Əvvəllər "Tıq-tıq" xanımla böyüyənlər indi "Tiktok"la böyüyür

Xatırlayıram, əvvəllər uşaq deyəndə ağıla məhəllədə, parklarda futbol, gizlənqaç, əl-ələ verib şəkərbura kimi oyunlar oynayan uşaqlar gəlirdi. Bəlkə də bu cümləni oxuyarkən məhəllədəki  uşaqların oyun zamanı olan o həzin qışqırıq səsləri qulaqlarınızda eşidilir.

Xatırlayıram, əvvəllər uşaq deyəndə ağıla məhəllədə, parklarda futbol, gizlənqaç, əl-ələ verib şəkərbura kimi oyunlar oynayan uşaqlar gəlirdi. Bəlkə də bu cümləni oxuyarkən məhəllədəki  uşaqların oyun zamanı olan o  qışqırıq səsləri qulaqlarınızda eşidilir. Təəssüf ki, indi çox az rast gəlirik o səslərə, o mənzərəyə... Hara getdi o səslər? İndi uşaqlar harada böyüyür? Gənclik haradadır? Niyə onları görmürük? Əslində, bu sualı vermək nə qədər çətin olsa da,  cavabı çox rahatdır. İndi uşaqlar da, gənclər də smartfonlarla böyüyür. Nə topla,  nə də əl-ələ verib şəkərbura oynayanlarla...

Çoxları indi "Facebook", "İnstagram",  "Whatsapp", "TikTok" kimi sosial şəbəkələrdə böyüyür. Hazırda kiçikdən-böyüyə hamımızın istifadəsində olan  bu sosial şəbəkələrin sağlamlığa ziyanı bir önəm daşıyır, onların gənclərə öyrətdikləri də ayrı bir önəm. İndi çox ölkələrin narazılığına səbəb olan "TikTok" sosial şəbəkəsindən danışacam. Budəfəki yazımda "TikTok" haqqında bilmədiklərinizi və bu tətbiq haqqında insanların nə düşündüklərini oxuyacaqsınız.

Qısa zamanda özünə milyardlarla istifadəçi qazanan bu platforma istifadəçilərinə musiqi, rəqs, komediya, aktyorluq və digər janrlarda 15 saniyəlik qısa videolar hazırlamağa imkan verən tətbiqdir. "TikTok"  əsas məqsədini belə qeyd edib: "Missiyamız əyləndirməkdir, həm də yaradıcılığı olanlara dəstək verməkdir". 

15 saniyəlik əyləncə üçün qurban gedənlər!

İstifadəçilər müxtəlif mövzuda 15 saniyəlik videolar çəkmək üçün özlərini təhlükəyə atırlar və ya özlərini qurban verirlər. 2016-cı ildən tiktokda video çəkmək istəyərkən ölənlərin sayı az deyil. Ən çox da gənclər. Bəzən biri hər hansı mövzuda video çəkir və bunu onların dili isə desək, "trend" edərək digər istifadəçilər də bu kontentdə videolar çəkirlər. Zaman- zaman tiktok qurbanları ilə bağlı xəbərlər oxuyuruq. Onlardan bir neçəsi:

- 2020-ci ilin avqust ayında Türkiyədə 17 yaşlı gənc tiktok üçün suda  video çəkərkən boğulub.

- Bu ilin mart ayında ABŞ-da 12 yaşlı gənc tiktokda bir trendə qoşulur. Videonun məzmunu 15 saniyə nəfəssiz qalmaqdır. 12 yaşlı gənc də 15 saniyə nəfəssiz qalaraq video çəkmək istədi, lakin o, 15 saniyə yox, əbədi nəfəssiz qaldı.  

- Pakistandan 17 yaşlı gənc qatarın relslərində dayanıb video çəkərkən qatar onu vuraraq öldürüb. Daha 17 yaşlı bir gənc isə silahla video çəkərkən səhvən özünü öldürülüb və s.

Tiktokun təhlükəli, orada paylaşılan videoların ölkələrinə ziyan verdiyini, əxlaq və mentalitet qaydalarını pozduğunu bildirən ölkələr var. Bu səbəbdən Banqladeş, İndoneziya, Hindistan, Pakistan tiktoku öz ölkələrində qadağan edib.

Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağa (Salamov) ilə "TikTok"dan danışdıq. 

-"TikTok" istifadəçilərin təhlükəsizliyini nə qədər qoruyur?

- Məsələyə yalnızca "TikTok" üzərindən yox, ümumi baxmalıyıq. Yəni bu sosial şəbəkəyə aid olan hər şey əslində bütün sosial media üçün keçərlidir. Hələ əsrlər öncə Aristotel "Ritorika" əsərində yazırdı ki, Tanrı insanlara böyük hədiyyələr verdiyi zaman onların sevinməsini istəmir, o hədiyyələri əllərindən alacağı zaman insanların daha çox üzülməyini düşünür. İnternet bizə böyük hədiyyələr verdi: rahat ünsiyyət, söz azadlığı, alternativ media, elektron hökumət sistemi, daha çox görünürlük və s. Lakin qarşılığı olmadan bu qədər şey vermək mümkündürmü? Təbii ki, xeyr. Professor Kristian Fuksun "Social Media: A Critical Introduction" ("Sosial media: Tənqidi bir giriş" - kitabın dilimizdə tərcüməsi yoxdur) kitabında sosial media istifadəçiləri təhkimçilik dövründə ağaların tarlalarında işləyən qullara bənzədilirlər. Səhərdən-axşama usanmaq bilmədən çalışan işçilər bunun qarşılığında müəyyən qədər ərzaq və s. alaraq əməklərinin dəyərləndirildiyini sanırdılar. Sosial medianın təhlükəsizlik və mənfəət məsələlərində Marksın əmək-dəyər münasibətlərinə də diqqət etmək lazımdır. Yəni sosial media vasitələrində bilgilərin üçüncü şəxsə ötürülməsi, gizlilik, güvən problemi kapital münasibətlərinin qaydalarına əsaslanır və o, heç də adındakı kimi "sosial" deyil, bu, bütün "sosial" medianın problemidir.

- "TikTok"da necə pul qazanmaq olar? Və ya bu tətbiq bunun üçün hansı imkanları yaradır?

- Sosial media üzərindən gəlir əldə etmək rəqəmsal sivilizasiyanın ən cəlbedici və asan yoldan pul qazanmaq metodu kimi görünür. Sosial şəbəkələrdə müəyyən izləyici və baxış sayını aşdıqca hesabınıza ödəmə gerçəkləşdirilir və siz artıq abunə sayından, paylaşımlarınıza baxış sayından pul qazana bilirsiniz. "TikTok"da da canlı yayımlar, izləyici axınını "YouTube" yönləndirmə, sponsor tapmaq, elektron ticarətlə məşğul olma kimi metodlarla pul qazanıla bilər. Reklam götürüb sosial mediada reklamçılıq fəaliyyəti göstərərək əlavə pul qazanırsınız. Çox izləyicisi olan insanlara - fenomenlərə bu cür təkliflər daim gəlir, çünki reklamın da auditoriyası artıq sosial şəbəkədədir. Amma gəlin, bunun da əskik tərəflərinə baxaq, tənqidi yerləri görək. Bayaq təhkimçilik və ağa-qul münasibətlərindən danışdıq. Böyük bir işin qarşılığında sadəcə bir pay. Yəni buradan qazandığınız pul əslində əməyinizin qat-qat altındadır. Düşünün, nə qədər izləyici toplamalı, baxış sayı artırmalısınız, bunun üçün kontent düşünməli, icra etməli, montaj və s. Daha sonra isə müəyyən faiz əldə edirsiniz. Başqa sosial şəbəkələrdən fərqli olaraq "TikTok"da keyfiyyətli kontent problemi üzə çıxır, bu da həmin sosial şəbəkənin bəsit bir vasitə kimi qiymətləndirilməsinə gətirib çıxardır.

-Pakistan, Hindistan kimi ölkələr  əxlaqa zidd videolar səbəbindən bu tətbiqi qadağan edib. Sizcə, bu kimi hallar artarsa "TikTok" bağlana bilərmi?

Problem yenə də ümumidir. "TikTok" bayağı kontenti, "Twitter" siyasi təsirləri, "Facebook" ictimai rəyi və s. səbəblərə görə bir çox ölkələrdə qadağan edilir. İnternetin hüquqi tənzimlənməsi hələ də müzakirə məsələsidir. Qloballaşma ilə gələn "sərhədlərin ortadan qalxmağı, nəzarətin sındırılmağı" özünü ən çox internetdə göstərir. İnternetdə, sosial mediada nəzarət varmı? Təbii ki, var. Amma bu nəzarət klassik nəzarət anlayışından çox fərqlidir. Zigmund Bauman və Devid Lyonun dediyi kimi: axışqan nəzarət. Yəni yox kimi görünür, amma var. Bu nəzarəti birbaşa nəzarətə çevirərək məhdudlaşdırmalar gətirmək və ya tamamilə qadağan etmək isə başqa bir şeydir ki, biz bunun nümunələrini özünüzün də dediyiniz kimi, demokratik dəyərlərin daha az görüldüyü yerlərdə şahidi oluruq. Qərbdə, Amerikada bu yoxdurmu, əlbəttə, orada da var, amma bu, artıq planlanmış bir şeydir. Azərbaycanda internet problem olanda yaşananları xatırlayaq, ölkədə qadağa olmasına baxmayaraq demək olar ki, əksəriyyət internetdən yenə də istifadə edirdi. Sosial medianın özəlliyi budur, axışqanlıq deyəndə məhz bu nəzərdə tutulur.

Nə qədər qarşısına almaq istəsəniz də, artıq mümkün deyil. Sadəcə doğru şəkildə yönləndirmək üçün tədbirlər görmək, "Z" generasiyasını maarifləndirmək olar.

-Artıq ölkəmizdə də bu sosial şəbəkə haqqında narazılıqlar var. Bəs Azərbaycanda tiktokun auditoriyası haqqında nələr deyə bilərsiniz?

- Azərbaycanda sosial media anlayışında problemlər var. Bunun da səbəbi düzgün yönləndirilməməkdədir. Sosial media savadlılığı, rəqəmsal savadlılıq nə dərəcədədir? Məktəblərdə, universitetlərdə bununla bağlı nələr öyrədilir? Məsələn, bütün məktəblərin ibtidai sinifdən etibarən proqramlarına rəqəmsal savadlılıq dərsləri salınmalıdır, universitetlərdəki bütün ixtisaslarda rəqəmsal savadlılıq, internet bilgiləri məcburi fənn olmalıdır. Bizim doktorant yoldaşlarımızdan biri - Murat Keleş Ərzurumda bir məktəbdə ibtidai sinif müəllimidir. Onların ibtidai sinif şagirdlərinə yönəlik məhz bu mövzu ilə bağlı layihələri olur, təsəvvür edin 2-ci sinif şagirdləri rəqəmsal dünyadan necə doğru istifadə edilməsini məhz bu yaşdan öyrənirlər. Azərbaycanda bu niyə olmasın? Yenə antik fəlsəfədən örnək gətirməliyik: Platonun "Menon" dialoqu bir sualla başlyır. "Ərdəm öyrədilə bilən bir şeydirmi? Doğuşdanmı gəlir, yoxsa təcrübəyləmi qazanılır?". Sokrat o dəqiqə cavab verir: "Bir insan bir şeyin nə olduğunu bilməsə, onun necə olduğunu da bilməz". Yəni ərdəm öyrədilə bilən və öyrənilə bilən bir şeydir. Bu hər şeydə keçərlidir. Azərbaycanda həm "TikTok", həm də sosial media istifadəçilərini  doğru olana yönləndirməyə çalışmaq lazımdır. Qadağa ilə bu istəyi daha da alovlandıra bilərik sadəcə. Unutmayın, insan ən çox ona qadağa edilmiş şeyi əldə etmək istəyər.

Bu tətbiq haqqında qısa sorğu keçirdik. Fikirlər də müxtəlifdir:

Məhəmməd Türkmən

-Tik-Tok olmayacaq, "tık-tık" olacaq... Fərqi yoxdur. Əgər orada paylaşılan mənasız videoları çəkən, baxan, bəyənən varsa onlar özlərinə başqa platforma tapacaqlar. " Facebook"u hamı bizim kimi ciddi platforma kimi işlətmir. Bəziləri buranı tanışlıq çatı hesab edir.  "Sosial şəbəkələr yarandı, tərbiyə pozuldu", "İntiharları çəkirlər deyə intiharlar artır" düşüncəsi var. Bu düşüncə boşdur, mənasızdır. Əvvəl də biabırçı şeylər, intiharlar olurdu. Sadəcə saytlar, sosial şəbəkələr yox idi deyə onları ancaq hadisə baş verən yerdə yaşayanlar, orada olanlar bilirdi, indi yayılır, hamı bilir. Say artmır, hadisədən xəbər tutan artır.

Rasim Sarı

"TikTok" hazırda "Facebook"un ilkin dövrlərini yaşayır. Tam olaraq olmasa da, qismən belədir. Yadınızdadırsa əvvəl "Facebook"a öz adımızla girmirdik. Fərqli "Niklər" məşhur idi. Maraqlı və informativ məlumatlar olduqca az idi. Amma indi ən elit sosial şəbəkə "Facebook"dur. "TikTok" da bunu edir, əvvəlcə aşağı yaş qruplarının diqqətini çəkdi, sonradan isə daha tez məşhur olmaq istəyən olqun təbəqəni özünə çəkməyə başladı. Bu gün "Tiktok"da məşhur olmaq digər sosial şəbəkələrdən daha rahat və tez olur. Gələcəkdə isə bu platformanın önəmli dəyişiklikləri olacaq. Böyük media şirkətləri artıq öz Tiktok səhifələrini hazırlayır informasiyaları əyləncəli şəkildə çatdırmaq istəyir. Bundan əlavə tiktokda iş proseslərinin videolarını yayımlayaraq izləyicilərin diqqətini çəkirlər. Qısası, azərbaycanlıların "səviyyəsiz ortam" dediyi şəbəkə əslində çox böyük reklam işləri görür və pullar qazandırır.

Sadıq Qarayev

Yeniyetmə və gənclərin düşüncələrində xaos yaradan, milli və bəşəri dəyərlərdən uzaqlaşdıran, faydalı iş vərdişlərinə, elm və təhsilə zərərli qlobal bəla.

Aydın Nuri

Düzdür, özüm bu sosial şəbəkədən istifadə etmirəm, amma  xaricilər tərəfindən "TikTok"da hazırlanmış nümunəvi, öyrədici videolar qarşıma çıxır. O ki qaldı Azərbaycanda bunun istifadəsinə, fikrimcə, düzgün istifadə edilmədiyi üçün hazırki vəziyyətə gəlib. Hər şeyin yaxşı və pis tərəfləri var.

Hansı tərəfə yönəl(t)mək insandan və cəmiyyətdən asılıdır.

Leyla Mustafazadə

Mən çox müsbət yanaşıram. Çünki lazımsız kütləni bir kənara qoysaq, gənclərin əyləncəsi üçün maraqlı proqramdır. Və çox yaxşı,maraqlı istifadə edən gənclərimizdə mövcuddur. Məsələ əgər orada baş verən lazımsız hərəkətlərdirsə, o insanlar bu tətbiqdən əvvəl də mövcud idi və mövcud olmağa davam edəcək. Problem şəbəkədə yox, insanlardadır.

Günel Abbas

"TikTok" azərbaycanlı istifadəçilərin platforması deyil, bu, hər nə qədər qəliz səslənsə də, reallıqdır. Hətta mən deyərdim ki, bu tendensiyanı Türkiyə və Hindistana da aid etmək olar. Çəkdikləri videoların keyfiyyətindən də aydın görünür ki, "TikTok"un orijinal istifadəçiləri amerikanlardır.

Ülkər Abdurahmanlı

Mən "Tiktok"un məqsəd və mahiyyətini anlamıram. Məsələn, bir çox sosial şəbəkə insanların rahat danışması, mesajlaşması və yaxud öz fikirlərini bildirməsi üçün əhəmiyyətli rol oynayır. Mənə görə çox əhəmiyyətsiz sosial şəbəkədir.

Ayşən Mustafayeva

Məqsədyönlü şəkildə itifadə edilərsə çox faydalı bir platformaya çevrilə bilər. Bir təlimdə bununla bağlı bir nümunə gətirilmişdi. Xarici ölkələrin birində(Hansı ölkə olduğunu tam xatırlamıram) tənəffüs zamanı müəllim yeniyetmə bir şagirdinin koridorda öz-özünə rəqs etdiyini görür və yaxınlaşaraq niyə belə etdiyini soruşur. Şagird isə "TikTok" a video çəkdiyini bildirir. Müəllim bu proqramın məktəbdə bu yaş qrupu uşaqlar arasında populyar olduğunu görür və ağlına bir fikir gəlir. Tarix dərsində mövzunu izah edir və ev tapşırığı kimi bu mövzu ilə bağlı Tik Tok-da video çəkmələrini tapşırır.Bu metodan digər müəllimlər də dərsləri şagirdlərin mənimsəməsi üçün istifadə edir və çox yaxşı nəticələr əldə edirlər. Bunun kimi bir çox misal var. Yəni proqram pis deyil, sadəcə təəssüf ki, səhv şəkildə istifadə edilir. Müxtəlif sahələr və mövzular üzrə bu proqramdan faydalı şəkildə yararlanmaq olar. Eyni zamanda bir çox yeni təqdim edilən proqramlardan da. Təqdim edilən məhsulun necə istifadə ediləcəyini istifadəçi özü seçir.

Aycan Məmmədzadə

Əslində doğru məqsədlə istifadə edilərsə faydalanmaq olar. Ancaq təəssüf ki, bizdə biabırçılıgin üstün pilləsindədir. Bu tətbiq ya bağlanmalı, ya da nəzarət olunmalıdır. Əxlaqsızlığı təbliğ edən, nalayiq sözlərlə özünü tanıtmağa çalışan, şərəf və ləyaqəti alçaldıcı hərəkətlər nümayiş etdirən kim və s. Acınacaqlı durumdadır.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31