"Hər kəs qarşı cinsi anlayacaq qədər onu oxumağı bacarmalıdır"
11 Mart 2021 11:50 SosialSon illər feminizm sözünü daha çox eşitməyə başlamışıq. Buna səbəb də axır vaxtlar qadınlara qarşı zorakılıq hallarının və ya qadın cinayətlərinin sayının durmadan artmasıdır. Qadına bir tərəfdən baxsan gözünə bir ana, digər tərəfdən baxdıqda isə bir qız görünər. Qadın zərifdir, qadın anadır. Qadınlara bir tərəfdən şeirlər, hekayələr, əfsanələr həsr olunur, digər tərəfdən də qadın əzilir və ya öldürülür. Bütün bunlar bizim gözümüzün qarşısında baş verir.
8 Mart bütün dünyada qadınlar günü kimi qeyd olunur. Kimiləri əlinə çiçək alıb qadını sevindirir, kimiləri əzilmiş və ya öldürülmüş qadınlar üçün meydanlara yığılır. Bu, bütün dünyada belədir. Qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması özünü feminizm cərəyanında göstərir. Feminizm "qadın azadlığına" əsaslanır. Feminizm gender ilə əlaqəli amilləri araşdırır və təhlil edir. Məqsəd gender bərabərsizliyini aradan qaldırmaq, ümumi qadın problemlərini araşdırmaq və həll etməkdir.
Feminizm haqqında ətraflı cavab almaq üçün psioloq Gülər Məmmədovaya suallarımızı ünvanladıq.

-Feminizm əslində nədir?
- Feminizm adından da göründüyü kimi "femina" qadın deməkdir. Feminizm qadınlara cəmiyyət tərəfindən verilən dəyərləndirmədə ədalətsizliyin olmasının qəbul edilməməsindən dolayı meydana çıxmışdır. Bu cərəyan cəmiyyətin qadınlara baxışı, qadınların zorakılığa məruz qalması, qadınların cəmiyyətdə müəyyən mənada sıxışdırılması səbəbindən meydana gəlib. Burada kişi - qadın münasibətlərində bəzi rasional nəzarət modeli fərqlənir. Feminizmin əsas xüsusiyyəti odur ki, qadın və kişi eyni hüquqa malikdir. Ona görə də femizinmin məqsədi qadın mənəviyyatında susqunluğun, cəsarəsizliyin, zorakılığa məruz qalaraq göz yummağın və bu kimi meyarların aradan çıxarılmasıdır.
-Bu gün feministlər feminizm anlayışını insanlara düzgün aşılaya bilirmi?
- Feministlər bir neçə istiqamətə - anarxo feminizmlər, humanist feminizmlər kimi istiqamətlərə bölündüyünə görə, bəzi insanların da yanaşması feminizm cərəyanının ötürmə istiqamətində fərqlilik təşkil edir. Bu fərqliliklə də onların təbliğatı fərqli olur. Buna görə də müəyyən həyat bilgisinə sahib olmayan, güclü zehni fəaliyyəti olmayan bəzi qızlar bu anlayışa fərqli yanaşırlar. Femizinizm düzgün təbliğ olunmadığına görə,qəbullanma da düzgün olmur. Təsəvvür edin ki, informasiya ötürüldükcə deyək ki, səs tonu, nöqtə, vergül düzgün qoyulmayanda öyrənən tərəf yanlış informasiyaya sahiblənir və yanlış davranışlara yol verir. Ona görə də feminizm anlayışı düzgün aşılanmalıdır.
Müsahibim feminizmə qədərki mərhələdən danışır. Onun sözlərinə görə, kişi və qadın bir-birini anlaya biləcək qədər qarşısındakını oxumalıdır.
- Hər kəsin həyatda özünəməxsus zehni fəaliyyəti var. Bir qadın olaraq qeyd etmək istəyirəm ki, həyatda öz mövqeyini tutmaq üçün mübarizə aparmalısan. Təbii ki, bioloji olaraq bizim qarşımıza qoyulan təbiətdən qaynaqlanan müəyyən xüsusiyyətlər var ki, qadınlar nəyisə sezir, nəyisə görür və ya bütünlüklə götürsək beyin sahəmizdə kütləvi fərqliliklər mövcuddur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, kişi özünü kişi olaraq, qadın özünü qadın olaraq qəbullanmalıdır. Yəni mütləq qadınlar, ya da kişilər cəmiyyəti idarə eləsin deyə bir tələb yoxdur. Hər kəs öz hüquqları çərçivəsində özünü bir şəxsiyyət olaraq qəbullanmalı, dəyərləndirməli və sevməlidir. Hər iki cins həyatda gördüyü təcrübədən əlavə olaraq həyatı düzgün qavrama prinsipinə sahiblənməlidir. Çünki bunu həyatın fəlsəfəsi tələb edir. Hər kəs qarşı cinsi anlayacaq qədər onu oxumağı bacarmalıdır.

- Hər iki cins bir- birinin psixofizilogiyasını dərk etməlidir. Bu zaman insanların sosiallaşma anlamında bir- birinə olan tələbatları bu qədər böyüməz. Yəni zorakılığa məruz qalan qadınların psixologiyası , ümumiyyətlə, zorakılıq edən kişilərin psixologiyası normal şəkildə ayırd edilsə, feminizm kimi təşkilatlar da olmaz. Amma bu reallıqdır, bu təşkilatlar həmişə olub və danılmaz həqiqətdir.
Feminist olmaq kişilərə nifrət etmək demək deyil, bu cərəyan ədalət axtarır. Və ya qadınların öldürülməsinin, onların zorakılığa məruz qalmasının qarşısını almaq üçün fəaliyyət göstərir. Mövzumuzu sonda Nəriman Həsənzadənin bu sözləri ilə bitirmək yerinə düşərdi:
Yalnız bir qadının təbəssümüylə
Yüz ağlayan olsa,kiritmək olur
Gülər Seymurqızı