Ürəyi qırx yerdən çatlamış anaların yaralarını sağaldacaq tək məlhəm vətəndir

Azərbaycan anaları - onlar övladlarını əlində silah tutmaq, tətik çəkmək, bir canlını öldürmək üçün deyil, kitab oxumaq, qələm tutmaq, yaratmaq, yaşatmaq niyyətilə böyüdür. Amma qap-qara ilanlar millətimizin ürəyinə çöküncə, işğal və terror rüzgarı min bir qılığa girib başımızda sinsi-sinsi əsincə, anaların bağrında kor atəşlər qalandı. Hər ocaq söndükcə, hər dəfə oğulları düşmən atəşindən, kökündən kəsilmiş çinar kimi yerə sərildikcə, böyük dağları parçalamaq üçün içini dəlib mina qoyduqları kimi, anaların da ürəyi o minalar qoyulmuş dağlar kimi parçalandı. Dərdimiz yumaq kimiydi, nə açılırdı, nə çözülürdü. Düz 30 ildir əqrəbin qısqacları kimi düşmən yapışmışdı torpağımıza və analarımızın ürəyinə. O əqrəblərin, ilanların başını əzməyin tək çarəsi isə oğullarıydı. Analar o qara ilanın, əqrəbin qorxunc olduğunu bilə-bilə göndərdi övladlarını, göz nurlarını, min bir əziyyətlə böyütdükləri süd qoxulu balalarını. Təki Vətən yaşasın, bitsin bu çilə artıq...

Belə analardan biridir Sadiqin anası Sara xanım. Ömrünün sonuna qədər gözləri heç qurumuyacaq, damla-damla oğlunu ağlıyacaq göz bəbəkləri, yuxularına yalvaracaq, bir kərə balamı görüm, deyə. Sonra da yanan ürəyi ağılara dönüb dodaqlarından, selə dönüb gözlərindən axacaq. Minlərlə, onminlərlə analardan biri olacaq Sadiqin də anası. Ürəyi qırx yerdən yaralansa da, o yaraların içində açdığı uçurumların dərinliyini kiməsə anlatmayacaq, beləcə yaşayacaq bu şəhid anası. Amma onları həyata bağlayan tək səbəb də var, övladının qanının axdığı torpaq Vətəndir!

Əsgərov Sadiq Elbəyi oğlu 1996-cı ildə anadan olub. Yevlaxın Şəhid Hüseyinxan Əhmədov adına Nemətabad kənd orta məktəbini bitirib. Ailədə iki qardaş idilər, ikisi də subaydı. Valideynləri arzularla, ümidlərlə yaşayırdı. Qohumlardan bir qız da gözaltı ediblərmiş Sadiqə. O da valideynlərinin fikrini hörmətlə qəbul etmiş, sevinclə qarşılamışdı. Sadiq də, qardaşı Məhəmməd də əsgəri xidmətdən sonra MAXE kimi xidmətlərini davam etirirdilər. Vətənə xidmət edirdilər, alınlarının təri, əllərinin zəhməti və şərəflərilə.

2020-ci il 27 sentyabr sabahı ildırım sürətli hərbə girdik. Oğullar qurban deyildi Vətənə. O qurbanlar içində Sadiqlə qardaşı Məhəmməd də vardı. Suqovuşanın azad olunması uğrunda qanlı döyüşlər gedirdi. Suqovuşanda nə günəşlərimiz söndü, qanla torpaq qovuşub Vətən oldu o günlər. Qardaşların hər ikisi BMP-3 özüyeriyən artilleriya qurğusunun sürücüsü idilər. Düşmənə qarşı qəhrəmanlıqla vuruşurdular. Sadiq əvvəlcədən deyib ki, bax, şəhid olsam qəti kədərlənməyin, Şəhidlik zirvədir, ora yüksəlmək hər kəsə nəsib olmur. Məni ağlamayın ha, ancaq qürur duyun.

Atası Elbəyi Əsgərov Birinci Qarabağ müharibəsi əlilidir və onun vətənə xidməti  daim qiymətləndirilib. Dövlət ona ev verilib, torpaq sahəsi ayrılıb, hazırda maşın növbəsindədir. Oğlundan danışarkən hönkür-hönkür ağlayır. Ataların övlad üçün bu qədər gücsüzcə, məsumca göz yaşı tökməsi tarixin ən ağrılı səhifəsidir, nə açmaq mümkündür, nə oxumaq. Bu dərd nə ağıla sığandır, nə ürəyə... Ancaq Elbəyi kişidə nə qədər qürur, fəxarət hissi olduğunu da duymamaq mümkün deyil. Oğullar Vətəni qorumaq üçündür. Nə qədər qətiliklə söyləyir bu fikri. Atası danışır ki,döyüşə girməzdən əvvəl xidmət etdiyi "N" saylı hərbi hissəyə getdim, oğlumla görüşdüm, sentyabrın 29-da isə zəng elədim, telefonuna zəng çatmadı. Sən demə, həmin gün balam şəhid olubmuş. Sadiqin arzusu illərdir düşmən ayaqlarının altında əzilən torpaqlarımızı xilas etmək idi, bunun üçün də əsgərlikdən sonra yenə vətənə xidmətini hərbi hissədə davam etdirirdi. Qələbə günümüzü görməsə də, onun kimi oğulların qanı axdığı torpağımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Qardaşı Məhəmməd isə müharibə qurtardıqdan sonra yenə MAXE kimi hərbi xidmətini davam etdirir. Sadiq şəhadətindən sonra Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad edilməsi uğrunda" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Sadiqin anası Sara xanım oğul itkisinin acısını dərinliklərini qədər yaşayır. Yaşadıqları onun psixoloji durumuna təsir edib. Nə gözlərinin yaşı quruyur, nə yanan ürəyi səngiyir. Oğlu ilə qürur duysa da, canından ayrılan canın acısı yandırıb külə döndərir ananı. Psixoloji narahatlıqlar yaşayır. "Yaşat" fondu tərəfindən anaya psixoloji yardım göstərilir.

Mən ailəni ziyarətə gedəndə şəhid Sadiqin bibiləri də orda idi. Hamısı hüznlü, dərdli, ələmli, amma yaşama ümidləri öləziməmişdi, çünki torpaqlarımız düşmən tapdağından azad edilib. Yaxın qohumları Saday Musayev də burada idi. Uzun illər Kəlbəcərin Oruclu kəndində məktəb direktorluğundan tutmuş, daha yüksək vəzifələrə qədər işləyib. Yevlaxda məskunlaşdıqdan sonra yaxından tanışlığımız oldu onunla. Vaxtilə ulu öndərlə görüşlərindən və Prezident İlham Əliyevin güclü iradəsindən, xalqına, vətəninə bağlılığından həmişə söhbət açıb, bu gün də ürəkdolusu danışır.

Millətimizin Sadiq kimi oğulları dünyaya sübut etdi ki, hər xalqın rifahı və güvəni qılıncının gücünə dayanır. Onlar bu mənzərəni göylərdən seyr edirlər.

Öpürəm boş qalan çəkmələrindən,

Qan sızan yarandan öpürəm şəhid, 

Öpürəm savaşda tabloya dönən, 

O məğrur duruşlu əsərlərindən.

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31