Gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılması üçün nələrə diqqət yetirilməlidir?

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik ruhunun artırılması daim gündəmdə olan məsələlərdəndir. Bu yaxın keçmişdə də belə olub, günümüzdə də eynidir. Hər nə qədər cəmiyyətin, onun aparıcı kəsimi sayılan gənclərin vətənpərvər olduğunu iddia etsək də, bütün halda bu istiqamətdə sistemli iş aparmaq lazımdır. Necə ki, xarici dilləri mənimsəyən, ingilis, rus, fransız, yaxud bir başqa əcnəbi dilləri bilən birisi müəyyən müddət danışıqda, qarşılıqlı ünsiyyətdə həmin dillərdən istifadə etmədikdə onu unudur, sonradan ünsiyyət qurmaqda çətinlik çəkir, eləcə də vətənpərvərlik məsələsinə bir qədər diqqətsiz yanaşanda, gənclər, yetişməkdə olan gələcək nəsilə bu kimi xüsusiyyətlər təbliğ edilməyəndə arzuolunmaz situasiyalar meydana çıxır. Gənclik ya kosmopolit olur, milli şüurdan, adət-ənənələrdən uzaqlaşır, ya da diqqətsizlikdən inciyərək, özünə qapanaraq dövlətdən, Vətəndən ayrı düşür, qeyri-vətənpərvər olur. Ona görə də gənclərin bütün dövrlərdə vətənpərvər, milli şüura sahib bir formada böyüməsi, yetişməsi üçün sistemli, davamlı olaraq çalışmaq lazımdır. Çoxları sual edir ki, gənclərin vətənpərvər olması, onların milli-mənlik şüurunun formalaşdırılması üçün iş öncəliklə haradan başlamalıdır? Hansı instansiyadan, qurumdan baaşlamaq gərəkdir ki, bu proses uğurla həyata keçirilsin, Azərbaycan gənci tam, bütöv mənada vətənpərvər olsun. Düzdür, bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gənci sözün bütöv mənalarında vətənpərvərdir, dövlətinə, Vətəninə, xalqına sadiqdir. Bunu mübaliğəsiz söyləmək mümkündür. 44 günlük Vətən müharibəsi bunu təsdiq etdi. Heç nədən qorxmadan, çəkinmədən düşmənin üstünə qəhrəmancasına gedən igidlərimiz bu qənaəti formalaşdırdı. Döyüş meydanında düşmənə vahimə yaradan, onu ciddi şəkildə təşvişə salan, düşməni əlindəki silah-sursatı, texnikanı qoyub qaçmağa məcbur edən oğullarımız gənclərimiz arasında vətənpərvərliyin ən yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Nəhayət, 30 ilə yaxın düşmən işğalı altında olan ərazilərimizin erməni vandallarından azad edilməsi gənclərimizin vətənpərvərliyini ortaya qoydu.

Gənclərin istədiyimiz səviyyədə vətənpərvər olması üçün nələr etməliyik sualına gəlincə, bu prosesin öncəliklə bağçadan başlaması şərtdir. Sovet dövründən fərqli olaraq günümüzdə bağçalarda keçmiş ittifaq dövrünün uşaq personajları, uşaqlara örnək hesab edilən nağıllar, hekayələr nəql edilməməli, uşaqlar bu istiqamətdə maarifləndirilməməlidirlər. Yaxud bağça uşaqları sovet dövrünün cizgi filmləri ilə deyil, müstəqillik illərində, günümüzdə milli ruhda, vətənpərvərlik ruhunda çəkilən cizgi fimləri ilə böyüməlidir, onlar üçün bağçalarda, hətta televiziya kanallarında həmin cizgi filmləri nümayiş olunmalıdır.

Vətənpərvərliyin təbliğinin ikinci mərhələsi orta məktəblərdə həyata keçirilir. Daha doğrusu həyata keçirilməlidir. Onu da nəzərə almaq lazımdır ki, bağçada uşağın milli mənlik şüuru necə formalaşır, necə vətənpərvər tərbiyə olunursa məktəbdə də onun müsbət və ya mənfi yöndən əlamətləri özünü göstərir. Bağçada qeyd etdiyimiz istiqamətdə tərbiyənin qaneedici səviyyədə olmaması məktəbdə istər-istəməz onun vətənpərvər ruhda tərbiyə olunmasına problem yaradır. Yəni, müəllimin üzərinə daha çox yük, vəzifə düşür. Məktəbdə bir qayda olaraq şagirdlərin tariximizi dərindən öyrənməsi, onu mənimsəməsi, tarixi qəhrəmanları, sərkərdələrimiz barədə onlara dərin bilgilərin verilməsi başlıca şərtdir. Şagirdlərdə bütün bu qeyd etdiklərimiz barədə ətraflı məlumat formalaşdırılmalı, bilgi verilməlidir ki, onlar tarixi qəhrəmanlarımızla, sərkərdələrimizlə fəxr etsinlər.

Məktəblilərin milli mənlik şüurunun formalaşması, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təhsil müəssisəsinin  rəhbərliyi ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri də nümunəvi, məsuliyyətli davranış ortaya qoymalıdır desək yanılmarıq. Təhsil müəssisəsinin rəhbərliyi Azərbaycan tarixinin müxtəlif dövrləri, tarixi qəhrəmanlarımız, sərkərdələrimiz barədə tarixi romanlar, əsərlər yazan yazıçı və publisistlərimizlə müntəzəm olaraq görüşlər keçirməli, onlarla şagirdlər arasında sız ünsiyyət yaratmalıdır ki, gənclərimiz tariximiz, onun əvəzolunmaz qəhrəmanları barədə ətraflı bilgilərə sahib olsunlar. Eyni zamanda  vətəndaş cəmiyyəti nümayəndələri də vətənpərvərlik və milli mənlik şüuru ilə bağlı həyata keçirdikləri layihələrin mütləq əskəriyyətini təhsil müəssisələrində, şagird və müəllim auditoriyasında reallaşdırmalıdırlar. Əgər gələcəyimizin etibarlı, vətənpərvər gənclərdə olmasını istəyiriksə o zaman isti kabinetlərdən, rahat konfrans salonlarından kənara çıxıb cəmiyyətlə, onun gənc kəsimi ilə işləməli, onun gələcəyinin daha vətənpərvər və milli ruhda böyüməsinə dəstək nümayiş etdirməli, bu istiqamətdə addım atmalıdırlar.

Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsi uşaqdan böyüyə hər birimizdə bir ruh yüksəkliyi, fəxr, qürur yaradıb və hər birimiz Vətən müharibəsinin qəhrəman döyüşçüləri ilə görüşmək, onların keçdiyi şərəfli döyüş yolunu həmin qəhrəmanlarımızın, qazilərimizin öz dilindən eşitmək istəyirik, o zaman təhsil müəssisələrimizdə qazilərlə görüşlərin keçirilməsi də təqdrəlayiq addımlardan hesab edilər bilər. Şagirdlərin döyüş səhnələrini qazilərimizin öz dilindən eşitməsi onların daha da vətənpərvər olmasına stimul verən amillərdəndir. Bu baxımdan orta təhsil müəssisələrində qazilərlə görüşlərin keçirilməsi şərtdir. Eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin döyüş yoldaşları ilə də gənclərin, şagirdlərin görüşlərinin təşkili onların daha vətənpərvər və milli ruhda böyüməsinə gətirib çıxara bilər. Necə ki, Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov qəhrəmanlıqlarından sonra hər bir azərbaycanlı gənc özünü adlarını çəkdiyimiz igidlərə bənzədir, onlara oxşamağa çalışır, eləcə də gələcəkdə qeyd etdiyimiz görüşlərin təşkili gənclərimizin 44 günlük Vətən  müharibəsinin qəhrəmanlarına bənzətməsinə, onlar kimi mübarizə, vətənpərvər olmasına yol aça bilər. Ona görə də təhsil müəssisələrinin bu kimi məqamlara xüsusi diqqət yetirməsi önəmlidir.

Gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha yüksək səviyyəyə çatdırılmasında təhsil müəssisələri ilə yanaşı, cəmiyyətin, toplumun, o cümlədən ailənin də rolu mühümdür. Əgər məktəbli, yaxud tələbə təhsil müəssisəsində aldığı vətənpərvərlik tərbiyəsinin davamını ailə və ya cəmiyyətdə görmürsə həmin gənc tam mənada vətənpərvər ola bilməz. Bir sözlə gənclərin milli şüurda, vətənpərvər olaraq yetişməsi, böyüməsində cəmiyyət, ailə də öz üzərinə düşən vəzifəni dərk edib anlamalı, bu işə olduqca məsuliyyətli yanaşmalıdır.

Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, dövlətinin tarixində bir qəhrəmanlıq dastanı oldu, o zaman həmin qənhrəmanlarımızın gənclərə, ümumiyyətlə Azərbaycan cəmiyyətinə, vətəndaşlara daha yaxından tanıdılması  olduqca önəmlidir. Bu mənada hər bir şəhər və rayondan olan şəhidlərimiz,  qazilərimizin həyat yolu, Vətən müharibəsindəki iştirakı, təltif olunduğu orden,  medalları barədə elə həmin rayonların küçələrində, prospektlərində məlumat lövhələrinin yerləşdirilməsi gənclərimizin həm vətənpərvər olmasına, həm də qəhrəmanlarımız barədə ətraflı məlumat əldə etmələrinə vəsilə olar. Onu da qeyd etmək lazımdır ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra sərhədyanı rayonlardan birində anoloji vasitədən istifadə edilib. Müəyyən müddət ərzində həmin rayonun əksər küçə və prospektlərinin reklam lövhələrində yalnız şəhidlərimiz barədə rayon ictimaiyyətinə məlumat verilib. Onu da qeyd etmək lazımdır ki, bu kimi təbliğat vasitəsi hər bir şəhər və rayona qonaq gələn xarici vətəndaşlar üçün maraqlı sayıla bilər və onlarda da igidlərimiz, qəhrəmanlarımız, onların şərəfli döyüş yolu barədə məlumat formalaşar.

Nəhayət, gənclərin milli mənlik şüurunun formalaşması, onlarda vətənpərvərlik hisslərinin artırılmasında qələm əhli, yazıçılarımızın da üzərinə müəyyən mənada iş düşür. Xüsusilə tarixi mövzuda əsər, romanlar qələmə alan yazıçılarımız üçün 44 günlük Vətən müharibəsi, bu müharibənin qəhrəmanları yazıçılarımızın müharibə, Vətən savaşı barədə sanballı əsər ortaya qoymalarına yardımçı ola bilər. Ümid etmək lazımdır ki, yazıçılarımız, qələm adamları bu fürsətdən istifadə edib 44 günlük Vətən müharibəsi, bu müharibənin qəhrəmanları, şəhid və qazilərimiz barədə neçə-neçə dəyərli əsərlər yazıb ərsəyə gətirəcəklər. Bu da öz növbəsində gənclərimizin vətənpərvərlik hisslərinin daha da artırılmasına öz müsbət təsirini göstərəcək, onların Vətənə, dövlətə bağlılığını artıracaq, eyni zamanda gələcək nəsillərin də bu kimi təbliğat vasitələrindən yararlanaraq vətənpərvər ruhda böyüməsinə yol açacaq.

Süleyman İsmayılbəyli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31