Deputat Baş Prokurora müraciət etdi
Millət vəkili Fazil Mustafa Xəzər dənizinin sahilinin hasarlanması ilə bağlı Baş Prokurora müraciət edib.
30 İyul 2021 13:32 SosialMillət vəkili Fazil Mustafa Xəzər dənizinin sahilinin hasarlanması ilə bağlı Baş Prokurora müraciət edib. "Olaylar" müraciəti olduğu kimi dərc edir.
Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə
surəti: Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları, dalan 9 ünvanında yaşayan İslamova Elmira Seyfulla qızı, Cəfərov Çingiz Ramil oğlu və digərlərinə
Hörmətli Kamran müəllim,
Bakı şəhəri, Sabunçu rayonu Ləiş bağları, 9-cu dalanda yaşayan vətəndaşlar- İslamova Elmira Seyfulla qızı, Cəfərov Çingiz Ramil oğlu, Ağa Vüsal Yunis oğlu, Şirinov Eynulla hər biri fərdi qaydada, həmin ünvanda yaşayan Əbdürrəhimov və İsmayılov ailələri isə kollektiv şəkildə mənə müraciət edərək yaşadıqları ərazidə Xəzər dənizinin sahilinin hasarlanmasını, dənizə ümumi istifadədə olan gediş-gəliş yolunun bağlanaraq dəmir qapı qoyulmasını bildirərək, baş vermiş qanunsuz əməl və hərəkətlərin qarşısının alınması, pozulmuş hüquqlarının bərpa olunmasında Bakı şəhəri 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi şəxsimdən yardımçı olmağımı xahiş etmişlər.
Seçicilərimlə olan görüşlərimdə Xəzər dənizinin (gölünün) Sabunçu rayonu ərazisinə aid sahilboyu zolağın hasarlanması, vətəndaşların dəniz sahilinə çıxışının məhdudlaşdırıılması kimi halların sahibkarlıq subyektləri ilə vəzifəli şəxslərin qanunsuz birgə cinayət əməlləri nəticəsində baş verməsi dəfələrlə bildirilmişdir.
Mənə ərizə ilə müraciət edən Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları, 9-cu dalanda yaşayan vətəndaşların müraciәtlәrindәn aydın olur ki, Xəzər dənizinin qeyd olunan ərazisində sahilboyu zolaq altında olan torpaqlar, vətəndaşların ümumi istifadəsindəki yol sahəsi yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin mənafelərinə xidmət məqsədi ilə istifadəsinə və icarəsinə verilmişdir. Həmin ərazidə yaşayan vətəndaşların maraqları və ictimai ehtiyacları nəzərə alınmadan qanunsuz yollarla torpaq sahələrini əldə etmiş şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla dəniz kənarı zolaqda bağ evləri və digər obyektlər inşa edilmiş, sakinlərin dəniz sahilinə çıxışı məhdudlaşdırılmışdır.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndində birinci cümlədə qeyd edilir ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbacan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təqdimatı əsasında həyata keçirir.`
Azərbaycan Respulikası Su Məcəlləsinin 36-cı maddəsi ilə müəyyən edilmişdir ki, ümumi istifadədə olan su obyektləri - istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Ümumi istifadədə olan su obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su bioresurslarının ovu üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ vardır.
Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları ərazisində 9-cu dalanda yaşayan vətəndaşların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi qanunsuz yollarla istifadəyə verilmişdir. Torpaq sahəsindən Xəzər dənizinin sahili tikinti materialları ilə hasarlanmış, dənizə gediş-gəliş yolu qapı qoyulmaqla bağlanmışdır.
Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin ikinci və üçüncü cümləsində qeyd edilir ki, bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş dənizin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.
Həmin ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan dənizin çimərlik sahəsinin torpaq sahələri hasara alınma yolu ilə istifadəsi məhdulaşdırılmış, dənizkənarına gediş-gəliş yoluna isə böyük qapı qoyulmaqla vətəndaşların çimərliyə gediş-gəlişi tam məhdudlaşdırılmışdır.
Mənə müraciət etmiş vətəndaşların ərizələri əsasında tərəfimdən Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları, 9-cu dalan ünvanına baxış keçrilmişdir. Vətəndaşların ərizələrində göstərdikləri faktlar öz təsdiqini tapmışdır.
Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları, 9-cu dalandan Xəzər dənizinin sahilinə çıxış sahəsində olan ərazinin hasara alınması, yolun bağlanması və yol sahəsinə dəmir qapı qoyulması təkcə, sahibkarlıqla məşğul olan şəxslərin özbaşına qanunsuz hərəkətləri deyil, eyni zamanda vəzifəli şəxslərlə sahibkarların qabaqcadan əlbir olması yolu ilə cinayət əlaqəsinə girmələrinin nəticəsidir. Hesab edirəm ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları, 9-cu dalandan dəniz sahilinə çıxan ərazinin hasarlanması və dəniz sahilinə gedən yolun bağlanması vəzifəli şəxslərin xidməti vəzifələrindən sui-istifadə etməsi nəticəsində üçüncü şəxlərə qanunsuz üstünlük saxlamış, eyni zamanda həmin ərazidə yaşayan vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə qəsdən ağır zərər vurmaqla ictimai qaydalar kobud surətdə pozulmuş və cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri törədilmişdir.
Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları, 9-cu dalandan Xəzər dənizinin sahilinə çıxış sahəsində olan ərazinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərini pozmaqla hasara alınması, yolun bağlanması və yol sahəsinə dəmir qapı qoyulması əməlində cinayət tərkibi olduğundan müraciətimin araşdırılmasınına, eləcə də cinayət əməli törətmiş vəzifəli şəxslərin və sahibkarlıq subyektələrinin cinayət məsuliyyətinə cəlb edilməsinə, dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə vurulmuş zərərin aradan qaldırılmasına yardımçı olmağınızı xahiş edirəm.
Müraciətə baxılması barədə Milli Məclisə və ərizə müəlliflərinə cavab verməniz xahiş olunur.
Hörmətlə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa.
28.07.2021