Nevşehirdə Türkiyə - Azərbaycan qardaşlığını təcəssüm etdirən ABİDƏ ucaldılıb
Millət vəkili Fatma Yıldırım Türkiyəyə səfər çərçivəsində Nevşehir Bələdiyyə sədri cənab Mehmet Sarvanla görüşüb.
14 Avqust 2021 11:26 SosialMillət vəkili Fatma Yıldırım Türkiyəyə səfər çərçivəsində Nevşehir Bələdiyyə sədri cənab Mehmet Sarvanla görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkilinin sözlərinə görə, görüş zamanı iki qardaş ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub: "Azərbaycan və Türkiyənin münasibətlərinin tarixi kökləri, dil, din, adət ənənələrimizin birliyinin önəmi xüsusi vurğulandı. Görüşdə "Bir millət, iki dövlət" fəlsəfəsinin 44 günlük Vətən müharibəsi zamanı özünü parlaq şəkildə təsdiqlədiyi bildirildi. Azərbaycan xalqı müharibə zamanı qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini çox yüksək dəyərləndirir və buna görə Türkiyə dövlətinə və xalqına təşəkkür edir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Qeyd edim ki, görüşdə Kappadokiya bölgəsiylə məşhur olan Nevşehirin Bərdə şəhəriylə qardaşlaşması məsələsi də diqqət mərkəzində olub. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, Nevşehir bələdiyyəsi tərəfindən bu şəhərdə Türkiyə - Azərbaycan qardaşlığını təcəssüm etdirən abidə ucaldılıb. Hündürlüyü 6 metr olan abidə şəhərin mərkəzi hissəsində yerləşir və Nevşehirə gözoxşayan gözəllik gətirir. Bu abidənin yaradılması gündən günə güclənən Azərbaycan - Türkiyə qardaşlığını bir daha nümayiş etdirir! Ziyarət zamanı göstərdiyi xüsusi qonaqpərvərliyə görə cənab Mehmet Sarvana təşəkkürümü bildirirəm".