Azərbaycan əsgəri vətənpərvərlik nümunəsidir

Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları ağlasığmaz dərəcədə qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını  birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. Azərbaycan gənclərinin vətənpərvərliyi, şücayəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Etiraf edilməlidir ki, qələbənin yəmin olunmasında gənclərimizin vətənpərvərlik ruhu əhəmiyyətli dərəcədə rol oynadı. Ümumilli lider Heydər Əliyevin təbirincə desək vətənpərvərlik böyük məfhumdur: "Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir".

Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin müəlliməsi İmanova Nərgiz deyir ki, Vətən müharibəsi və əldə olunmuş Böyük Qələbə strateji planlaşdırma və peşəkar komandanlığın vəhdəti nümunəsidir: "İşğaldan sonra Azərbaycanın ordu quruculuğu, kadr siyasətinin düzgün qurulması​ nəticəsində ordumuz dünyanın ən güclü orduları ilə müqayisə olunacaq səviyyəyə çatdı. Bu sözlə, asan ifadə olunsa da, uzun illər aldı. Qələbənin əldə olunması üçün vətənə sevgi və düşmənə niftrət hissi ilə böyüyən gənclərimiz oldu. Azərbaycanın iqtisadi gücünün artması, müstəqil xarici və daxili siyasət aparması, ölkədə olan stabillik, vətəndaş məmnunluğu əsas verdi ki, mənfur düşmənə hərb yolu ilə qalib gəlinsin. Azərbaycan çətin geosiyasi məkanda yaşamasına baxmayaraq, düzgün qonşuluq siyasəti yürütməklə beynəlxalq aləmdə tanınan nüfuzlu lideri ilə qalib oldu. Ölkəmizin qarşısında bircə problem kimi "işğal altındakı torpaqlar" mövzusu qalmışdı. Müharibənin ilk günündən​ Ali Baş Komandan bütün əməliyyatların planlaşdırılması və uğurla həyata keçirilməsinə zəmin yaratmaqla daim nəzarət də saxladı. Minimum itki ilə torpaqların azad olunması məsələsi əsas hədəf idi. Hər gün ölkə başçısının istər xarici, istərsə də daxili auditoriyaya qələbə xəbərlərini verir, ordunun geri çəkilməyəcəyini, işğaldan azad olunan kəndlərin,qəsəbələrin, rayonların adlarını bir-bir açıqlayırdı. Onun sevinc hissi ilə bu xəbərləri verməsi, xalqı və ordunu ruhlandırır, döyüş əzmini yüksəldirdi. Bütün xarici təhdidlərə, təzyiqlərə baxmayaraq çəkinmədən öz sözünü diktə edən liderə çevrildi. Müharibə dövründə orduya rəhbərliklə yanaşı, informasiya müharibəsində də komandanlıq öz sözünü dedi. Nəhayət, böyük itkilərə məruz qalan Ermənistan məcbur olaraq, kapitulyasiya aktına imza atdı. Bütün bu hazırlıq işləri strateji planlaşdırma və vahid komandanlığın vəhdətindən irəli gəlir".

Azadlıq mübarizəsi qansız, qadasız ötüşmür təbii. Vətənin dar günündə fədai oğullar doğma torpaq uğrunda canından, qanından belə keçərək Vətən torpağının müdafiəsinə qatılırlar. Məhmət Əmin Yurdaqul "Ya şəhid ol, ya qazi" deyərək başqa yolun olmadığını qeyd edir. Otuz ilə yaxın idi ki, tarixi torpaqlarımız yağı tapdağında inləyirdi. Atı, qılınc-qalxanı və yapıncası ilə dünya düzənini dəyişən, at belində vuruşaraq cild-cild kitablara sığmayan səhifələri zəfərlərlə dolu tarix yazan Türk oğlu Türk Vətənin cənnət parçasının düşmənin murdar çəkmələri altında qalmasına uzun müddət dözümlülük nümayiş etdirə bilməzdi. Odur ki, ötən il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı - Vətən müharibəsində oğullar səf-səf olaraq düşmənə nifrət hissinə köklənərək könüllü olaraq,  göz qırpmadan ön cəbhəyə yollandılar. Vətən uğrunda azadlıq müharibəsinə qoşulanlardan biri də əsgər Şıxməmmədov Hikmət Azər oğlu oldu. Şixməmmədov Hikmət Azər oğlu 6 dekabr 1995 -ci ildə Ağstafa rayonunun  Dağkəsəmənli kəndində anadan olmuşdu. İqtisadiyyat Universitetində ali təhsil almışdı. Qismən səfərbərlik elan olunan vaxt Vətən müharibəsinə qatılmaq üçün könüllü olaraq səfərbərlik xidmətində qeydiyyat keçərək  ön cəbhəyə yollanır, cəbhənin ən qaynar nöqtələrində xidməti fəaliyyətini davam etdirir. Azadlıq müharibəsinin gedişində Şuşa ətrafı döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Allah rəhmət eləsin. Əsgər Şıxməmmədov Hikmət Azər oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasıuğrunda döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamıyla "Vətən uğrunda", eləcə də, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Ptezidenti, Silahı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli növbəti Sərəncamıyla "Cəsur döyüşçü" medalları ilə (ölümündən sonra) təltif edilmişdir. Şəhid Şixməmmədov Hikmət Azər oğlu müharibənin başlanmasına üç gün qalmış ailə həyatı qurmuşdu. Həyatın nə qədər amansız, acı qanunları var imiş. Həyat yoldaşı Vəliyeva Aişən Famil qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. Bu ilin sentyabrında 54 balla Yardımlı rayonunun Dəlləkli kənd ümumi orta məktəbinə tarix müəllimi təyin olunmuşdur.Hazırda Dəlləkli kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətdədir. Şəhid ailəsi olaraq Yardımlı rayon Təhsil Şöbəsinin, məktəb rəhbərliyinin və Dəlləkli kənd camaatının diqqət və qayğısı ilə əhatələnmişdir.

Vətən müharibəsində əsil qəhrəmanlıq göstərən gənclərimizdən biri də Şəhid Sadiq Feyziyevdir. Feyzli Sadiq Tahir oğlu 01-09-1993-cü ildə Yardımlı rayon  Zevin kəndində anadan olub, 2000-ci ildə həmin məktəbin  1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbin 11sinfini  bitirib və Bakı hərbi tibb texnikomuna qəbul  olunub. 2013-cü ildə texnikomu bitirib Müdafiə Nazirinin  Sərancamı ilə Tərtərdə yerləşən N saylı H/hissədə işə başlayıb. 2016-ci il aprel döyüşlərində iştirak edərkən  yaralanıb. Göstərdiyi şücaətə görə korpus komandiri  tərəfindən fəxri fərman və ordenlə təltif edilib. 18-11-2020-ci  ildə ikinci Qarabağ müharibəsində döyüşərkən şəhid olub. Doğulduğu Zevin kəndində dəfn edilib. Şəhidin atası Feyziyev Tahir deyir ki, Sadiq evin kiçik övladı idi, çox mehriban bir uşaq idi: "Mən onu çox istədiyimdən övladına öz adımı vermişəm". Anası Şükürova Gültamam bildirib ki,  Sadiq evimizin yanan bir çırağı idi: "Həmişə bu sözü deyərdi: ana, səni aparıb özümlə saxlayacam. Sadiqin bu sözü ölüncə məni yandıracaq. Niyə Sadiq verdiyi sözə əməl edə bilmədi". Həyat yoldaşı Nüşabə xanım deyir ki, Sadiq gözəl bir ailə başçısı idi: "Bu 3 il ərzində aramızda heç bir söz söhbət olmamışdı. Çünki biz öz sevgimizlə ailə qurmuşduq, amma vəfasız dünya bizi bir-birimizə yaman çox gördü. Allahdan Sadiqə rəhmət diləyirəm, məkanı cənnət olsun". Söhbətə qoşulan ilk müəllimi Əzizağa Qarayev deyir ki, 2000-ci ilin sentiyabr ayında məktəbə gələn birinci sinifin qəbulunu mənə tapşırmışdılar: "Uşaqlarla yanaşı cılız bir oğlan sinifə daxil oldu. Mən onun yaxşı oxuyacağına ümid etmədim. Şəraitimizə görə apardığım sual cavablara dolğun cavabları məni qane etdi. Sonralar onu dərslərə verdiyi cavablar məni heyran etdi. Onun Vətənə məhəbbəti uşaqlığdan bəlli idi. "Həmişə hazıram" ,"Çalğıçı Yanko" və başqa hekayələri keçərkən tez-tez suallar verir, vətən keşiyində duranlara heyran olduğunu bildirirdi. Sadiq sinifdə tapışırılan bütün işlərdə fəaliyət göstərirdi. Bəs buna görə ki, onun Vətənə məhəbbəti bu gün açıq aydın özünü biruzə verdi. Biz Sadiqin timsalında bütün şəhidlərin qarşısında baş əyib, onlara Allahdan rəhmət diləyirik. Şəhidlərimizlə fəxr edirik!!!" Şəhidin dostu Aqil Fətullayev qeyd edib ki, onların uşaqlığı bir yerdə keçib: "Biz Sadiqlə uşaqlıqdan bir yerdə böyümüşük. O, çox dürüst və mərd biri idi. Bizim həm məktəb, həm hazırlıq dövrümüz də birlikdə keçib. Sadiq istədiyi kimi hərbi felderş ixtisasına daxil olduqdan sonra bir birimizi tez tez görməsəkdə daim əlaqə saxlayırdıq". Sadiq igid, qorxmaz, mərd biri olmaqla yanaşı, həm də yoldaşları arasında daim ruh yüksəkliyi yaradır, yoldaşlarını döyüşə ruhlandırırdı" bu məluumatı döyüş yoldaşları vermişdi. Göründüyü kimi Vətən müharibəsində hər bir Azərbaycan gənci canını fəda etməyə hazır olub. Bu isə deməyə əsas verir ki, Azərbaycan əsgəri vətənpərvərlik  nümunəsidir.

Alim Hüseynli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31