Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında Heydər Əliyevin müstəsna xidmətləri
Gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması daim prioritet vəzifələrdən olub
17 İyun 2021 16:09 SosialGənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması daim prioritet vəzifələrdən olub. Tarixin bütün dövrlərində olduğu kimi günümüzdə də qeyd olunan sahəyə diqqətin artırılması prioritet təşkil edir. Təbii ki, bu sahədə həyata keçirilən dövlət siyasəti də mühüm əhəmiyyət kəsb edir. Hüquqşünas Əli İbrahimov deyir ki, qeyd edilən sahədə həyata keçirilən dövlət siyasəti təqdirəlayiqdir. Əli İbrahimov hesab edir ki, bu siyasətin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, günümüzdə həmin siyasət, Heydər Əliyev ideyaları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki. Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir: "Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur". Əli İbrahimov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına imkan verir: "Gənclərin mənzil probleminə diqqətin artırılması, ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər üçün əmək birjalarının təşkil olunması, işsizliyin aradan qaldırılması üçün müxtəlif layihələrin reallaşdırılması, gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir. Yeni mərhələdə dövlətimizin başçısınin siyasəti ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində iştirak edir".
![]()
Hüquqşünas deyib ki, ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi: "İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan Ümummilli Liderimiz demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm". Bu həmin illərin ən böyük nailiyyətlərindən idi". Əli İbrahimov onu da diqqətə çatdırıb ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur: "Qeyd etdiyim kimi, hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmml təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövürdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir" -sözləri hər kəsin həyat devizinə çevrildi. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin gənclərin vətənpərvər ruhda tərbiyə olunması, bu ruhda böyüməsində də müstəsna xidmətləri olub".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir