Gömrükdə xeyli miqdarda aksiz markasız siqaretlər aşkar edildi
11 Mart 2021 14:36 SosialDövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıb. Bu barədə Komitədən "Olaylar"a verilən məlumatda bildirilib. Qeyd edilib ki, daxil olan məlumat əsasında Astara şəhəri ərazisində siqaretlərin "Renault Megane" markalı minik avtomobilinə yüklənərək daşındığı müəyyən edilib. Keçirilən əməliyyat tədbiri zamanı "Renault Megane" markalı avtomobilin sürücüsü sorğu-sual olunub və avtomobilə gömrük baxışı keçirilməsi məqsədi ilə "Astara" gömrük postunun inzibati ərazisinə gətirilib. Yoxlama zamanı avtomobildə 2 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan müxtəlif adda 1 440 ədəd siqaret aşkarlanıb.