AYAQ BASDIĞI VƏTƏN TORPAĞI ÜRƏYİNİN BAŞINDAN KEÇƏN İGİD

Dünyaya qara qaşlı, qara gözlü, qara telli bir oğlan uşağı gəlişi ilə hamını sevindirmişdi. Adını Ceyhun qoymuşdular. Ceyhun hələ bilmirdi ki, gərdişindən qalmayan dünya onsuz qalacaqdı. Hələ bilmirdi ki, gəlişindən xəbərsiz olan dünya gedişindən çox narahat olacaqdı.

Yenə bir şəhid taleyini qələmə alıram, ürək ağrısı və qürurla. Müharibə bizə bu iki məfhumu bir yerdə görməyə də alışdırdı. Elimin, obamın igid oğlu Əyyubov Ceyhun Savalan oğlunun yarımcıq qalan  arzularından söhbət açan anası Arzu xanım danışdıqca Nüsrət Kəsəmənlinin bu beytini xatırlayıram:

Yaman dolub bu bulud,

Yağacaqdı indicə.

Qəzəbi şimşək olub,

Çaxacaqdı indicə,

Dünyanı su içində,

Boğacaqdı indicə.  

Xeyli göz yaşına hakim ola bilmir. Elə hey öz cəngavərindən söhbət açır. Ceyhun 1992- ci ilin avqust ayının 16-da Yevlaxda dünyaya göz açıb. Şəhərin 4 nömrəli tam orta məktəbin IX-cu sinifini bitirən kimi Cəmşid Naxçivanski adına hərbi litseyə qəbul olub. Ananın etirazları fayda verməyib. Axı, Ana babasının hərbici olması, atasının I Qarabağ müharibəsinin qazisi olması Ceyhunda elə bir vətənpərvərlik ruhu oyatmışdı ki, ona qarşı durmaq çətin idi. 3 il hərbi litseydə təhsil aldıqdan sonra, Heydər Əliyev adına Ali hərbi  məktəbə daxil olub.

4 illik təhsilini 2014-cü ildə tamamlayaraq, təyinatla 1 il də Heydər Əliyev adına Ali hərbi məktəbdə Təlim Tədris Mərkəzində dinləyici zabit olub. 2015-ci  ildə  leytenant rütbəsi alıb. Göndərişlə Daşkəsənin Xoşbulaq kəndində zabit kimi  faliyyətə başlayıb. 4 ay tağım komadiri kimi calışıb və 2015-ci ildə ermənilərə daha yaxın olan posta göndərilir. Bir müddət Murov ətrafında faliyyət göstərir. 2016-cı il oktyabr ayının 27-də Tovuz rayonunun "N" saylı  hərbi  hissəsində tağım klmandiri kimi çalışıb. Baş leytenant rütbəsinə yüksəlib. 2020-ci ilin yanvar ayında Bakıya 1 aylıq ixtisas kursuna təcrübə toplomağa gedib.

İndi dərdlərinə göz yaşları yar olan anası Arzu xanım sevinə-sevinə bu 1 ayda oğlunun yanında olur, lap balaca körpə kimi qulluğunda durur. Kursu başa vurduqdan sonra Ceyhun bu dəfə bölük komandiri kimi Daşkəsənə  qayıdır.

Bu həmin dövrə təsadüf edirdi ki, ermənilər daha riyakar olmuşdular, sərhədlərimizi ciddi cəhtlə pozmağa çalışırdılar. Bu təxribatlar zamanı şəxsən tanış olduğu Vətənimizin igid oğlu Polad Həşimovun şəhadətə yüksəlməsi Ceyhunu bərk sarsıtdı. Bəlkə elə bu səbəbdən qəhrəman generalın ölmünü heç cür qəbul edə bilmirdi. Elə həmin gün döyüşçü yoldaşlarına dedi: Bu qan yerdə qala bilməz. Onlara bir də onu deyirdi ki, allah adama düşmən verəndə də qeyrətlisindən versin. Bu isə alçaq ermənilərdə yoxdu.

Vətənin şəhid qoxulu torpaqlarını işğaldan azad etmək ücün döyüşürdü igidimiz. Amma müharibədə vuruşduğunu sonna qədər əzizlərindən gizlətdi. Döyüş yoldaşları danışırlar ki, müharibənin ilk günləri hər birimiz həyəcanlı idik. Qəribədir, Ceyhunda heç qorxu hissi yox idi. düşmənə nifrətdən alışıb yanırdı. 

Bəli, Ceyhun Savalan oğlu döyüşlərdə olurdu, yuxusuz qalırdı, saatlarla ayaq üstə dururdu. Bunlar onu nə yormur, nə də usandırmırdı. Uğrunda döyüşdüyü torpaqların hər qarışına tökülmüş şəhid qanının töküləmsinə son qoymaq üçün ölkə başçısının təbirincə desək "Aslan kimi döyüşürdü".

Döyüş meydanları yaşadığımız adi həyatdan tamamilə fərqlidir. Burada həyacan da, sevinc də, kədər də bir nəfərin və hərkəsindir. Bəlkə elə ona görə bu çinar boylu igidlər belə qorxusuz idilər. Nahaq deyilməyib ki, biz birlikdə güclüyük.

Çox sevdiyi Ali Başk Komandanın dediyi: "Mən demişəm ki ermənilər öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasa, biz onları iti qovan kimi qovacıyıq və qovuruq" sözləri ona yaman ləzzət eləmişdi. Şəhidliyin onun alın yazısı olduğunu  da duymuşdu. Qolunu açaraq, MTO-nun rəisinə, öz komandirinə, gülə-gülə demişdi:- Şəhidlə görüşmək istəmirsiniz?

Döyüşürdü, həm də yaxındakı yaralıları da çıxarırdış döyüş  meydanından. Özü yaralansa da, neçə yaralını xilas etdi. Kəlbəcər istiqamətində gedən qızğın döyüşlərdə düşmən snayperi ilə vurulur. Şəhid olduğu posta yoldaşları onun adını verirlər.

"Vətən ugrunda". "İgidliyə  görə", "Kəlbəcərin  azad olunsası  uğrunda"

medalları ilə təltif ounan Ceyhunumuz bu gün ən uca zirvədən, şəhidlik zirvəsindən gülümsəyərək  baxır bizlərə.

Atası Əyyubov Savalan Rəşid oğlu I-ci Qarabag müharibəsi zamanı  Murovda döyüşüb. 1993-cü ildə ayaqlarını güclü don vurub. Əmək qabiliyyətini itirib.

Anası Arzu xanım evdar qadındır. Ailənin 3 övladı olub. Böyük oğlu Mirkazım Hərbi Akademiyanı  qurtarıb. Hərbici olub.

Ceyhun ailənin 2-ci övladıdır. Bacısı Xanım  ailəlidir. Çox qayğıkeş olub. Atasına ata olmağı bacarıb, bacısına qeyrətli bir qardaş olub Ceyhun. Daim anasının qayğısını çəkib. Elə buna görə də Arzu xanım yanır tüstü-tüstü, alov-alov. Hər dəfə Ceyhunun qəbri üstə gedəndə soyuq daşı igidini qucaqlayırmış kimi bağrına basır. Deyir, ruhu sağdır, Ceyhunun. Cünki Vətən, torpaq azaddır. 

Şəhidin ailəsindəyəm. Yenə xeyli söhbətləşirik. Mövlanənin bu fikrini ucadan deyirəm. "Sanma ki, dərd sadəcə səndə var. Səndəki dərdi nemət sayanlar da var". Heçnə demir, sadəcə, qəmli-qəmli gülümsəyir. BDU-nun hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın yenicə oxuduğum statusu necə doğrudur. "Şəhidlərin qoyub getməyə məcbur olduqları yarımçıq talelər fikirlərimi alt-üst edir. Burda nəsə yazmaq, sən şəhid xanımısan, sən şəhid anasısan, başını dik tut demək çox asandır. Axı, onlar ciyərparələrini, çinar boylu igidlərini bir daha görməyəcəklər. Qeyri-müəyyən gələcək, gücləri çatmayacaq məqamlarla rastlaşan bu insanlara axı necə, hər şey yaxşı olacaq, başını dik tut demək olar?"    

Elə bil nə fikirləşdiyimi bilir Arzu xanım. -Son dəfə 26 iyun Silahlı Qüvvələrin yaradılması günü görmüşəm balamı. Getmişdik Daşkəsənə yanına. Yadda qalan, gözəl bir gün keçirdik birlikdə. Nə biləydim ki, bu bizim son görüşümüzdür. Bilsəydim sinəmi yarıb balamı orada gizlədərdim ki, fələk bizdən uzaq dursun. Eh, indi yuxumun qapısını açıq saxlamışam ki, səni görüm, Ceyhun...

Arzu xanım qardaşı qızının - 2 saylı tam orta məktəbin IX-cu sinif şagirdi Familənin oğluna həsr etdiyi şerini söyləyir: 

Sənə halal oldu vətən  çörəyi

Çoxu götürəcək səndən örnəyi

Bilmizdim şəhidlik arzun çin olar

İdid uşaqlıqdan igid doğular!

Yerin behişt, məkanın cənnət olsun igid!

Deyirlər, zaman bütün dərdlərin dərmanıdır. Lakin elə dərd var ki, illər ötsə də, tam sağalmır. Və elə bu dərdlə, bu ağrı ilə həyatına davam etməyi öyrənir artıq... Arzu xanım da Ceyhunsuz yaşamağın ağırlığına dözməyə çalışır. Axı, oğlu bu Vətən üçün canını fəda edib. Elə təkcə buna görə yaşamağa dəyər.                                              

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31