Erməni terrorçuların məhkəməsi iyunun 29-na təyin edildi
22 İyun 2021 15:02 SosialBakı Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən daha 13 nəfərlik erməni silahlı birləşməsinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. "Olaylar"ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin anket məlumatları dəqiqləşdirilib. Daha sonra vəkillər bütün proseslərin video-audio görüntülərlə keçirilməsi barədə vəsatət verib. Vəsatət təmin edilib. Hakimlər təqsirləndirilən şəxslərin hüquqlarını izah ediblər. Bildirilib ki, təqsirləndirilən şəxslər dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Həmçinin hakim qeyd edib ki, təqsirləndirilən şəxslər istədikləri dildə ifadə verə, məhkəmə tərkibi və vəkillərdən imtina edə bilər. Bununla yanaşı, təqsirləndirilən şəxslərin sərbəst ifadə verməkdən imtina da etmək hüququ da var. Sonda məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə baxışı iyunun 29-na təyin edilib. Məhkəmənin baxış iclası Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.