Torpaq sahələrindən qanunsuz istifadə halları artır
orpaqların məcburi geri alınması hansı qaydada həyata keçirilir?
8 Aprel 2021 12:20 SosialTorpaqların məcburi geri alınması hansı qaydada həyata keçirilir?
Qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür. İnzibati sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir. Məqsəd respublikada torpaq qanunvericiliyinin daha ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır. Lakin görülən tədbirlərə baxmayaraq yenə də torpaqlardan qanunsuz istifadə hallarına rast gəlinir. Vəkil Rövşən Qasımov qeyd edib ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvaiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istfadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərə (torpağa mülkiyyət hüququna dair dövlət aktı. Torpaqdan daimi itifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istofadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir: "Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan torpaq sahəsinin planı olduqda həyata keçirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Torpaq sahələri üzərində hüquqlara xitam verildikdə bu hüquqlara dair sənədlərin, dövlət aktı ilə verilən torpaqlar geri alındıqda isə dövlət aktının taleyi də həll edilməlidir. Torpaq Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, icarəyə götürülmüş torpaq sahəsində icarəçi tərəfindən tikilən binalar, qurğular və s. daşınmaz əmlak torpaq sahəsinin mülkiyyətçisinə keçir. İcarəçi həmin tikililərə çəkdiyi xərcləri mülkiyyətçidən bu şərtlə tələb edə bilər ki, bağlanmış müqavilələrdə onun bu hüququ müəyyənləşdirilmiş olsun. Əks halda, icarəçi torpaq sahəsini əvvəlki vəziyyətə gətirmək şərti ilə həmin tikililəri söküb materiallarını götürmək hüququna malikdir".
Onun bildirdiyinə görə, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrini nəinki dövlət, habelə bələdiyyə və ictimai ehtiyaclar üçün geri alına bilər: "Mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların məcburi geri alınması müvaiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqların məcburi satın alınmasına yalnız mühüm dövlət, bələdiyyə və ictimai ehtiyaclar üçün zəruri olduqda yol verilir. Mühüm dövlət, bələdiyy və ictimai obyektlərin yerləşdirilməsi torpağın məcburi satın alınması üçün əsas ola bilər. Torpaq Məcəlləsinin 70-ci maddəsinin 5-ci hissəsinə görə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət, bələdiyyə və ictimai ehtiyaclar üçün satın alındıqda onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilatların, yaxud müvafiq icrahakimiyyəti orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənilir. Yaşayış evləri mühüm dövlət, bələdiyyə və ictimai obyektlər sırasına daxil olmadığı üçün onların tikilməsi məqsədi ilə torpaq sahələrinin məcburi satın alınması qanuna uyğun deyildir. Torpaq sahəsinin alınması haqqında qərar qəbul edən icra hakimiyyəti orqanı bu barədə iddianı Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 248.2-ci maddəsinə müvaiq olaraq bildirişin göndərildiyi gündən bir il ərzində qaldıra bilər. Satın alınan torpaqların qiyməti müstəqil qiymətləndiricilərin (ekspertin) rəyi nəzərə alınmaqla, tərəflərin razılığı ilə müəyyən edilir. Həmin mübahisəyə baxan məhkəmə torpağın təyinatından, yerləşdiyi ərazidən, bazar məzənnəsindən asılı olaraq qiymət təyin etməlidir. Torpağın satınalma qiyməti müəyyənləşdirildikdə bu qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar qiyməti, torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən zərər, o cümlədən onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verildiyi üçün məruz qaldığı zərər də daxil olur".
Vəkil bildirib ki, bələdiyyələr yalnız "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulan qaydada ayrılıb onlara təhvil verilmiş torpaq üzərində mülkiyyət hüququnu həyata keçirə bilər və məhz bu torpaqlar barədə mübahisə edə bilərlər: "Bələdiyyələrin ümumi istifadələrində olan bu torpaqlar "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bənidinin 3-cü abzasında müəyyən olunmuşdur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsində müəyyən olunmuş səlahiyyətləri bələdiyyələr 2001-ci ilin yanvar ayının 1-dən etibarən həyata keçirdikləri üçün 2001-ci ilin yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrinin ehtiyac fondundan yaşayış evi tikmək, həyətyanı və bağ sahələri üçün verdikləri torpaqlar bələdiyyələr tərəfindən geri tələb oluna bilməz.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin 6-cə bəndinə görə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericilikdə göstərilən hallar istisna olmaqla, satınalma obyektlərinə daxildir. Həmin Əsasanmənin 11-ci bəndinə görə bu torpaq sahələri yalnız torpaq sahəsinin üstündə yerləşən müəssisə və obyektlərin sahiblərinə satıla və ya satınalma hüququ icarəyə verilə bilər. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı"nın 9-cu bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq həmin müəssisə və obyektlərin sahiblərinə satılır. Yeni mülkiyyətçi bu hüquqlardan imtina etdiyi halda həmin torpaq sahəsi digər şəxslərə icarəyə və ya mülkiyyətə verilə bilər. Bu halda imtina yazılı ifadə olunmalıdır. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları barədə" Əsasnaməyə görə həmin müəssisələrin yerləşdiyi torpaq sahəsi dedikdə özəlləşdirmə zamanı onların texniki pasportlarında göstərilən hüdudlar daxilində istifadələrində olan torpaqlar nəzərdə tutulur. Özəlləşdirmədə sonra texniki pasporta əlavə edilən torpaq sahələri özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi hesab edilmir".
R.Qasımov qeyd edib ki, torpaq sahəsi üzərində icarə və istifadə hüquqları başqalarına keçə bilər (məsələn, adlı-sanlı, nizamnamə (pay) fonduna verilmə, dəyişmə, bağışlama, vərəsəlik). Torpaq sahəsi üzərində hüquqların başqalarına keçməsi torpaq qanunvericiliyində və mülki qanunvericilikdə müəyyən edilmiş müvafiq qaydalarda həyata keçirilir. Torpaq üzərində hüquqların alqı-satqısı torpaq sahələrinin alqı-satqısı qaydasında rəsmiləşdirilir: "Keçmiş torpaq mülkiyyətçilərinin, habelə onların vərəsələrinin torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Lakin müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları başqalarının hüquqlarını pozmamaq şərti ilə konkret torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada onların mülkiyyətinə, istifadəsinə və yaxud icarəsinə verilməsi barədə fiziki və hüquqi şəxslərin arzusunu nəzərə ala bilər. Bu hallarda da torpaq sahəsi Torpaq Məcəlləsinin 48-ci maddəsinin müddəalarına əməl olunmaqla, həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməlidir.Torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir. Torpağa dair Dövlət aktı etibarsız hesab edildikdə, dövlət aktını verən orqan mütləq işə cəlb edilməlidir. Məhkəmələrə izah edilsin ki, yalnız mülkiyyətində olan torpaq sahəsində tikilmiş özbaşına tikililər üzərində mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Özbaşına tutulmuş torpaqlarda inşa edilən tikililərin müqəddəratı torpaq sahəsi məxsus olan müvafiq icra hakimiyyəti orqanları və yaxud bələdiyyələr tərəfindən həll edilir.Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər".
Nurlan
Olaylar.az