İş qrafikimin gərginliyindən bütün ev işlərinə ayıracaq zamanım qalmır- MÜSAHİBƏ-ÖZƏL
5 İyul 2021 11:18 SosialKönül Nurullayeva: "İşdən geri döndüyümdə qalan zamanımı övladım və doğmalarımla keçirmək istəyirəm"
"Xörək bişirməyi çox sevirəm"
Azsaylı deputatlardandır ki, işinə, seçicilərinin problem və qayğılarına bu qədər həssaslıqla yanaşır, onları millət vəkili kimi fəaliyyətindən razı salmağa çalışır. Bütün bu fəaliyyətlər, işlər azmış kimi eyni zamanda Azərbaycanın haqq işi uğrunda mübarizəsi, dövlətimizin sülhpərvər siyasətinin dünyaya çatdırılması istiqamətində də yorulmadan səy göstərir, müntəzəm olaraq xarici mediada qeyd edilən istiqamətdə məqalələrlə çıxış edir. Elə "Deputat vaxtı" rubrikası ilə bağlı söhbətimiz əsnasında da millət vəkili Könül Nurullayevanın necə gərgin iş qrafikində çalışdığının şahidi olduq. Müsahibə boyunca millət vəkilinə edilən seçici zəngləri, hər bir müraciətə göstərilən həssas münasibət fonunda da bunun əyani şəkildə müşahidə etdik. Beləliklə, ənənəvi "Deputat vaxtı" rubrikasının budəfəki qonağı millət vəkili Könül Nurullayevadır.
![]()
-Könül xanım, əvvəla məlumat verim ki, bizim "Deputat vaxtı" rubrikamızda çalışırıq ki, mümkün qədər siyasətdən kənar mövzularda söhbət edək. Çünki sizlər kifayət qədər siyasətin içərisindəsiniz. İlk sualım da elə bu istiqamətdədir. Maraqlıdır, siyasətdən kənar söhbət etmək, müsahibə vermək Sizin üçün nə dərəcədə maraqlı, yaxud maraqsızdır?
-İctimai-siyasi fəaliyyətlə məşğul olan insanların fikirləri, proseslərə münasibəti hər zaman maraqla qarşılanır. Belə insanların öz auditoriyası olur. Üstəlik, əgər söhbət millət vəkilindən gedirsə, aydındır ki, bizim deputat statusumuzu seçicilərimiz müəyyənləşdirib. Onların səsləri sayəsində biz Ali qanunverici orqanda təmsil olunur və seçicilərimizi təmsil edirik. Ona görə istər siyasi, istərsə də siyasətdən kənar verilən açıqlamalarımız mütləq şəkildə məsuliyyətli olmalıdır. Şəxsən mənim üçün peşəkar və obyektiv media mənsublarının istər siyasi, istərsə də qeyri-siyasi suallarını cavablandırmaq maraqlı və xoşdur.
- Deputat Könül Nurullayeva vaxta, zamana dəqiqdirmi? Yəni, mümkün qədər təyin etdiyi vaxtda, söz verdiyi zamanda istər hansısa bir işi, istər görüşü reallaşdıra bilirmi?
![]()
-Hər zaman dəqiqliyə önəm vermişəm. Hesab edirəm ki, bu, insanın əsas keyfiyyət göstəricilərindən biridir. İmkan daxilində söz verdiyim işləri vaxtında reallaşdırmağa çalışıram. Əgər hər hansı yubanma baş verirsə, bu, məndən asılı olmayan səbəblə bağlıdır.
-Siz uzun illər gənclər və idman sektorunda fəaliyyət göstərmisiniz və bildiyimiz qədər bu sektorda müəyyən uğurlarınız da olub. Maraqlıdır, bu sahədən parlamentə, qanunverici orqana transfer olmaq, deputat seçilib fəaliyyət göstərmək, seçicilərlə işləmək çətin gəlmədi?
-Xeyr, əksinə. İdman özü çox geniş və maraqlı sahə olduğundan burada artıq sosial məsuliyyət baxımından təcrübə qazanmışdım. Millət vəkili seçildikdən sonra isə artıq yalnız gənclər və idmançılarla deyil, cəmiyyətin bütün kateqoriyaları ilə işləməyə başladım. Etiraf edim ki, çox məsuliyyətli bir işdir. Deputat qərargahıma müraciət edən şəxslərin hər birinə fərdi yanaşıram. Onların problemlərinin həlli istiqamətində komanda şəklində çalışırıq. Problemlər həllini tapdıqda bu insanların keçirdiyi sevinc hissləri şəxsən mənim üçün çox dəyərlidir. Bu, həm öz vəzifəmin öhdəsindən gəlmək bacarığının zövqüdür, eyni zamanda seçici məmnunluğunun bəxş etdiyi əvəzsiz sevinc hissidir.
![]()
-Sosial şəbəkələrdən izlədiyimiz qədər müntəzəm olaraq seçicilərlə görüşürsünüz, onları qəbul edirsiniz. Paralel olaraq AŞPA-nın toplantıları, parlamentlərarası deputat qruplarının görüşləri və. s. deputat Könül Nurullayeva üçün yorucu deyil?
-Düzünü desəm, mən əmək fəaliyyətimə başladığım gündən hər zaman gərgin qrafiklə işləmişəm. Hansı sahədə olmağımdan asılı olmayaraq, etimadı doğrultmağa, vəzifəmin öhdəsindən məsuliyyətlə gəlməyə çalışmışam. Bu da təbii ki, gərgin əmək və zəhmət tələb edir. Millət vəkili kimi namizədliyimi irəli sürəndə də təbii ki, bütün bunları nəzərə almışam. Bu baxımdan yoruculuqla bağlı hər hansı şikayətim yoxdur.
-Bütün bu gərginliklə bərabər müntəzəm olaraq xarici mediada yazılarla da çıxış edir, Azərbaycanın haqlı mövqeyini mümkün qədər dünyaya çatdırırsınız. Bəzən iddia edilir ki, xarici mediaya çıxmaq o qədər də asan deyil. Siz necə, yazılarınızın ayrı-ayrı ölkələrdə çap edilməsində çətinliklə qarşılaşırsınız?
-Xarici mediaya çıxmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq çox vacibdir. Çünki bizi illər boyu haqlı ola-ola haqsız duruma salmaq istəyiblər, işğal faktı ilə üzləşdiyimiz halda bu reallığı görmək və eşitmək istəməyiblər. Ona görə şəxsən bir millət vəkili kimi beynəlxalq platformalarda çıxış etmək üçün bütün imkanlarımdan istifadə edirəm. Çətinliklərlə, maneələrlə üzləşdiyim məqamlar da az olmur. Hətta bəzən elə müsəlman ölkələrinin media resursları olur ki, orada çıxış etmək çox çətindir. Erməni lobbisinin təsir imkanları çox olduğundan məqalələrin daha yumşaq yazılması tələb olunur. Halbuki, biz yalnız faktları qeyd edirik. Amma faktların belə təhrif olunmasını tələb etmək təbii ki, artıq qərəzdir. Bu, informasiya müharibəsinin reallıqlarıdır. Amma bu sahədə heç vaxt dayanmaq olmaq. Heç bir maneə bizi əsas hədəflərimizdən yayındırmır və yayındırmamalıdır.
![]()
-Heç şübhəsiz ki, bu iş gərginliyi, vaxt çatışmazlığı istər-istəməz Sizi ailədən, qohum-əqrəba və dost-tanışdan, rəfiqələrdən uzaq tutur. Bu baxımdan Sizdən küsüb-incimirlər?
-Şükürlər olsun ki, ətrafımdakı insanlar, doğmalarım, həyat yoldaşım və qardaşım başda olmaqla bütün ailə üzvlərim çox anlayışlı insanlardır. Onlar mənim fəaliyyət istiqamətlərimlə tanış olduqlarından bu barədə hər hansı inciklik müzakirə mövzusu olmur.
-Rəfiqədən söz düşmüşkən, yəqin ki, rəfiqəniz var və onlarla görüşməyə vaxt tapa bilirsinizmi?
-Bəli, çox olmasa da daim əlaqə saxladığım bir neçə yaxın rəfiqəm var. İş qrafikim gərgin olduğundan bəzən rəfiqələrimlə birgə vaxt keçirmək üçün istədiyim qədər zaman ayıra bilmirəm, ancaq buna baxmayaraq biz mütəmadi olaraq ünsiyyətdə oluruq. Təbii ki, uyğun vaxt tapdığımızda görüşürüb, hal-əhval da tuturuq. Ən əsası, yaxşı gündə də, necə deyərlər, pis gündə də bir-birimizin yanındayıq, mümkün qədər bir-birimizə dəstək oluruq.
-Bəs xahişlərini necə, Sizdən rəfiqəniz hansısa məsələdə ona kömək etməyi xahiş edirmi və kömək göstərə bilirsinizmi?
-Bütün məsələlərdə mənə müraciət edən şəxslərə imkan daxilində kömək göstərməyə çalışıram. Əgər bir məsələ məndən asılıdırsa, mütləq kömək edirəm. Məndən birbaşa asılı olmayan məsələlərdə isə vasitəçi kimi mütləq öz dəstəyimi göstərirəm. Bunu özümə mənəvi borc hesab edirəm.
-Deputat həmkarlarınızın boş vaxt olanda məşğul olduqları bir sıra işlər var. Bəs, deputat Könül Nurullayeva gün ərzində boş vaxtı olduqda nəylə məşğul olur?
-Bütün bu məsuliyyətlər və gördüyümüz işlər əsnasında, düzü, boş vaxta biz çox nadir hallarda rast gəlirik. Ancaq asudə vaxtım olduğunda onu əsasən ailəmə həsr edirəm. Onlarla birgə vaxt keçirməyi üstün tuturam. Təbii ki, müəyyən hobbilərim də var. Onlarla məşğul olmaqdan da böyük zövq alıram. Müxtəlif dünya mətbəxlərinin yeməklərini bişirməyi və ümumiyyətlə, mətbəxdə olmağı çox sevirəm. Bir də, dizayna böyük marağım olduğu üçün boş vaxtımda çalışıram yaradıcılıq işləri ilə də məşğul olum.
-Belə başa düşürəm ki, ev , mətbəx işlərinə zaman tapa bilirsiniz. Maraqlıdır, gündəlik yeməyi mətbəxdə özünüz hazırlayırsınız, yoxsa işlərin çoxluğundan dolayı mətbəx işlərini görən xidmətçi tutmusunuz?
-İş qrafikimin gərginliyindən həqiqətən də bütün ev işlərinə ayıracaq zamanım qalmır. İşdən geri döndüyümdə də artıq yorğun oluram, qalan zamanımı övladım və doğmalarımla keçirmək istəyirəm. Ancaq yenə də çalışıram ev işlərinə də müəyyən qədər vaxt ayırım. Xüsusilə, mən bayaq da qeyd etdiyim kimi xörək bişirməyi çox sevirəm. Bu, mənim hobbilərimdən biridir. Ona görə də dünya mətbəxi ilə yaxından maraqlanıram, daim yenilikləri izləyirəm və özüm də çalışıram ki, bu yenilikləri mətbəxdə tətbiq edim.
-Yuxarıda da qeyd etdiyim kimi uzun illər idman və gənclər sahəsində çalışmısınız. İdmana olan maraq, bağlılıq haradan yaranıb?
-8 ilə yaxın üzgüçülüyə getmişəm və peşəkar kimi üzməyi bacarıram. Hansısa yarışa qatılmaq məqsədilə deyil, sırf özümə maraqlı gəldiyi üçün üzgüçülüklə məşğul olmuşam. Həmçinin, stolüstü tennisə də getmişəm və bu idman növündə yerli turnirlər, universitetlərarası yarışlara qatılmışam. Bütün dəst medallar qazanmışam. Yəni idmana həmişə marağım olub.
-Maraqlıdır idmana marağı olan Könül Nurullayeva məktəb illəri dəcəl, dalaşqan olub, yoxsa sakit?
-Məktəb illəri mənim üçün çox vacib bir dönəm idi. Bu dövrlə bağlı mənim çox dəyərli xatirələrim var. Xatirələrimdən danışdıqda üzərimdə xüsusi əməyi, zəhməti olan əziz müəllimlərimi yada salmaq istəyirəm və elə imkandan istifadə edib müəllimlərimə təşəkkürlərimi ünvanlayıram. Sualınıza gəlincə, dəcəl demək də tam doğru olmaz bəlkə, ancaq çox fəal biri olduğumu deyə bilərəm.
Süleyman İsmayılbəyli