömrük Xidməti sədrinin birinci müavini Vladimir Malinin və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya giriş nitqi söyləyiblər. Öz növbəsində, Ümumdünya Gömrük Təşkilatının Baş katibi K.Mikuriya forumun beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsindəki rolunu yüksək qiymətləndirib, tədbirin qaçaqmalçılıqla mübarizə işində gömrük orqanlarının təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını vurğulayıb. Forumda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən bəhs edən stend iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin Rusiya Gömrük Xidməti sədrinin birinci müavini V.Malinin və ÜGT-nin Baş katibi K.Mikuriya Azərbaycanın stendinə baş çəkib və Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin müxtəlif ölkələrin gömrük orqanlarının kinoloji xidmətlərilə peşəkar əməkdaşlığını yüksək qiymətləndiriblər.