Vətənpərvərliyi formalaşdıran milli mənlik ideologiyası
18 Mart 2021 15:12 SosialBirinci Qarabağ savaşında əldə edilən qələbə ruh yüksəkliyini itirən insanlara inamı qaytardı. Nəticədə müxtəlif fikirli insanlar, hərbiçilər, mülki vətəndaşlar yaşından və mənşəyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs bir ideya ətrafında birləşdi. Xalq ən yüksək vətənpərvərlik məqsədi naminə Vətən torpaqlarının azad edilməsinə qalxdı. Böyük qələbəmizin olacağını sanki cəbhəyə gedən gənclərimiz özlərində hiss edir, duyurdular. Ali Baş Komandanın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər bir müraciəti milləti daha da sıx birləşdirdi. Nəticədə ikinci Qarabağ müharibəsi əsil vətənpərvərlik meydanına çevrildi. Bu tarixi Zəfər eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi. Təkcə bu fakt deməsə əsas verir ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öznüindifikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır. Maraqlıdır, bəs milli mənlik ideologiyasının formalaşması hansı prinsiplərə əsaslanır? Xatırladaq ki, Azərbaycan dövləti öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla parallel olaraq mənəvi dəyərlərin qorunması siyasəti yürüdülür ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib. O ki, qaldı milli kimliyin formalaşması məsələsinə, bu proses bir sıra məqamlara əsaslanır. Bunlar milli kimliyin milli dövlətçilik ideologiyası üzərində qurulması və dövlətçiliyə xidmət etməsi; milli kimliyi formalaşdırarkən tarixi inkişafın nəzərə alınması; milli kimliyin milli və mənəvi dəyərlərin qorunması ilə müasir dövlət quruculuğunun sintezi və balanslaşdırılması üzərində qurulmasından ibarətdir. Həmçinin milli kimliyin formalaşmasında bütövlükdə Azərbaycan cəmiyyəti, hər bir azərbaycanlı fərdi, ailəsi üçün həssas olan Qarabağ amilindən, onun azad edilməsi istiqamətində milli həmrəylikdən istifadə edilməsi kimi özünü təsdiq etmiş prinsiplər mövcuddur. Məlum olduğu kimi milli mənlik şüuru hər bir vətəndaşa xas olan keyfiyyətdir. Sirr deyil ki, milli dövlətlər yeni dünya düzəninin yarandığı bir dövrdə qlobal söz sahibi olan hegemoniya ilə üzləşməkdədir. Dövlət içində yerli yönətimlər, alt kimliklər bu qlobal hegemoniyanın dəstəyi ilə güclənməkdədir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Məhz gənclərdə milli mənlik şüurunun, tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır. Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsi olduğu məhz milli kimlik dərk edildikdən sonra başlayır. Odur ki, təhsil müəssisələrində gənclərə öyrədilməlidir ki, Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında öz ifadəsini tapmalıdı. Cəmiyyət həyatında vətənpərvərlik hissi və duyğularının rolu xüsusilə təhsil sistemində tədris edilməlidir. Təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəmi aktual vərdişə çevrilməlidir. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Yaddan çıxarmaq olmaq ki, dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib.
Sirr deyil ki, milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik kimi hisslər önəmli rol oynayır. Odur ki, gənclər arasında bu xüsusiyyətlərin formalaşdırılması nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Nətisədə vicdanı olan hər bir gənc doğulduğu torpağın qədrini bilməyı özünə mənəvi borc hesab edir. Etiraf edək ki, Azərbaycan gənclərinin milli kimliyinin formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Məhz 44 günlük Vətən müharibəsində gənclərimizin bu xüsusiyətləri özünü bir daha büruzə verdi. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan gənci Vətən uğrunda doyuşə atıldı, qəhrəman, şəhid, qazi oldu. Çünki, milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: "Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik". Məhz gənclər də Azərbaycan xalqının qaymaqlarından yararlanaraq nəinki özlərini vətənpərvər ruhda tərbiyyə etməli, həmçinin bu ideyanın təbliğatçısına çevrilməlidirlər. Gənclik dərk etməlidirlər ki, Azərbaycan xalqı ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları, canları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət dərsi almalı, Vətəni qorumağı özlərinə şərəf hesab etməlidir.
Hazırda qloballaşan dünyada ölkəmizin qarşısında duran prioritet hədəf - XXI əsrin çağırışlarına cavab verən bilik və bacarıqlarına malik olan, soykökünə bağlı, ənənəvi milli-mənəvi dəyərləri qoruyub saxlayan və bölüşən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan, müasir və kreativ düşüncəli, innovasiyalardan baş açan yeni nəslin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Əslində bu hədəflər müasir Azərbaycan cımiyyətinin və milli tərbiyənin qarşısında duran əsas prioritetlər və strateji istiqamətlərdir. Bu strateji hədəfə çatmağın əsas alət və vasitələrindən biri uşaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə işinin səmərəli təşkilidir. Tərbiyənin strateji istiqamətləri müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən lakonik şəkildə bu cür ifadə edilmişdir: "Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır". O da bir həqiqətdir ki, bu gün hər bir Azərbaycan məktəbində doğma Vətənimizin ayrılmaz parçası olan Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid və ya qazi olmuş qəhrəman oğullarımızım misilsiz rəşadət nümunələri yetişməkdə olan gənclərimiz üçün böyük vətənpərvərlik məktəbidir. Bir sıra məktəblərimiz döyüşlərdə həlak olmuş şəhidlərimizin adını daşıyır. Bu nümunələr şagirdlərin vətənpərvərlik tərbiyəsində misilsiz rol oynayır. Etiraf edilməlidir ki, hazırda Azərbaycanda kifayət qədər vətnpərvər gənclər yetişib ki, onlar ölkəmizi layiqincə təmsil edirlər. Bu gün Azərbaycan Respublikasının bayrağını müxtəlif beynəlxalq arenalarda dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq salnaməsini davam etdirməkdədirlər. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və Vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində milli kimlik ideologiyasının rolu böyükdür. Nəzərə almaq lazımdır ki, gənclərin milli mənlik şüurunun inkişafı ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Məlum olduğu kimi bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyevin təbirincə desək: "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır". Bir daha xatırladaq ki, milli ideologiya olan Azərbaycançılıq ideologiyanın əsasını Vətənə məhəbbət aşılayan vətənçilik ideyası, milli mənsubiyyətlə fəxarət keçirməyi özündə ehtiva edən milliyyətçilik, milli-mənəvi dəyərlər, dövlətə və dövlətçiliyə sədaqət, milli və ümumbəşəri dəyərlərə münasibətdə dözümlülük və tolerantlıq, dövlət rəmzlərinə hörmət və ehtiram duyğuları təşkil edir. Məhz azərbaycançılıq milli ideologiyasından irəli gələn vətənpərvərlik ideyaları hər bir ailədə, təhsil müəssisəsinin uşaq və gənclərlə aparılan tərbiyə işində başlıca yer tutmalıdır. Bütövlükdə hər bir uşaq və gəncin vətənpərvərlik məfkurəsi zəminində tərbiyə alması Azərbaycan dövləti və cəmiyyəti üçün daim prioritet təşkil etməlidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir