Qorxunc proqnoz: Bizə növbəti bəlanı təyyarələr gətirəcək

"Toyların keçirilməsinə icazə verilməsi çox yaxşı oldu. Toy həm sevincdir, şadlıqdır, həm də çox böyük bir biznesdir. Toylara icazə verildiyi üçün hamı sevinir".

Bunu  açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan Tibb elmləri namizədi Eldar Kamranov deyib.

Həkim bildirib ki, bizdə toylarda yoluxma olmayacaq:

"Dövlət COVİD-ə qarşı mübarizədə ilk gündən etibarən hər şeyi yüksək səviyyədə etdi və bunun üçün indi də əlindən gələni əsirgəmir. Ölkəmizdə epidemioloji vəziyyət bu gün çox sevindiricidir. Amma statistik rəqəmlərə nəzər salsaq görərik ki, birinci elə qardaş ölkəmiz Türkiyədə, digər qonşularımız Rusiyada, İranda, və dünyanın bir çox başqa ölkələrində vəziyyət heç də ürəkaçan deyil. Toylarda qonaqların sayına məhdudiyyət qoyulması, çox insanların toyu açıq havada keçirmək istəyi, 50-dən çox qonağın iştirak edəcəyi təqdirdə COVİD pasportu olan insanların məclisə buraxılması qərarları yoluxma sayını minimumda, stabil saxlayacaq.

Bizim əsas növbəti təhlükə mənbəyimiz xaricdən gələcək. Bizə növbəti bəlanı təyyarələr gətirəcək. Bizdə daxildə COVİD təhlükəsi yoxdur, vəziyyət respublikada stabildir. Artıq insanlar əsas qaydalara əməl edir, biz bu sistemə uyğunlaşdıq deyə bilərəm. Əgər bizi növbəti dalğa, növbəti təhlükə gözləyirsə, o ancaq xaricdən təyyarə ilə gətiriləcək. Bu, mənim şəxsi fikrimdir. Çünki dünyanın koronavirusla statistikasına nəzər saldıqda görə bilərik ki, bizim ölkədə xəstəlik az qalır sıfırlansın. 

Bizdə toylarda yoluxma olmayacaq. Toylarda o qaydalar tətbiq ediləcəyi üçün təhlükə yaradacaq səbəb də qalmır. Bizim təhlükəmiz yalnız xaricdən gələcək. Ona görə hava limanında qonaqlar və ölkəyə qayıdan vətəndaşlar ciddi yoxlanılmalıdır, sağlamlığı ilə bağlı müəyyən narahatlığı olan şəxslər izolyasiya olunsun. Bu məsələyə ciddi diqqət ayırmalıyıq". milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31