Regional proqramların uğurlu icrası sosial rifahın yaxşılaşmasına yol açdı
Yaxud xəyalları reallığa çevirən mühüm sənədlər
29 İyul 2021 15:32 SosialYaxud xəyalları reallığa çevirən mühüm sənədlər
2004-cü ildən Azərbaycanda mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının doğurduğu müsbət məqamlardan biri də əyalətlərdə yeni iş yerlərinin açılması oldu. Respublikanın şəhər və rayonlarında yaradılan istehsal və emal müəssisələri, həmçinin mövsümü iş yerləri əhalinin məşğulluğunun təmin olunmasına, nəticə etibarilə sosial-rifah halının yaxşılaşdırılmasına yol açırdı. Bu həm də dövlət başçısı İlham Əliyevin 2003-cü ildə prezident kimi andiçmə mərasimi zamanı 600 min yeni iş yerinin açılacağı barədə söylədiyi fikirlərin reallaşması idi. Təsadüfi deyil ki, sözügedən Dövlət Proqramının icrası tam başa çatmadan ölkədə 600 min yeni iş yerinin açılması reallaşmışdı. İstər paytaxt, istərsə də regionlarda yeni iş yerlərinin açılması miqrasiya probleminə də öz müsbət təsirini göstərirdi. Belə ki, artıq ölkə gəncləri iş, qazanc axtarmaq üçün şimal qonşumuza, yaxud qardaş Türkiyə, hətta Avropaya belə üz tutmaq məcburiyyətində deyildi. Çünki ölkədə kifayət qədər yeni iş yerləri açılmışdı. Təsadüfi deyil ki, Dövlət Proqramının ilk 4 ilinin icrası müddətində qeyd edilən sayda iş yerlərinin açılması baxımından həmin proqramları xəyalları reallığa çevirən sənəd kimi də xarakterizə edirlər.
Kommunal problemlərin həllində dönüş
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı əyalətlərdə kommunal problemlərin həllinə də yol açdı və istər elektrik enerjisi, istər su, istərsə də təbii qazla təminat məsələsi kifayət qədər yaxşılaşdı. Əgər Dövlət Proqramının qəbuluna qədər respublikanın rayonları, hətta iri şəhərlərinə belə elektrik enerjisi fasilə ilə verilirdisə, bu gün artıq ölkədə bütün elektrik enerjisi istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin edilirlər. Həm Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2004-2008-ci illəri əhatə edən birinci mərhələsi, həm də ondan sonrakı dövrlərdə qəbul edilən digər Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ölkənin elektrik enerjisi ilə təminatı 100 faizə çatıb. Əgər Dövlət Proqramı qəbul edilənə qədər Azərbaycan şimal qonşumuz Rusiya və cənub qonşumuz İrandan ilin müüəyyən vaxtlarında elektrik enerjisi almaq məcburiyyətində qalırdısa, indi artıq Azərbaycan özü elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.
Əhalinin 100 faizlik qazla təminatı reallığa çevrildi
Eyni fikirləri təbii qazla təminat məsələsinə də aid etmək olar. Məhz Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycanda təbii qaz istehlakçılarının 100 faizi qazla təmin edilib. Təkcə şəhər və rayonlar, onların kəndləri deyil, hətta ən ucqar dağ rayonları və onların kəndləri belə bu gün qazlaşdırılıb. Əhalinin təbii qazla təninatı öz növbəsində Azərbaycanda meşə örtüyünün məhv edilməsinin də qarşısını alıb. Belə ki, müstəqilliyin ilk illərində, həmçinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilənə qədər respublikanın şəhər və rayonlarında təbii qazın olmaması vətəndaşlarımızı meşələrdən ağacları qırmaq və ondan istilik mənbəyi kimi istifadə etmək məcburiyyətində qoyurdu. Bu da nəticə etibarilə ölkədə meşə örtüyünün tədricən sıradan çıxmasına səbəb olurdu. Artıq tam əminliklə deyə bilərik ki, Azərbaycanda sözügedən problem də aradan qalxıb. Bu da onu deməyə əsas verir ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları həmçinin ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərib. Eləcə də Regionlrın sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası digər bütün istiqamətlərdə özünün müsbət nəticələri ilə yadda qaldı. Regionlarda yeni tikilən və yaxud bərpa edilən, yenidən qurulan məktəblər təhsilin, tibb mərkəzləri, xəstəxanalar səhiyyənin, mədəniyyət ocaqları mədəniyyətin inkişafına təkan verdi. Dövlət Proqramı çərçivəsində respublikada başdan-başa aparılan quruculuq-abadlıq işləri Azərbaycanı bir növ tikinti meydanına çevirmişdi.
Azərbaycanın dinamik inkişafının əsas bazası
Ümumiyyətlə, təkcə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"ı çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın dinamik inkişafının əsası qoyuldu. Bir qədər də dəqiqləşdirsək Dövlət Prqramları Azərbaycanın dinamik inkişafının əsas baza sənədi oldu. Proqramın icrasının ilk 5 ilində Azərbaycan iqtisadiyyatında sürətli inkişaf dinamikası müşahidə olundu. Əgər Dövlət Proqramının icrası başlayan zaman, yəni 2004-cü ildə Azərbaycanda Ümumdaxili Məhsul istehsalı 8,5 milyard manat təşkil edirdisə, 2008-ci ildə bu göstərici 38 milyard manata çatmışdı. Nəticə etibarilə iqtisadiyyatda 2,4 dəfə real artıma nail olunmuşdu.
Ölkənin simasını dəyişən Dövlət Proqramları
Bir sözlə 2004-cü ildən uğurla icra edilən və indiyə qədər qəbul edilmiş 4 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları respublikada şəhər, qəsəbə və kəndlərin simasını nəzərə çarpacaq dərəcədə dəyişib, bölgələrdə sosial-iqtisadi inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına, əhalinin sosial rifah halıının yüksəlməsinə yol açıb. Hazırda da Dövlət Proqramının 2019-2023-cü illəri əhatə edən mərhələsi uğurla davam edir.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir