Peyvənd vurduran partiya sədri niyə koronavirusa yoluxdu? – İnfeksionist izah edir
10 Mart 2021 15:55 SosialVaksinasiyadan sonra koronavirusa yoluxma halının qeydə alınması insanlarda narahatlıq yaradır. Ölkəmizdə də belə hal qeydə alınıb. Belə ki, fevral ayının sonlarına doğru koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sözügedən xəstəliyə tutulub.
Bu isə toplumda sual yaradır: "Vaksinasiyanın xeyri yoxdurmu?".
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov narahatlığa əsas olmadığını və yoluxmanın normal olduğunu bildirib:
"Bədəndə immun sisteminin formalaşması insandan aslıdır. Vaksinasiyadan minimum iki həftə sonra insanda immun sistemi yaranır. Peyvənd vurduran şəxs də koronavirusa yoluxa bilər, bu normal haldır. Lakin həmin şəxslər xəstəliyi ağır keçirmir, bu birmənalıdır.
Qeyd edim ki, vaksinasiyadan sonra yoluxan və ikinci xəstəliyi olan şəxslər də xəstəliyi yüngül keçirir. Bu səbəbdən peyvənd olub xəstəliyə yoluxan şəxslər narahat olmasınlar. Xəstəlik onlarda özünü biruzə verməyəcək ya da çox yüngül simptomlarla ötüb keçəcək". sfera