Deputat: “Bu müddət ərzində insanlarımız çox kasıblaşıb, ümidsizləşib”
12 Aprel 2021 12:18 Sosial"Koronavirusun yaratdığı ölüm təhlükəsi məni də narahat edir. Amma vətəndaşlarımızın düşdüyü çarəsiz durum məni daha çox incidir. Bu müddət ərzində insanlarımız çox kasıblaşıb, ümidsizləşib və dövlətin də bəzi kateqoriya vətəndaşlara verdiyi sosial yardım onları sadəcə ayaqda saxlayır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Razi Nurullayevin sözlərinə görə, çoxlu iş yerləri bağlanıb, turizm sahəsində çalışanlar ümidsizlikdən də bezib: "Axı niyə turizmi aça bilmərik? Əslində bizim kimi turist cəlb etməkdə çətinlik çəkən ölkələr bu fürsətdən istifadə etməli idi. Dünyanın düz vaxtı turistləri Azərbaycana cəlb etmək asan deyil. Əgər vətəndaşlarımızın ləyaqətli həyatını təmin edə bilsək, heç kim qapanmadan narazı qalmaz, evində oturub seriala baxar. Amma arxasında bir qəpiyi olmayan vətəndaşı heç nüvə silahı da qorxutmaz, nəinki bir mikroskopik korona. Biz Amerika, Almaniya, Fransa və ya Britaniya deyilik ki, bir neçə aya özümüzə gələk. İqtisadiyyatımıza və iş yerlərinə dəyən ziyanı illərlə bərpa edə bilməyəcəyik. Vətəndaşlarımız da ildən-ilə daha yaxşı yaşama, ləyaqətli ömür sürmə həsrətində şirin yuxulardan ayılarlar. 90-cı illərin sonunda neft şirkətlərində işləyən xarici vətəndaşlar bizə deyirdi ki, ilk dəfə biz Dubaya gələndə onlar ayaqqabımızı təmizləyirdi, indi biz onların çəkməsini "maz"layırıq. On il keçər, siz azərbaycanlılar da bizə çəkmənizi təmizlətdirərsiniz. Amma iki onillik keçib, biz yenə də ayaqqabı təmizləyirik".