İntihar insanın cəmiyyətlə münasibətinin pozulmasının nəticəsidir
25 Noyabr 2021 14:31 SosialDövrün ən aktual və ürküdücü problemlərindən biri - intihar, soyuq ölüm. Uşaqları, gəncləri, yaşlıları, ümumiyyətlə, insanları həyatından bir göz qırpımında vaz keçməyə vadar edən səbəblər nələrdir? İntihar çıxış yolu ola bilər?
"İntihar edən biri müxtəlif düşüncələr içində ola bilər, ancaq psixoloji olaraq alt mətnində önəmsənmək, anlaşılmaq istəyi durur".
Bu sözləri Olaylar.az-a mövzu ilə əlaqədar açıqlamasında psixoloq Xanım Quliyeva bildirdi.
"İntiharın insanları tətikləməsi faktı ilk dəfə Göthenin "Gənc Verterin əzabları" kitabında baş roldakı gəncin intiharından sonra vətəndaşların eynilə kitabdakı kimi həyatlarına son qoyması ilə meydana çıxdı. Uzun müddət "Verter effekti" adı altında paylaşılan bu fakt media və digər informasiya daşıyıcı qurumların bu barədə daha diqqətli olmasını tələb edir. Xəbər məlumatı kimi paylaşılan intihar hadisəsini çox detal vermədən, duyğusallaşdırmadan , xüsusilə intihar edən şəxsin şəklini paylaşmadan etmək lazımdır. Cəmiyyət tərəfindən tanınmış şəxslərin intiharı da insanları bu davranışa tətikləyə bildiyi üçün, onların ölümünün yaxınları üçün nə dərəcədə əzablı olduğunun paylaşılması onun təkrarlanma riskini azaldır.
Xüsusilə, insanlar öz həmyaşıdlarının intiharından və vəfatından təsirlənə bilirlər. Tanışları və qohumları intihar etmiş şəxslər də bundan təsirlənə bilirlər. Sanki intihar problemləri olan şəxslərə çıxış yolu kimi özünü xatırladır. Xüsusi yaş qrupu olmasa da 15-24 yaşlı şəxslərin statistikası daha çoxdur. Bu da həmin yaş dövrünün emosional gərginliyinin daha yüksək olması ilə izah edilə bilər. Çox təəssüf ki, hər intihar edəcək şəxs bunu aşkar şəkildə ifadə etmir. Eynilə hər intihar edəcəyini bildirən şəxs də doğurdan da bunu etmir. Ona görə də sosial fərqindəlik formalaşdıraraq həmin insanların problemlərinə toxunmaq fayda verə bilər. Ani travmatik hadisə ilə üzləşən şəxslər adətən bu travmanın ağrısına qatlana bilmədikləri üçün həyatlarına son qoya bilirlər. Ancaq hər problem yaşayan şəxs intihar barəsində düşünmür.
Belə davranışları önləmək üçün dəstəkləyici və anlayışlı ünsiyyət içində olmaq həmin insanların problemlərinin görüldüyünü bilməsi bu davranışı önləyə bilər. İntihar düşüncəsi olan şəxslərin psixoloji dəstək alması ən məqsədəuyğundur. Bu düşüncənin təkrarlanmaması və səbəblərinin aydınlaşdırılması üçün önəmli effektə malikdir. Hər kəs özünü duyğusal baxımdan çıxılmaz vəziyyətdə hiss edə bilir və bu çox normaldır. Amma bu duyğusal gərginliyin getməsini gözləmək, həll etməyə çalışmaq daha sağlam münasibətdir".
İntihar haqqında bilmədiklərimiz nələrdir? İntiharın görünən tərəfi olduğu qədər, bilmədiyimiz tərəfləri də xeyli çoxdur. İntihar nədir? İntihar hallarının qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilməlidir? Uzman-psixoloq Mələk Kərimova suallara aydınlıq gətirdi:
- İlk növbədə, intihar nədir sualı ilə başlamaq istəyirəm. İntihar Emil Durkhaym tərəfindən ortaya atılan, daha çox araşdırılan mövzulardan biridir. Durkhaym "İntihar və sosial incələmə" adlı əsərində intiharı qurbanın özü tərəfindən özünə qarşı yönəldilmiş bir ölüm şəkli olaraq qiymətləndirməkdədir. İntihar sözü dilimizə ərəb dilindən keçib və əslində bir insanın sosial və ruhsal səbəblərin təsiri ilə öz həyatına son verməsi kimi də qiymətləndirə bilərik. Durkeymin bu sahədə maraqlı bir fikri də var ki, əslində intihar insanın bir növ cəmiyyətlə arasındakı münasibət pozuntusunun nəticəsidir. İntiharda 3 əsas hissəyə diqqət etməmizdə fayda var. Bu 3 təməl hissəni də belə qiymətləndirə bilərik; niyyət, fəaliyyət və motiv.
Niyyət mərhələsi, insanın özünü həqiqətən öldürməyə dair bir istəyinin olub-olmamasıdır. Fəaliyyət mərhələsi, insanın özünü öldürmək üçün hər hansı bir fəaliyyətdə olub-olmamasıdır. Yəni, onun üçün bir fikir, niyyət olaraqmı beynində qalır, yoxsa, onu artıq həyatamı keçirir? Digər mərhələ isə motivdir. Yəni, insanı intihara sürükləyən, intihar etməyə səbəb olan motivlər nələrdir, nələri əsas gətirir, həll edə bilmir, problemləri nələrdir və motivləri onu hara istiqamətləndirir. İntihar həm də bir növ insanın həyatdan geri çəkilməsidir. Bunu yaşamaqdan, dünyadan bir qaçışı kimi də dəyərləndirə bilərik. İntihar həmin şəxsin acı çəkməsidir. İnsan çox böyük acı çəkir və gələcəkdə bu acının daha da böyüməsindən qorxduğu üçün intihara əl ata bilir. Bəzən bu hissədə, əslində, intihar edən insanın rasional düşüncə tərzinə sahib olduğunu deyə bilmərik. Çünki, daha çox duyğuların, emosionallığın təsiri ilə intihar reallaşmaqdadır. Həm də bu hissədə bəzən intiharı düşünən və ya hərəkətə keçən insanlar sanki, sadəcə bir həll yolu var imiş kimi hadisəyə yanaşırlar.
Ümumi baxdığımız zaman, Şeyndmana görə, intiharın ümumi xüsusiyyətləri var. Bu xüsusiyyətlər, məsələn, dayanılmaz ruhi əzabın olması desək daha doğru olar. İntiharlarda məqsəd bir həll yolunun axtarışıdır. Bir növ o insan ətrafdakılara intiharla bağlı niyyətini deyərkən, həm də həll yolları üçün bir yardım çağrısında olmağa çalışır. Yəni, bir yardım axtarır modundadır. İntiharda ortaq məqsədlərdən biri də düşünməmək, düşünməkdən yorulmaq fikridir. Doyurulmamış psixoloji ehtiyaclar da intiharda görülən əlamətlərdəndir. Yəni, həyatında olmayan və ya arzuladığı, həll edə bilmədiyi məsələlər də intiharda faktor kimi qarşımıza çıxır. Çarəsizlik, ümidsizlik intiharların hamısında ortaq duyğudur. Eyni zamanda, intiharda yaşanan duyğular ikitərəfli olur, yəni, ambuvalans duyğular çox yaşanılır. Çünki, şəxs bir tərəfdən intihar niyyətində olsa da, digər tərəfdən şəxsin daxilində həyatda qalma, həyatını davam etmə arzusu da var. Ona görə, intihar niyyəti olan şəxsin ətrafındakı şəxslərin yaxşı müşahidə qabiliyyəti olsa, öncədən bunu sezə bilərlər. Qaçmaq intiharlardakı ortaq reaksiyadır. Bir də, intiharlarda mütləq ipucları buraxmağa çalışırlar. Bu ola bilər ki, məsələn, intihar niyyətinin sosial şəbəkələrdə paylaşılması və yaxud kitabların arasına işarələr qoulması, ölüm istəyi ilə bağlı mesajların yazılması, ya da telefonda statusların bununla əlaqədar fikirlərlə dolu olması və s. Bütün bunlar ətrafa qarşı göndərilən mesajlar və yardım çağrısı kimi qəbul edilməlidir.
Durkhaymin də fikri burda maraqlıdır ki, intiharı 3 qrupa ayıra bilərik. Bunlardan biri eqoistlik intihardır. Bu hissədə insan sadəcə özünü düşünür və öz ehtiyacları, həyatdan gözləntiləri yerinə yetirilmədiyi zaman sanki, dünya onun ətrafında dönərmişcəsinə öz üzərinə fokuslanır. Amma insan sosial varlıq olduğu üçün cəmiyyətdən belə qaçır. Yəni, eqoistlik davranış onu eyni zamanda yalnızlığa itələyir. Bunun nəticəsində də intihara sürüklənir. İkinci fikir və bundan ibarətdir ki, sosial intiharlar var. Belə intiharlarda da əslində eqoistlik intiharların əksi olaraq, burada cəmiyyət o qədər şəxsə bağlıdır ki, ya da tam tərsi, şəxs cəmiyyətdən o qədər asılıdır ki, bu asılılıq onun psixoloji ehtiyaclarına zərər verməyə başlayır. Bu hissədə də artıq sosial bağlılıqdan yaranan intiharlar mövzu ola bilir. Üçüncü intihar isə, Durkhaymə görə qaydasız intiharlardır. Məsələn, cəmiyyətdə yaşanan sıxıntılar, krizlər, fövqəladə hallar və s. kimi situasiyalar, ekonomik çətinliklər qaydasız intiharlara bir nümunədir.
Türkiyə statistika qurumunun məlumatlarına görə, intiharla nəticələnən ölüm sayı 2015-ci ildə 34% olmuşdur və bu 34% 15-29 yaş aralığındadır. Yəni, xüsusən, yeniyetməlik və gənclik dövrü bütün dünya üzrə baxdığımız zaman intiharların yaş aralığının ən çox olduğu hissədir. İntihar davranışlarında risk orta yaşlarda, orta yaşların sonunda və yaşlılıqda da gedərək arta bilir. Çünki, yaşlılıqda da başqalarına yük olma və ya fizioloji problemlərlə mübarizə, bəzən bu xəstəliklər ağır ola bilər, maddi gücün azalması və s. kimi faktorlar da yaşlıların arasında intihar miqdarını və ya faizini artıra bilir. Ümumiyyətlə, intihar anlayışına baxdığımız zaman, bu anlayış düşüncə ilə başlayıb, ölümlə nəticələnən bir proses kimi qiymətləndirilə bilər. Ona görə də ətrafımızda zarafatla olsa belə intihar edəcəyindən bəhs edən şəxslər varsa, mütləq bu hissəni ciddiyə almağımızda fayda var. Çünki, intihar niyyətini söyləyən insan, nəzərə almalıyıq ki, intiharla bağlı ilk mərhələni sizə dilə gətirmiş olur. Əlaqədar qurumlar, ətraf mühit bu şəxsi ciddiyə almalı, eyni zamanda, onun dəstək mexanizmlərini gücləndirməlidirlər və yaxud psixoloji dəstək almağa istiqamətləndirməlidirlər.
Statistikaya baxdığımız zaman, qadınların intihara cəhd faizi kişilərə nisbətən daha yüksəkdir. Amma ölümlə nəticələnən ölüm sayı qadınlara nisbətən kişilərdə daha çoxdur. Bu isə qadınların emosionallığı ilə əlaqədardır.
Bu sadəcə müəyyən ixtisasların məsuliyyətində olan bir sahə deyil. Bəzən hər bir peşə sahibi çalışsa da, intiharların yenə də baş verəcəyini qeyd etmək lazımdır. Bu hissədə intihardan öncə profilaktik olaraq, insanları qoruyucu faktorlar arasında sosial münasibətlərinin möhkəm olması, anlaşılma hissi, sevgi bağları da insanı həyatda tutan amillər içərisində sıralana bilər.
Bir şeyi də qeyd etmək istəyirəm ki, Türkiyə "Ruh sağlığı" dərnəyi və Türkiyənin Gənclik və İdman Nazirliyinin birlikdə təsdiq etdiyi "İ.M.D.A.T" proyekti var ki, mən bu proyektin Azərbaycan üzrə təmsilçisiyəm. Proyekt artıq 1 ildir ki davam edir və bu proyekt çərçivəsində mən 500 saatlıq intihar mövzusunda təlimlər almışam, intiharla əlaqədar öz ölkəmizdə də maarifləndirmə çalışmalarına başlayacam.
Röyalə Xəyal