Qadınların cinayət əməli törətməsinə səbəb olan amillər hansılardır?
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illər artan cinayət halları sırasında qadınların da müxtəlif cinayət əməlləri törətdiklərinin şahidi oluruq
8 Aprel 2021 12:07 SosialTəəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illər artan cinayət halları sırasında qadınların da müxtəlif cinayət əməlləri törətdiklərinin şahidi oluruq. Qadınların cinayət əməllərinə əl atmasına bir sıra amillər səbəb olur. Bir sıra ekspertlər isə hesab edirlər ki, əsasən ailədə baş verən zorakılıq halları qadınları cinayət əməlinə sövq edir. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. Onun sözlərinə görə. adətən, qadınların əksəriyyəti özlərini təcavüzdən qorumaq məqsədilə cinayətə əl atırlar: "Qadınların cinayət törətmələrinin tamah, adam oğurluğu, insan alveri, fahişəliyə cəlb etmə və digər səbəbləri var. Son dövrlərdə cinayət törədən qadınların ən çoxu ailə daxilində dözülməz münasibət və davamlı münaqişələrə etiraz edənlərdir. Dözülməz ailə problemləri onları cinayətə sövq edir. Ümumilikdə ölkədə cinayət törətmiş qadınların sayında ilbəil azalma müşahidə olunur. Statistikaya əsasən, cinayət törədənlərin əksəriyyəti kişilərdir. Qadınların cinayət törətməsinə səbəb onlara edilən təzyiqlərlə bağlıdır. Zərif cinsin nümayəndələri cinayət törədərkən daha qəddar olurlar".
Hüquqşünas hesab edir ki. qadın ən çox əri tərəfindən zorakılığa məruz qalır və sonu cinayətlə nəticələnir. Qadın qadını nadir hallarda öldürür: "Qeyd etmək lazımdır ki, ən zəif kişi qadından fiziki cəhətdən güclü olur. Bu zaman da qadın bıçağa əl atmağa məcbur olur. Qadının adam öldürməsinə qəsdən törədilən cinayət demək olmaz. Bu, həmin qadının daha çox özünü müdafiə xarakteri daşıyır. Ən çox ailə problemləri olan qadınlar cinayət törətməyə məcbur olurlar. Bəzən müşahidə edirik ki, ailədə problem var, lakin həmin qadının boşanmasına valideynləri imkan vermir. Təbii ki, bu prosesin sonu cinayət hadisəsi ilə nəticələnir. Adətən qadınlar tərəfindən törədilən cinayətlər daha çox rayonlarda baş verir. Daha çox ictimai qınaq səbəbindən rayon yerlərində boşanma ehtimalı daha azdır. Boşanma qadınlar üçün psixoloji problem yaradır, camaatın qınağından çəkindikləri üçün boşanmırlar. Amma bu fədakarlığın sonu heç də həmişə yaxşı bitmir və illərlə yığılmış problemlər qadını hansısa cinayət hadisəsini törətməyə vadar edir. Bu cür münaqişələrin cinayət hadisəsi ilə sonuclanmasının əsas səbəbi maddiyyatın mənəviyyatı arxa planda qoymasıdır. Əvvəllər də ailələrdə belə münaqişələr olub, amma çox nadir hallarda kişi arvadının, arvad isə kişisinin üstünə bıçaq qaldırıb. Çünki əvvəllər cəmiyyətimiz belə mənəvi aşınmalara məruz qalmamışdı. Ailə institutunu tənzimləyən maddi və mənəvi dəyərlər olsa da, maddi amillər mənəvi amilləri üstələyib".
Əli İbrahimov diqqətə çatdırıb ki, ölkədə sosial-iqtisadi təbəqələşmənin də ailələrdə zorakılıq hallarını artmasına təsiri var: "İndiki şəraitlə ayaqlaşa bilməyəndə ailələrdə maddi problemlər ortaya çıxır. Bu isə ailələrdə münaqişələrin sayını artırır. Digər tərəfdən hazırda yayımlanan xarici serialların əksəriyyəti də Azərbaycanda ailə modelini, ailə institutunu dağıtmağa hesablanıb. Bu gün televiziyalar belə serialları yayımlayırlar. Amma bu serialların ailə institutumuza hansı zərbəni vurduğunun fərqində deyillər. Cəmiyyətin bütün təbəqələri zorakılıq hallarına sərt reaksiya verməlidir. Qadınlar zorakılığın müxtəlif formalarına məruz qalırlar. Amma insanlar zorakılığa qarşı tam biganədir. Bizdə anaya hörmət çoxdur, amma qadına - həyat yoldaşına qarşı münasibət yaxşı deyil. Təbii ki, bunun üçün cəmiyyətin maarifləndirməsi vacibdir. Yəni bu gün ailələr arasındakı münasibətlər bizi ən çox narahat edən məsələdir. Boşanmalar çoxalır, qanunsuz doğulan uşaqların sayı artır. Ənənələr qadının irəli getməsinə mane olur. Ölənlərin və öldürülənlərin hamısının əxlaqsız olduğunu demək gülüncdür. Müşahidələr onu da göstərir ki, son vaxtlar zorakılıqla bağlı müraciətlərin sayı artır. Lakin bu kimi halların hamısını qeydiyyata almaq mümkün deyil. Statistikadan kənar hallar da çox olur. İntiharların səbəblərinin araşdırılmaması məsələnin daha da gərginləşməsinə səbəb olur. Ailədaxili zorakılıq nəticəsində ən çox psixoloji, fiziki zərbəni uşaqlar alır. Ailədə məişət zəminində ağır sonluqla nəticələnən hadisələrin artmasının bir səbəbini qadınların azad yaşamaq istəməsi, amma kişilərin bu azadlığa qarşı çıxması ilə əlaqəlidir. Əvvəllər kişi nə deyirdisə, qadın "baş üstə" deyib onunla razılaşırdı. Amma indi vəziyyət göstərir ki, qadınlar kişilərdən daha çox inkişaf edirlər. Yəni əvvəlki həyat tərzi ilə qadınlar razılaşmırlar. Bu isə kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili zorakılıq halları baş verir. Ailə daxilində sonu qanla nəticələnən hadisələrin sayının artmasının səbəbi həm də qadınların çarəsizliyi ilə əlaqədardır".
Əli İbrahimov onu da deyib ki, bəzən qadınlar başqa çıxış yolu tapmadıqlarından bu addıma əl atırlar: "Ərini bıçaqlayan, baltalayan qadınlarla söhbət etdikdə, onların çoxu çarəsiz qalıb bu kimi cinayətləri törətdiklərini söyləyir. Həmin qadınlar deyirlər ki, ərləri tərəfindən döyülüb, təhqir edildikləri barədə polisə müraciət edəndə onları ələ salırlar. Naəlac və köməksiz qaldığını görən qadın cinayət törədir. Yəni onlara zamanında yardım olunmadığından mübahisələr qanla bitir. Ailələrdə münasibətlər o qədər gərginləşib ki, ən kiçik mübahisələr də əksər hallarda faciələrə səbəb olur. Əslində əgər ər-arvad problemi zorakılıq həddini alıbsa, bundan xəbər tutan yaxınlar, qonşular effektli mübarizə apara bilməyəndə ən azı qadına məsələnin hüquqi müstəvidə həlli üçün yardım etməlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri bu sahədə öz köməyini göstərməyə borcludur. Çünki prosesə isti-isti müdaxilə münasibətlərin daha da gərginləşməsinin qarşısını ala bilər".
Süleyman
Olaylar.az