Paşinyanın Almaniyada mükafatlandırılması onun Qərbyönlü siyasəti ilə bağlıdır-Açıqlama- ÖZƏL
17:21 Siyasət" Paşinyanın Almaniyada mükafatlandırılması məhz onun Avropa yönlü siyasət xətti tutmasına qaynaqlanır. Mahiyyət etibarilə, Paşinyanın jurnalist işlədiyi dönəmlərə, sonra ictimai fəal olduğu dövrlərə baxdıqda, həmçinin inqilab illərinə və İnqilabdan sonra baş nazir olduğu dövrə nəzər saldıqda, bütün bu dövrləri birləşdirən səciyyəvi xüsusiyyətlərindən biri də Paşinyanın daim Qərb meyilli siyasət kursu həyata keçirməsidir. Yəni, ondan əvvəlki hakimiyyətlərdən fərqli olaraq, düşüncəsi, xarici siyasətə baxışı Rusiya mərkəzli yox, həmçinin Qərb mərkəzlidir".
Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
"Paşinyanın son dönəmlərdə atdığı addımlar, xüsusilə Moskvanı qıcıqlandıracaq açıqlamaları və qəbul etdiyi siyasi qərarlar, təbii ki, digər Avropa ölkələri kimi Almaniyada da xoş qarşılanır və bu prosesin məntiqi davamıdır ki, indi almanlar bir növ Paşinyanı mükafatlandırırlar. Bu, təkcə Paşinyanın şəxsiyyətinə hesablanmış bir addım deyil. Həmçinin bu qərarla onlar Paşinyan kimi digər siyasətçiləri, jurnalistləri, sıravi insanları, dövlət xadimlərini də Avropa meyilli siyasət kursuna bir növ təşviq etmək məqsədi güdmüş ola bilərlər. Ona görə ki, bir növ mesaj verməyə çalışırlar ki, baxın, bizi seçsəniz, bizə istiqamətlə hərəkət etsəniz, biz əvəzində sizi mükafatlandıracağıq.
Mən bunu Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı olduğunu o qədər də düşünmürəm. Çünki Cənubi Qafqazda sülh quruculuğundan danışırıqsa, biz bu istiqamətdə real atılan addımları sadəcə son bir neçə ildə, xüsusən Qarabağın işğaldan azad olunmasından sonra rəsmi Bakının həyata keçirdiyi siyasət kursunun fonunda gördük.
İşğal dövrünə qayıdaq, baxaq, nə zaman ki, rəsmi Bakı sülh deyirdi, sülhə çağırış edirdi, dinc münasibətlərə çağırış edirdi. Elə Almaniyada daxil olmaqla dünyanın bir çox ölkəsi bu çağırışları qulaq ardına vururdular, işğal faktı gizlədilirdi, görməzdən gəlinirdi. Azərbaycanın suverenliyinin bərpası, haqlarının bərpası istiqamətində heç bir real addımlar atılmadı və sülh heç kimin də, belə deyək, marağında deyildi. Sadəcə, bu, regiondakı reallığın dəyişməsi, yəni Qarabağın işğaldan azad edilməsindən sonra aparıcı söz sahibinin Azərbaycana çevrilməsi nəticəsində baş verdi ki, rəsmi Bakı ermənilər kimi, digər onlara dəstək verən erməni havadarları kimi münaqişə, qarşıdurma yolu yox, sülh yolunu seçdi və dominant aktor kimi başladı sülhü təşkil etməyə. Məhz, yəni bu, Qafqaz regionunda da sülh faktorunun müharibə və qarşıdurma faktorunun önünə keçməsi bununla başladı. Ona görə də mən indi düşünmürəm ki, burada almanların Paşinyanı medalla mükafatlandırmaqda məqsədləri sırf Qafqazdakı sülhün inkişafıdır. Çünki Paşinyanın burada heç bir rolu yoxdur.
Hətta Paşinyan, yadınızdadır, işğalın davam etdiyi dövrdə "Qarabağ Ermənistandır və nöqtə" demişdi. Bunun layiqli cavabını da almışdı, həm diplomatik dillə "Qarabağ Azərbaycandır" deyilərək, həm də meydanda Azərbaycan ordusunun şücaəti və Azərbaycanın məqsədyönlü xarici siyasətinin nəticəsi olaraq.
Buradan da elə sizin son sualınıza keçid vermək istəyirəm ki, bu Qafqazda sülhün əsas müəllifi, memarı da məhz Azərbaycan prezidentidir. Əgər bunu mütləq bir şəxs simasında görməliyiksə, bu nə Paşinyandır, nə X-dir, nə başqa birisidir, nə odur, nə budur. Bu, məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Ona görə ki, bayaq qeyd etdiyim kimi, məhz İlham Əliyevin yürütdüyü xarici siyasətin məntiqi nəticəsi idi ki, biz Qarabağın azad edilməsindən sonra regionda dominant söz sahibi olan bir ölkə kimi qarşıdurma yolunu deyil, müharibə yolunu deyil, böhran, isti ocaq və s. kimi mənfi istiqamətləri yox, birbaşa sülhün təşviqi istiqamətini seçdik və rəsmi Bakının bu siyasətinin nəticəsində də bu gün artıq, yəni bu Qafqazda müharibə, qarşıdurma leksikonları ikinci-üçüncü planlara keçirdilər, birinci planda isə sülh, sülhün təşviqidir".
Zeynəb Mustafazadə